Süni meteor yağışları reallığa çevrilir

48 dəfə oxunub
Süni meteor yağışları reallığa çevrilir

Ötən ilin ortalarında  meteor yağışı xəbəri çoxlarını həyəcanlandırdı. Həmin gün minlərlə insan meteor yağışını izləməyə çalışdı, görə bilməyənlər isə təəssüfləndi.

Yaponiya yaxın gələcəkdə meteor yağışlarını hər kəs üçün əl çatan etməyi planlaşdırır.

Faktor.az BBC-yə istinadən xəbər verir ki,  artıq böyük bayramlarda, əlamətdar hadisələrdə, hətta məşhurların toy və ad günü mərasimlərində göydə atəşfəşanlıq əvəzinə, meteor yağışı görmək olacaq.

Bu işin təşəbbüskarlarından biri Lena Okajimadır. O, 2008-ci ildəki maliyyə böhranından sonra öz işini tərk edib, süni meteor yağışları üçün kosmosa peyklər göndərən yeni firmada işə başlayıb. Artıq on ildən çoxdur üzərində işlənilən layihəni Okajima belə açıqlayır: “Əslində, meteor yağışları atmosferdən keçən kiçik kənar cisimlərin alovlanmağından yaranır. Biz də düşündük ki, peyklərlə eyni effekti süni şəkildə yarada bilərik”.

 Onun çalışdığı Astro Live Experiences (ALE) şirkəti 2019-cu ilin mart ayına qədər ilk peykini buraxmağı planlaşdırır. Daha sonra peyklər diametri 2sm-dan az olan 400 qəlpəni böyük sürətlə atmosferə buraxacaq və bir neçə dəqiqə çəkən meteor yağışı yaradacaq.

 Şirkətin təqdimat foto və videolarında hər şey asan və gözoxşayan görünsə də, prosesin özü olduqca çətindir. Hesablamalarda kiçik bir səhv qəlpələrin alovlanmamağına, və ya daha pisi, lazım olan məkanda yox, hətta başqa materikdə meteor yağışına səbəb ola bilər.

Xanım Okajima isə gördükləri işdən əmindir. Onun dediyinə görə, süni meteor yağışları təbiilərdən daha parlaq olacaq. Çünki, təbii meteor yağışlarında qum dənəcəyi ölçüsündə cisimlər alovlanır, onların meteorları isə güllə boydadır. Həmçinin, rəngləri də seçmək olur.

Meteorların materialına gəlincə isə, L.Okajima və əməkdaşları bunu hələlik açıqlamamağı seçiblər. Lakin onlar əmin edirlər ki, meteorlar təbiətə zərər vurmayan və tamamilə yanıb yox olan materialdan hazırlanıb.

Layihə hələ sınaq mərhələsindədir. Onun nə vaxt istifadəyə hazır olacağı məlum deyil.

Amma yaxın gələcəkdə süni meteor yağışları bizim üçün hadisəyə çevriləcək.

Cəmilə Məmmədli

 



Redaktorun seçimi