Yaponların yeddi çılğınlığı

Hit: 304
Yaponların yeddi çılğınlığı

Sözsüz, hər millət özünəməxsusdur və başqa millətlərin gözündə onları “çılğın” edən adətləri var. Lakin etiraf etməliyik ki, Asiya xalqların çılğınlığı barədə kitab da yazıblar.

Yaponiya isə öz qəribə adətləri və davranışları ilə bütün dünyanın diqqətini çəkir. Gəlin, yaponlar və onların 7 çılğınlığı ilə tanış olaq:

1. Sakura (Gilas çiçəyi) Yaponiyanın simvollarından biridir. Hər il yaz aylarında minlərlə turist Sakura ağaclarının çiçək açma mərasimini izləməyə gəlir.  Lakin Yaponiyanın Sakura çılğınlığı bununla bitmir. Ölkədə Sakura dadlı hər şey tapmaq olar. Ləzzətli kökələrdən tutmuş, Sakura sake (yapon arağı), çayı, dodaq boyası və hətta Sakura ləzzətli KitKat! Nə deyə bilərik, yaponlar Sakuranı sevir.

2. Yaeba dişlər.. Dünyanın hər yerində hər il breketlərə, diş tellərinə böyük pullar xərcləyirlər. Çünki, istəyirlər ki, dişləri sırayla düzülsün. Amma Yaponiyada yox! Hər kəsin inci kimi dişlər arzuladığı dünyada, Yaponiyada əyri köpək dişləri dəbdədir. “Yaeba” adlanan bu diş forması üçün stomatoloqlara müraciət edirlər.

3. “gecə klubu” deyəndə ağlınıza içki süzən gözəl qızlar gəlirsə, bir də düşünün. Yaponiyada sırf qadınlara xidmət edən “Host klub”lar var. Burada yaraşıqlı oğlanlar xanımlara xidmət edir, içki süzür və onlarla söhbət edir. Belə məkanlara daha çox orta yaşlı tək qadınlar, ya da dəyişiklik axtaranlar gedir. Onu da qeyd edək ki, bu klubların qatı qaydaları var və uyğunsuz davranmaq müştəriyə də, hosta da qadağandır.

4. Əgər dünyadakı bütün xidmətçilər bilsəydi ki Yaponiyada onları nə qədər sevirlər, hər biri bu ölkəyə köçərdi. Bu çılğın ölkədə qərb geyimlərinə, xüsusilə də klassik xidmətçi geyimlərinə maraq böyükdür. Buna görə də az qala hər şəhərdə sizə sevimli xidmətçilərin xidmət etdiyi kafelərə rast gələ bilərsiniz. Özünüzü ağıllı aparsanız, xidmətçi sizinlə oyun oynaya, qalib gəldiyiniz halda şəkil çəkdirə bilər.

5. Hər yer Kospley, hər yer masqarad. Yaponiya animenin vətənidir. Kospley (bir obraz kimi geyinmək) anlayışı qərbdən gəlsə də, Yaponiya bu trendi özünküləşdirib. Tokionun Şibuya bölgəsinin Haracuku küçəsi isə, kospleyerlər cənnəti adlanır. Bu küçədə günün istənilən saatında qotik, vampir və ya anime, film, kitab obrazı kimi geyninən kospleyerlər tapmaq mümkündür.  Küçə dəbinin ürəyi olan Haracuku öz tərzini göstərmək istəyənlər üçündür.

6.  Hər şey üçün avtomat aparatlar. Hamımız içki və ya şirniyyat avtomat aparatlarının faydalı olduğunu bilirik. Növbə gözləmədən, satıcıyla problem yaşamadan istədiyimizi bir düyməni basmaqla alırıq. Bundan gözəl nə ola bilər? Yaponlar da belə düşünür. Amma bir az daha artığını: Yaponiyada təzə yumurtadan tutmuş, çətirə, hətta alt paltarına qədər hər şeyin avtomat aparatını görmək mümkündür. Özü də tək şəhərin mərkəzində yox, ən gediş-gəlişsiz məhəlllələrdə belə.

7.  20 saniyə üçün üzr istəmək. Yaponiya tarixi öz səhvinə görə seppuku (qarnını deşərək intihar etmək) edən, yaxud öz vəzifəsindən istefa verən rəsmilərlə doludur. Lakin 2017-ci ilin noyabrdan baş verən hadisə bütün dünyanı bir daha yaponların çılğınlığına inandırdı. “Tsukuba Express” şirkəti, Tokio ilə Tsukuba arasında hərəkət edən qatar öz vaxtından 20 saniyə tez çıxdığı üçün rəsmi üzr yayımladı. 

Yaponlar və çılğınları saymaqla bitməz. Biz hələ ki, yeddisini saya bildik. Növbəyti yazıda digər Asiya ölkələrinin çılğınlıqlarını sıralayacağıq.

 

Cəmilə Məmmədli

 


 


 

 


 









Redaktorun seçimi