Qiyamət anidən qopacaqsa, onun əlamətləri necə ola bilər? - Küləyin qovduğu yağış...

Hit: 2137
Qiyamət anidən qopacaqsa, onun əlamətləri necə ola bilər? - Küləyin qovduğu yağış...
Sual: 
Salamu aleykum.Peyğəmbərə istinad edilən rəvayətlərdə Qiyamətin bunnan sonra əlamətlərinin olduğu bildirilir.Axı Allah Quranda Muhamməd surəsinin 18ci ayəsində buyurur ki: Məgər kafirlər o Saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O Saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar?Allah Quranda qiyamətin qəfildən opacağını bildirir.Və qəfildən gələn bir şeyin əlaməti olarmı sizcə.əgər əlamət olacaqsa Muhamməd peyğəmbərin Quranla birgə gəlməsi Qiyamətin son əlamətidir.Və onnan sora qiyamət anidən qopacaq.Bu digər ayələrdə də bildirilir.Xahiş edirəm bu suala düzgün və geniş cavab verin.
 
Cavab: 

Və aleykum Salam. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gəlişi sonuncu əlamət deyil, çünki Qiyamətin gələcəkdə olacaq əlamətləri haqda Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əllidən çox kiçik əlamətin və 10 böyük əlamətin olacağını səhih hədislərdə bildirmişdir. Lakin, Uca Allahın Qiyamət dəhşətinin kafirləri ani olaraq tutması, onların hər şeyi inkar etdiklərinə görə Qiyamətin olacağına inanmamaları, nəticə olaraq Qiyamətə yaxın dövrdə yaşayan kafirlərin gözləmədiyi halda olacağını göstərir. Belə ki, uzun bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: Nəvvas ibn Səman (Allah ondan razı olsun) demişdir: "Bir gün Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Dəccal haqqında danışırdı. Onun haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışırdı ki, biz onun xurmalıqlarda olduğu­nu güman etdik. (Təkrarən) onun yanına gəldiyimiz zaman o, bi­zim halımızı görüb soruşdu: "Sizə nə olub?" Biz dedik: "Ey Allahın Elçisi! Bu gün səhər sən Dəccal haqqında gah yavaş, gah da yüksək səslə (elə bir tərzdə) danışırdın ki, biz onun xurmalıq­larda olduğunu güman etdik". O dedi: "Sizin üçün Dəccaldan çox digər şeylərdən qorxuram. Əgər o, mən sizin aranızda ikən peyda olarsa, mən sizə görə onunla mücadilə edə­cəyəm. Yox əgər mən aranızda olmayanda peyda olarsa, onda hər kəs özü (onunla) mücadilə etməlidir. Allah hər bir müsəlman üçün məni əvəz edəcək. Həqiqətən, o, qıvrım saçlı, bir gözü əyri, Abduluzza ibn Qatana bənzəyən bir gəncdir. Sizdən kim onu görərsə, əl-Kəhf surəsinin ilk ayələrini ona qarşı oxusun. Həqiqətən, o, Şamla İraq arasında olan bir yolda peyda olacaq və sağa-sola (hər yana) fitnə-fəsad yayacaq. Ey Allahın qulları, (dininizdə) sabit olun!" Biz soruşduq: "Ey Allahın Elçisi! O, yer üzərində nə qədər qalacaq?" O dedi: "Qırx gün (qalacaq, on­lardan) bir günü il, bir günü ay, bir günü cümə (bir həftə) kimi, digər günləri isə sizin günləriniz kimi olacaqdır". Biz soruşduq: "Ey Allahın Elçisi! İl kimi olan o gündə bizə bir günün namazını qılmaq kifayət edərmi?" O dedi: "Xeyr, (özünüz) onun üçün vaxt təyin edin!" Biz soruşduq: "Ey Allahın Elçisi! Onun yer üzərində sürətlə hərəkət etməsi necə olacaq?" O dedi: “Küləyin qovduğu yağış buludlarının (sürəti) kimi. O, bir qövmün yanına gəlib onları çağıracaq, onlar da ona iman gətirəcək və ona boyun əyəcəklər. O zaman o, göyə əmr edəcək və (göy dərhal) yağış yağ­dıracaq, yer də onun əmri ilə bitkilər bitirəcəkdir. (O qövmün) otlağa çıxmış heyvanları axşam otlaqdan hörgücləri (əvvəl) heç vaxt olmadığı kimi hündür, məmələri südlə dolu və böyürləri uzadılmış (qarnı dolu) vəziyyətdə geri qayıdacaqlar. Sonra o, (digər) bir qövmün yanına gəlib onları da çağıracaq. (Lakin həmin qövm) onun sözünü rədd edəcəkdir. O, (qövmdən) üz çevirib getdikdən sonra onları quraqlıq basacaq, əllərində olan bütün mal-dövlətləri tələf olacaqdır. O, bir xarabalığın yanından keçəndə ona: "Öz xəzinə­lərini üzə çıxart!" - deyəcək və (bal arıları­nın) başçı arının ardınca düşdükləri kimi oranın xəzinələri də onun ardınca düşəcək. Sonra o, gəncliyinin bahar çağında olan bir cavan oğlanı çağıracaq və onu qılıncla vurub iki hissəyə böləcək­dir. Onun bədəninin hissələri oxun hədəfə çatdığı məsafə qədər bir-birindən ayrılacaq. Sonra o, (cavan oğlanı) çağı­racaq, o da (həmin anda dirilib) sevincək onun yanına gələcəkdir. Elə o vaxt Allah Məryəm oğlu Məsihi göndərəcək. O, iki sarı paltarda, əllərini iki mələyin qanadlarına qoyaraq Dəməşqin şərqindəki ağ mina­rə­yə enəcək­dir. O, başını aşağı saldıqda (saçından) su damcıları, (başını) qaldırdıqda isə inci tək mirvarilər düşəcəkdir. Onun nəfəsi­nin qoxusunu hiss edən hər bir kafir mütləq öləcək. Onun nəfəsi gözünün gördüyü məsafəyə qədər çata­caqdır. (İsa Dəccalı) axtara­caq və onu Ludd qapısının yanında yaxalayaraq öldürəcək. Sonra Məryəm oğlu İsa, Allahın (Dəccalın şərindən) qoruduğu bir qöv­mün yanına gəlib əlini onların üzünə sürtəcək və onların Cənnət­dəki dərəcələrini söyləyəcəkdir. Elə o vaxt Allah İsaya belə vəhy edəcək: "Mən öz qullarımı çıxardıram. Onlarla vuruşmağa heç kəsin gücü çatmaz. Qullarıma Tur (dağında) sığı­nacaq ver!" Allah Yəcuc və Məcuc (tayfalarını) göndərəcək və onlar təpələrdən axışıb gələcəklər. Onların birinciləri Tabə­riyyə gölündən keçərək onun suyunu içəcək, axırıncıları isə oradan keçərək belə deyəcəklər: "Nə vaxtsa burada su var idi". Allahın peyğəmbəri İsa və onun səhabələri mühasirədə o qədər qalacaqlar ki, hətta onlardan biri üçün öküz başı bu gün sizdən biriniz üçün yüz dinardan daha xeyirli olacaqdır. Bundan sonra Allahın Peyğəmbəri İsa (aleyhis-sələm) və onun səhabələri dua edəcəklər. Allah (Yəcuc və Məcuc tayfalarının) boyun­larına qurdlar göndərəcək və səhəri hamısı bir nəfər kimi öləcəklər. Bundan sonra Allahın peyğəmbəri İsa və onun səhabə­ləri yerə enəcəklər. Onlar yer üzündə (Yəcuc və Məcuc tayfaları­nın cəsədlərinin) piylərindən və çürüntülərinin qoxusundan bir qarış da olsun yer tapa bilməyəcəklər. Belə olduğu halda Allahın Peyğəm­bəri İsa və onun səhabələri dua edəcəklər və Allah onların üzərinə dəvə­lərin boyunlarına bənzər (uzun boylu) quşlar göndə­rə­cək. (Quşlar cəsəd­ləri) götürüb Allahın istədiyi yerə apara­caqlar. Sonra Allah elə bir yağış göndə­rəcək ki, gildən düzəldilən heç bir ev ondan qoruna bilmə­yəcək. O, yer üzündə (nə varsa) yuyub aparacaq, hətta onu güzgüyə bənzər bir hala salacaq. Sonra yer üzünə: "Meyvələrini bitir və bərəkətini ver!" - deyiləcək. Elə o gün bir dəstə insan bir dənə narı yeyib doyacaq və onun qabığının altında kölgələnəcək. Süd isə (o qədər) bərəkətli olacaqdır ki, bir dəvənin südü bir dəstə insana kifayət edəcəkdir. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edəcək­dir. Belə olduqda Allah xoş bir külək göndərəcək, o da (mömin­ləri) qoltuqlarının altından yaxala­ya­caq və hər bir möminin və müsəlmanın ruhunu (özü ilə) apara­caqdır. (Yer üzündə) insanla­rın ən şər olanları qalaraq orada eş­şək­lər kimi cinsi əlaqədə ola­caq­lar. Qiyamət saatı da onların üzərində qopacaqdır". (Səhih Muslim, 5228). Ona görə də Quran ayəsini hədissiz düzgün başa düşmək mümkün deyil. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gəlişinin məqsədlərindən biri də insanlara Quranın ayələrini izah etmək idi. (zikr.az)

 









Redaktorun seçimi