Əsl faşist kimdir? Hitler, yoxsa Mussolini?
Əsl faşist kimdir? Hitler, yoxsa Mussolini?
2018-ci ilin Avropası çox qarışıq idi. Amma dünya əvvəllər də bu cür axınlara məruz qalmışdı. Və bu axınların ilk addımını təxminən 100 il əvvəl təkcə bir nəfər atdı.
İtaliyanın Baş naziri Benito Mussolini...
Mussolini əsl təlxək kimi Hitlerin kölgəsində ölkəsini idarə edən zülmkar olaraq qəbul edilmişdi. Əslində isə o, heç kimin şagirdi deyildi. İllərdir Mussoliniyə bildiyi hər şeyi Hitlerin öyrətdiyini düşünürdük. Amma həqiqətlər bunun tamamilə əksidir.
Qitəni qaranlığa qərq edən Mussolini faşizmi
Mussolini hakimlərin quyusunu qazmaqdan uşaqların beynini yumağa kimi bir çox diktatorun iqtidarı ələ keçirmək üçün istifadə etdiyi taktikaların qabaqcılı idi.
Mussolini digər diktatorlar kimi gələcəkdə kim olacağını uşaq yaşlarından hiss etdirirdi. Şiddəti sevdiyi və sinif yoldaşlarından birini qayçı ilə ciddi yaraladığı haqqında hekayələr var. 11 yaşında başqa bir sinif yoldaşını bıçaqladığı üçün məktəbdən qovulub. Və bu, onun dəfələrlə təkrarladığı belə hadisə idi.
Mussolininin qəzəbinin əsas səbəbi ölkəsinin mürtəce təbiətli olmağı idi. Yeni əsrin başlamağına baxmayaraq, İtaliyadakı insanların böyük əksəriyyəti hələ də feodalizmin qanunları ilə yaşayırdı. Əhalinin çoxu kasıb idi. Həmyerliləri yavaş-yavaş daha yaxşı şəraitdə yaşamaq üçün ölkədən qaçmağa başlayanda Mussolini öz üzərində işləyərək, həyat standartlarını yüksəltməyi əsas hədəf seçmişdi. Amma bunu necə edəcəyini özü də bilmirdi.
Şiddət və təxribat tərəfdarı olduğu üçün tez-tez qanunlarla, hakimlərlə üzləşməli olurdu. İsveçrəyə köçdükdən sonra 1903-cü ilin iyul ayında inqilab başlatmaq ittihamı ilə həbs edilir və İtaliyaya təhvil verilir.
Mussolini sadəcə qanunları vecinə almayan müxalif gənc deyildi. İstedadlı yazıları sayəsində dilin cəmiyyəti necə formalaşdırdığının fərqinə də varmışdı. Zamanla sosial jurnalist imzalı yazıları ilə tanınmağa başlamışdı. İnsanların qorxuları və xəyalları ilə necə oynamalı olduğunu dəqiq bilirdi.
Çalışdığı qəzetlərin tirajı artdıqca sosializm fikirləri zəifləməyə başlayırdı. Mussolini bunu hiss edəndə yeni bir axının qapısından içəri girir. Özlərinə futurist deyirdilər. Bu fikirlər Mussoliniyə faşizmin toxumlarını verəcəkdi.
Futurizm 1909-cu ildə bir qrup italyan musiqiçi tərəfindən qurulan bədii, mədəni və intellektual axın idi. Futuristlər üçün bir neçə vacib qayda var idi: macəra, şiddət və müharibə. Manifestolarının əsas cümləsi isə “Müharibə dünyanın gigiyenasıdır” idi.
1914-cü ilin avqustu
Futuristlər xoşbəxt idilər. Çünki Birinci Dünya müharibəsinin qətliamları başlamışdı. Bütün İtaliya Mussolinin çağırışı ilə müharibəyə qoşulmağa hazırlaşırdı. Sadəcə sosialistlər müharibənin əleyhinə idilər. Hər iki tərəfdə də işçi sinfinin savaşacağından əmin olduqları üçün Mussolinini də partiyadan qovdular. Bu, gənc inqilabçı üçün diktatorluq yolundakı önəmli addım idi.
Sonradan faşist qəzeti olacaq Il Popolo d'Italianı quran Mussolini qəzetin hər səhifəsindən müharibə yandaşlığı üçün istifadə edirdi.
İtaliya 1915-ci ildə Rusiya, İngiltərə və Fransanın tərəfində müharibəyə qoşuldu. Mussolini nəhayət ki, müharibə haqqında yazmaqdan daha artığını edərək, şəxsən müharibəyə qatıldı. Savaş meydanlarında millətçi ruhun gücünə şahid oldu, insanları inqilaba necə cəlb edəcəyini öyrəndi. Artıq millətçiliyin inqilaba istiqamət verə biləcəyindən əmin idi.
1917-ci ilin fevralı
Mussolini yaralandığı üçün Milana qayıdır. Burada futuristlərin müharibə eşqini səngərlərdə təcrübədən keçirdiyi millətçiliklə birləşdirən yeni siyasi ideologiya yaradır. Adını isə faşizm qoyur.
Faşizm bütün dünyanın gördüyü yeni siyasi sistem idi. Faşistlər hərbi gücü, ölkəyə həddindən artıq bağlı olmağı və İtaliya əhalisinin üstünlüyünü qeyd edirdi. Üstəgəl, sistem bir cümlənin üzərində inşa edilmişdi: “Antik Romanın şöhrəti İtaliyanı yenidən ağuşuna alacaq”.
Mussolini Roma İmperiyasından bəri digər xalqların italyanları zəif gördüyünü, onların spagetti yeyən və mandolina çalan millətdən başqa bir şey olmadığını düşünərək, tez-tez xalqının döyüşçü kimi qalacağını dilə gətirirdi.
Üsyankar Mussolini çıxışları və qəzeti vasitəsilə yeni ideologiyanı nəhayət ki, 35 yaşında yaymağa başlayır. Milanda və ölkənin şimalındakı digər bölgələrdə əsl inanclılardan ibarət “qara köynəklilər” adlı qrup yaradır. Bir müddət sonra bu dəstəni daha da böyüdərək əsl ordu qurmağı hədəfləmişdi. Bunun üçün isə diktatorluğun ən vacib elementi olan “düşmən yaratmaq” yolunu seçir.
Mussolininin ideal düşməni tapmaq üçün uzağa getməyə ehtiyacı yox idi. 1917-ci ilin oktyabrında Vladimir Leninin kommunist inqilabı dünyanın hər yerində hiss edilən siyasi zəlzələ yaratmışdı. Çox insanın düşüncəsinə görə bu, kapitalizmin, şəxsi əmlakın və tanrının sonu idi.
Müharibənin bitməsi ilə işsizlik və aclıq var gücü ilə İtaliyaya yayılmağa başladı. Rusiya inqilabından dərhal sonra kommunist partiyası quruldu. Sosialist partiya böyüyürdü, işçilər etiraz edirdi və vətəndaş müharibəsi güclənirdi. 1920-ci ildə 2 milyondan çox italiyalı işçi 2000-dən çox üsyana qoşulmuşdu. Fabriklər bağlanır, istehsal dayanırdı. Demokratiya ilə hakimiyyətə gələn iqtidar baş verənlərin öhdəsindən gələ bilməyəcəkdi. İtaliya inqilabın eşiyində idi.
“Hər şey məhv olur, amma mən bu gedişatı dayandıracağam”
Diktatorların bacardığı ən gözəl işlərdən biri hadisələri xalqa faciəvi formada çatdırmaq idi. Siyasətçilərin xalqın gözü qarşısında “hamımız acından öləcəyik” deməyi səfeh düşüncə kimi görünə bilər. Lakin diktatorlar üçün bu, əsl taktika idi. Və Mussolini bu metodlardan professional şəkildə istifadə edən ilk diktator idi.
Mussolini kommunizmi psixoloji baxımdan anormal vəziyyət kimi təqdim edirdi. Xalq qarşısındakı çıxışları zamanı Şərqdən xəstə siçanların gəldiyini deyirdi. Onun bu xəbərdarlıqları nəticəsində müttəffiqlərdə faşizmə qarşı maraq oyanırdı. Zəngin şəxslərin maddi kömək təkliflərinin ardı-arası kəsilmirdi.
Diktatorlar müxaliflərin üsyanlarının qarşısını almaq üçün birbaşa təhdid yağdırırlar. Lakin Mussolini tamamilə fərqli taktika ilə çıxış edirdi. Dövlətin hədəfə çatmaq üçün nəticəsindən asılı olmayaraq şiddətə əl atacağını açıq-aşkar bildirmişdi.
Beləliklə, günbəgün böyüyən faşist ordusu ictimaiyyətin görəcəyi formada kommunistlərə qarşı hücuma keçir. Sosialist liderlər döyülür və ya öldürülürdü. Faşist hücumları travmatik nəticələrə gətirib çıxarırdı. Çünki insanların evləri yandırılır, küçədə hücuma məruz qalırdılar, qəsəbə və şəhərlərdəki binalar yerlə yeksan edilirdi.
Bütün üsyanların dayandırıldığı ərəfədə Mussolini ölkədəki sakitliyi faşistlərin bərpa etdiyini iddia etməyə başladı. Növbəti addımı faşist partiyası qurub, seçkilərdə namizədliyini irəli sürmək olacaqdı. Onun yaratdığı ziddiyyətlərdən ən başlıcası da bu idi. Lap əvvəldən inqilabi prosesləri dəstəkləyirdi, lakin yeri gələndə güzəştə gedib, sistemin içərisində də hərəkət edə bilirdi.
1921-ci il, 15 may
Mussolini və bəzi faşistlər seçki yolu ilə parlamentə girdi. Artıq faşizm ideologiya yox, siyasi qüvvə idi. Amma Mussolini demokratiyanın qanunlarına uyğun hərəkət etməyəcəkdi.
Seçkilərdən sadəcə 18 ay sonra Mussolini və faşistlərdən ibarət ən önəmli qrup İtaliyanın demokratiyasını daxildən dağıtmaq üçün plan qurdu. Bu isə birbaşa şiddətlə bağlı idi.
1922-ci il, oktyabr
30 000 qara köynəkli qatar stansiyaları və dövlət binalarını ələ keçirərək, Romaya tərəf yürüşə başladılar. Mussolini Baş nazir seçilmək üçün Kral Emmanuelə tələblər yağdırırdı. Rədd edəcəyi təqdirdə isə paytaxta girərək, iqtidarı ələ keçirəcəyi ilə onu hədələyirdi. Ölkədə demokratiya olsa da, kralın Baş nazir seçmək hüququ var idi.
Mussolini təhlükəli oyunlar oynayırdı. Kral həm də ordunun və milli polis qüvvələrinin komandiri idi. Yəni bir əmri ilə kral ordusu Mussolini və komandasını əzib yox edə bilərdi. Lakin kral vətəndaş müharibəsindən qorxurdu. Sosialist etirazlarından da ehtiyat etdiyi üçün nəhayət ki, Mussolinini Baş nazir postu ilə mükafatlandırır.
İnsanlar və dövlət rəsmiləri Mussolinin Baş nazir olandan sonra sakitləşəcəyinə, ölkənin vəziyyətini yaxşılaşdıracağına ümid edirdilər.
1924-cü il, 6 aprel – Seçki günü
Mussolinin planı belə idi: seçki otağından çıxan ilk şəxsi faşistlərə səs vermədiyi üçün döyəcəkdilər. Kimə səs verdiyinin əhəmiyyəti yox idi. Döyülən şəxs səsvermə üçün gözləyən insanlara bir növ xəbərdarlıq olacaqdı. Faşistlər şiddət, göz dağı və səsvermədəki korrupsiya ilə parlamentdəki səslərin 60%-ni ələ keçirmişdilər.
Faşistlərin növbəti qələbəsinə baxmayaraq, parlamentdə hələ də qızğın rəqabət davam edirdi. Qabaqcıl siyasətçilərdən olan Cakomo Matteotti seçki nəticələrinin ləğv edilməsini tələb edirdi. Matteottinin seçkinin şiddət və faşist oyunları ilə nəticələndiyini dediyi cəsarətli nitqlərini Mussolini təhqir kimi qəbul edirdi.
Problem bu dəfə də şiddətlə həll ediləcəkdi. Matteottinin cəsurluğu silahlı faşistlər tərəfindən qaçırılması ilə nəticələndi. Və onu bir daha heç kim görmədi. Cəsədi iki ay sonra Romadan uzaqdakı bir kanalda tapıldı. Heç bir dəlil olmamasına baxmayaraq, bir çox insan bu cinayətdə Mussolininin əli olduğundan əmin idi.
Bu hadisə Mussolininin xalqın gözündəki inamını zədələmişdi. Ona görə Baş nazir cəld hərəkətə keçməli idi. Mussolini cinayətdə əli olduğunu inkar etmək yerinə daha fərqli addım atır və deyir: “Baş verənlərin siyasi və əxlaqi məsuliyyətini sadəcə mən öhdəmə götürəcəyəm”. Bu, Mussolininin qanunlardan üstün olacağına işarə edirdi.
Bütün demokratik cəmiyyətlərin əsas dayağı olan azad məhkəmə və hüquq sistemini ləğv edir. Bununla da o, açıq formada parlamentdə diktatorluğunun başladığını elan edir. Matteotti cinayətini araşdıran iki hakimin vəzifəsini əlindən alır. Cinayətdə əli olanlar üçün isə əfv qərar verir. Matteottinin qatilləri artıq azadlıqda idi.
Mussolini növbəti iki ildə İtaliyadakı digər demokratik qurumları da sistemli şəkildə yox etdi. Mediadakı senzura artdı, bütün mənfi xəbərlər qadağan edildi. Rejimi qəbul etməyən qəzet redaksiyaları faşistlərin hücumuna məruz qalırdı.
1929-cu il
Faşizmin doğuşundan təxminən 10 il sonra İtaliya demək olar ki, Mussolinin nəzarəti altına keçmişdi. Bu dəfəki hədəfi isə növbəti italyan nəslinin sədaqətini təmin etmək idi.
Beynin yuyulması (təlqin) deyilən bu proses insanların hər şeydən təsirlənəcəyi yaşlarda başlayırdı. Bu halda insanlar başqa yollarının, alternativ seçimlərinin olmadığına və cəmiyyətin ehtiyacını təmin edəcək yeganə iqtidarın bu olduğuna inanırlar.
Məktəblərə faşizmi təbliğ edən kitablar paylanırdı. Dəftərlərin üz qabığında belə iqtidarın reklamı üçün fürsət var idi. Mussolinin şüarları və şəkilləri binalarda və kitablarda əks olunurdu. Faşizmin 10 əmrindən biri belə idi: “Mussolini hər zaman haqlıdır”.
Mussolinin hərəkətləri və nitqləri getdikcə daha çox yayılırdı. Xüsusilə bir nəfər sürətlə iqtidarı ələ keçirən bu şəxsi diqqətlə izləmişdi.
1933-cü il, 30 yanvar
Adolf Hitler Almaniyada demokratik yolla seçilən hakimiyyətini Mussolini taktikaları ilə ələ keçirdi. Hitlerin qəhvəyi rəngli köynək geyinərək, nazi salamı verən ordusunun kökləri də Mussoliniyə gedib çıxırdı. İllərdir Mussoliniyə bildiyi hər şeyi Hitlerin öyrətdiyini eşidirdik. Əslində isə vəziyyət tamamilə bunun əksi idi. Hitler hakimiyyətə gələndə Mussolini artıq iqtidarının 11-ci ilində idi.
1930-cu illərin ortalarında Mussolini çıxılmaz vəziyyətlə üzləşmişdi. İqtisadiyyat çökürdü, işsizlik artırdı, məmnuniyyətsizlik daha çox yayılırdı. Yeganə çıxış yolu müharibə idi.
Mussolini İtaliya xalqı qarşısındakı çıxışı zamanı faşizmin əsl məqsədini yerinə yetirəcəklərini deyir və imperatorluq quracağına and içir. Amma 1935-ci ildə bu cür addım atmaq heç də asan deyildi. Qərb qüvvələri son 100 ildə inkişaf etməyə başlayan dünyanın böyük hissəsini müstəmləkəsinə çevirmişdi. Sadəcə bir neçə müstəqil cəmiyyət qalmışdı. Bunlardan biri İtaliyanın XIX əsrdə işğal etməyə çalışdığı Efiopiya idi. Bu taktika ilə İtaliya həm də əzilən qürurunu bərpa etmək istəyirdi.
Təxminən yarım milyon italyan əsgər Afrikaya göndərildi. 1935-ci il oktyabrın 3-də İtaliya Efiopiyanı işğal etdi. Mussolini bu döyüşə hazırlaşanda işğalın qısa müddət davam edəcəyini düşünsə də, Efiopiyada ciddi müqavimətlə qarşılaşdılar. Ona görə də Birinci Dünya müharibəsindən sonra qadağan edilən kimyəvi silaha əl atdılar. Efiopiyadakı kəndlər yandırıldı, insanların çox olduğu bölgələrə zəhərli qazlar göndərildi. Hətta Cenevrə müqaviləsinin bütün şərtlərini pozaraq, Qırmızı Xaç Komitəsinin maşınlarına da zəhərli qazlarla hücum etdilər. Bütün dünya Mussolinin metodlarını qınasa da, heç kim bu qətliamı dayandırmaq üçün addım atmadı.
1936-cı il, 5 may
7 ay davam edən çətin mübarizədən sonra Mussolini faşizmin qələbəsini elan etdi. Yeni Roma İmperatorluğunun doğuşunu qürarla hayqırdı. İmperatorluq quruldu, amma savaşın gedişatı çox ağır olmuşdu. 400 000-dən çox efiopiyalı canından oldu. 1000-ə yaxın italyan əsgər ya öldü, ya da yaralandı.
Bütün dünya Mussolininin işğalını qınasa da, diktator Adolf Hitler alqışladı. Üstəlik beynəlxaq cəmiyyətin baş verən hadisələr qarşısında susduğunu görən Hitler də imperatorluq qurmaq eşqinə düşdü.
1938-ci il martın 13-də Hitlerin ordusu əvvəlcə qonşu Avstriyanı, 12 ay sonra isə Çexoslovakiyanı müstəmləkəsinə çevirdi. Sentyabrın 1-də isə Polşanı işğal edərək, İkinci Dünya müharibəsinə start verdi.
Bu, Mussolini üçün əsl fürsət idi. Uzun müddətdir İtaliyanı Aralıq dənizinin ən güclü dövlətinə çevirmək üçün çalışırdı. Lakin generalları Mussoliniyə xəbərdarlıq edərək, ordusunun müharibəyə girəcək qədər güclü olmadığını dedi. Efiopiya işğalı zamanı xəzinə boşalmışdı, üstəlik əsgərlərin müasir silahları bir yana, düz-əməlli formaları belə yox idi.
1940-cı ilin iyun ayında Mussolini müttəfiq dövlətlərə iki cəbhəli müharibə elan etdi. Birliklər Süveyş kanalını ələ keçirmək üçün Misirə tərəf yol aldı. Ardınca Yunanıstana hücum etdilər. Lakin Yunan ordusu müqavimət göstərdi və qısa müddət sonra italyanlar müdafiəyə keçdi. Nəticə dəhşətli idi. 150 000-dən çox italyan ya öldü, ya da yaralandı.
Şimali Afrikadakı vəziyyət isə lap ağır idi. 1942-ci ilin oktyabr aynda Mussolinin bütün birlikləri yox edildi. Davamlı məğlubiyyətlə üzləşdilər. Qısa müddət ərzində İtaliyanın hərbi gücünün zəif olduğu ortaya çıxdı. Tam təchizatlı ölkələrlə müharibəyə gücü yox idi.
Ən dəhşətlisi hələ yaşanmamışdı...
1943-cü ilin 10 iyulunda müttəfiq dövlətlər İtaliyanı işğal etməyə başladı. 150 000 müttəfiq əsgəri Siciliya adasına hücum etdi. Qəribə ziddiyyət baş verirdi. Mussolini və müharibələrindən təngə gələn italyanlar əsgərləri xilaskar olaraq qəbul edirdi. 30 il ərzində ölkənin hər yerində görünən Mussolini adam arasına çıxmağa çəkinirdi. Həmin ərəfədə faşist rəsmiləri kralla görüşərək, Mussolinini taxtdan endirmək üçün plan qururdular.
Çevrilişdən xəbərsiz olan Mussolini faşist məclisi ilə görüşə dəvət edildi. Onun ölkəni idarə edib-etməməsinə dair səsvermə keçirildi və Mussolini səsvermədən məğlub çıxdı. Ordusunun gücü olmadığı üçün sui-qəsdi dayandıracaq gücü də yox idi.
Kral Mussoloniyə ev həbsi verdi, daha sonra Qran Sassodakı hərbi hospitala göndərildi. Lakin Mussolininin ən böyük müttəfiqi hələ də ona sadiq idi.
Sentyabrın 9-da müttəfiq dövlətlərin İtaliyanın əsas torpaqlarını işğal etdiyini öyrənən Hitler İtaliyaya bir neçə bölük göndərərək, Almaniyanın cənub sərhədlərini qorumağı əmr etdi. Daha sonra Hitler dağın başındakı Mussolinini xilas etmək üçün oraya da bir qrup göndərdi. Hərbi birlik gözətçiləri qəfl yaxalayaraq, bircə güllə də atmadan Mussolinini azad etdilər.
Deyilənlərə görə, bu hadisədən sonra Hitlerlə görüşən Mussolininin ilk sözləri “əmrlərimi dinləməyə gəldim” olub. Yəqin ki, bu cümlə ikisi arasındakı münasibəti açıq-aşkar ifadə edir. Şagird ustanı əzib keçmişdi və Mussolinin heç bir həmləsi qalmamışdı.
Hitler Mussolinin Almaniyanın nəzarətində olan böyk bir bölgənin hakimi elan edir. Bir dövrə imza atan diktator artıq Hitlerin oyuncağı idi. Lakin bu şagird-usta oyunu çox davam etməyəcəkdi.
Müttəfiq dövlətlər cənubdan hərəkət etdikcə və anti-faşist partizanlar şimaldakı kəndlərin nəzarətini ələ keçirdikcə oyuncaq dövlət çökməyə başladı. Mussolini və sevgilisi Klara ya qaçacaqdı, ya da yaxalanacaqdı.
Nəhayət ki, gizlicə Avstriyaya getməyə qərar verdilər.
1945-ci il 25 aprel
Alman ordusu geri çəkildi. Mussolini və Klara çarəsizcə Avstriya sərhədlərinə tərəf qaçırdılar. Anidən maşınları dayandırıldı. Avstriya əsgəri kimi geyinsə də, İtaliyanın ən məşhur siması diqqət çəkəcəkdi. Partizanlar onu tanıdı və qaçaqlar üçün növbətçi məhkəmə salonu qururlar. Mussolini vətən xaini kimi günahlandırıldı və edam cəzasına məhkum edildi.
Cəsədi Milana aparıldı və qəzəbli xalqın qarşısına qoyuldu. Klara və Mussolininin cansız bədəni xalq baxıb gülsün deyə Milanın mərkəzindəki benzin stansiyalarından birində asıldı.
Mussolinin faşist inqilabı başladıqdan təxminən 25 il sonra qanlı şəkildə bitdi.
Müharibədən sonra İtaliya xalqı şiddətə tamamilə yox dedi və hazırda 7-ci 10 illiyində olan demokratik respublika qurdu. Amma Mussolini unudulmadı. Ölümündən 70 il sonra da məmləkəti Predappio neofaşistlərin ən məşhur bölgəsidir.
“Hər şey millət üçün”
Son dövrlər faşizm insanlara cəzbedici görünməyə başlayıb. Çünki bir çox nöqteyi-nəzərdən Birinci Dünya müharibəsinə oxşar dövrdən keçirik. İqtisadi çətinliklər baş alıb gedir, demoqrafik dəyişikliyin yaratdığı gərginliklər var. Mobil cəmiyyətlər üçün narahatıq. Bu dəfəki düşmənlərimiz miqrantlardır.
İnsanlar Mussolinin İtaliyanı böyütməyə çalışdığı dövrləri xatırlamağa başlayıblar. Həm əvvəli, həm də sonrasında baş verən dəhşətli hadisələri isə unudublar. Faşizmin bir çox əlaməti geri qayıdır. Diktator istəyi, irqçiliyin artması, günahkar axtarmaq ehtiyacı və ənənəvi hökumətlərə qarşı məmnuniyyətsizlik var. Bunların hər biri geri qayıdır.
Diktatorların dərslərini unutmamalıyıq. Zülm və nifrət dərslərini...
Nərgiz Nənə