Ağızlarını açmadan dünyaya mesaj verirlər - SİYASİ BƏDƏN DİLİ

Hit: 1149
Ağızlarını açmadan dünyaya mesaj verirlər - SİYASİ BƏDƏN DİLİ

Hərəkətləri sözlərindən daha çox şey ifadə edir

Dünya liderləri heç ağızlarını belə açmadan dünyaya və lazımı dairələrə öz mesajlarını çatdıra bilirlər. Bu zaman onların köməyinə bədən dili gəlir. Bədən dili adətən ünsiyyətin daha keyfiyyətli və mesajların daha aydın şəkildə ifadə edilməsi üçün istifadə edilir. Prezidentlər hər görüşdə hərəkətlərinin hər saniyəsinə belə diqqətlə yanaşırlar. Çünki heç danışıq olmasa da ani bir səhv bədən dili hərəkəti münasibətləri poza və ya arzuolunmaz səviyyəyə çatdıra bilər. Buna görə liderlər görüş zamanı daim qarşı tərəfin hərəkətini diqqətlə izləyir və öncədən müəyyən olunmuş siyasət xəttinə uyğun davranış sərgiləməyə çalışırlar. Elə gözləri görüşdən qabaq bir-birini əlinə zillənən Rusiya və İran prezidentləri kimi. Hər iki lider qarşı tərəfin necə salam verəcəyini gözləyir.

Siyasi liderlərin ən çox istifadə etdiyi hərəkətlərdən biri yüksək tavan hərəkətidir. Bu davranışı Almaniya kansleri Angela Merkel daha çox istifadə etdiyindən onu "Merkel üçbucağı" da adlandırırlar. Mənası "mən bu mövzunu tam bilirəm", "hakimiyyət və iqtidar sahibiyəm", "istənilən sualınıza cavab verməyə hazıram" deməkdir. Əgər şəxs həqiqətən işinin peşəkarıdırsa bu hərəkətdən çıxışa başlamazdan öncə istifadə etməsi ona üstünlük qazandırır. 

Siyasətdə güclü tərəfin qarşı tərəfə meydan oxumaq üçün ən çox istifadə etdiyi hərəkətlərdən biri isə ayağın ayaq üstünə atılmasıdır. Əgər qarşı tərəf zəifliyini qəbul edirsə onun oturma şəklində heç bir dəyişiklik baş vermir. Ancaq bu heç də həmişə belə olmur. ABŞ prezidenti Barak Obama ilə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı liderin meydan oxumaq hərəkətinə eynilə cavab verir. Yəqin bundan sonra qarşı tərəf də artıq onunla nələrin danışılıb nələrin danışılmayacağını daha yaxşı dərk edir.

Bəzən də elə olur ki, liderlər hansısa görüşdə suallar qarşısında çıxılmaz vəziyyətə düşürlər. Bunu dillə ifadə etməsələr də hərəkətləri ilə özlərindən asılı olmadan biruzə vermiş olurlar. Bu hərəkətlərdən biri də orta barmaqla alnın ortasını qaşıyan kimi göstərməkdir. Bədən dili ekspertləri bildirirlər ki, Rusiya prezidenti Vladimir Putinin düşdüyü bu vəziyyətdə o öz dediklərinə belə inanmır və növbəti həmlənin nədən ibarət olduğunu müəyyən etmək üçün bu hərəkəti etməklə vaxt qazanır. 

Bəzən də siyasətə yeni başlayan liderlər fərqində belə olmadan bədən dili ilə özlərinin zəifliyini biruzə vermiş olurlar. Bədən dili mütəxəssisləri ABŞ prezidenti Donald Trampın yeni seçildikdən sonra öncəki prezident Barak Obama ilə son görüşdən sonrakı şəkil üzərində dayanırlar. Mütəxəssislər bildirir ki, Trampın duruşu onu deməyə əsas verir ki, O, Barak Obamadan görüş zamanı elə bir məlumat alıb ki, onu öncə heç vaxt eşitməyib və görüntüdə həmin bilginin təsirindədir. 

Prezidentlər bəzən görüşlərdə bir-birinə duyduqları inam və etimadı da öz hərəkətləri ilə nümayiş etdirirlər. Bunlardan biri də sağ əllə görüşən zaman sol əlin qarşı tərəfin sol dirsəyinə yaxın hissədən tutulmasıdır. Bu qarşı tərəfə sənə inanıram, etibar edirəm və bu hissimdə səmimiyəm mesajını verir.

Bəzən də hansısa çıxış zamanı liderlər kiçik ancaq önəmli bir məsələyə diqqət çəkmək istəyən zaman xüsusi jestlərdən istifadə edirlər. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu hərəkəti ilə mövzunun çox önəmli olduğuna diqqət çəkir.

Bəzən də adi bir əl görüşməsi bütün dünya mediasının diqqətini niyə belə etdi görəsən sualına cavab tapmağa yönəldir. Belə ki, hər zaman digər siyasi liderlərlə əllə görüşən zaman əlini yuxarıda saxlayan ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşəndə əlini aşağıda tutması dünya mediasının gündəminə çevrilmişdi. Hər kəs Trampın Putinə bu güzəştinin səbəbini anlamağa çalışırdı.

Rusiya prezidenti Vladimir Putinin nitq söyləyən zamankı bu duruşunu isə mütəxəssislər "Mən hər cür reaksiyaya və mübarizəyə hazıram" mesajı verməsi kimi şərh edirlər.

 
 
 
 

Bəzən isə liderlər kütlənin diqqətini özlərinə daha çox çəkmək üçün jestlər edirlər. Bunlardan biri və ən təsirlisi isə "Obama şarı" adlanan əllərin yumru nəyisə qucaqlayan kimi saxlanmasıdır. Bu hərəkətin ən yaxşı ABŞ-ın keçmiş prezidenti Barak Obama etdiyinə görə elə hərəkətin adı da onunla bir çəkilir. Bu hərəkətin ifadə etdiyi məna budur ki, danışan şəxsin özünə inamı tamdır, kütləyə güvən verir, onların diqqətini üzərinə çəkir və onları hansısa məsələdə inandırmağa hazırdır. Barak Obamanın 2009-cu ildə qazandığı prezident seçkilərini məhz şüuraltına bu hərəkətlə təsir edərək əldə etdiyi qeyd olunurdu.

Putinin bu hərəkəti isə bədən dilində qarşı tərəfi təhdid etmək mənasına gəlir.

 









Redaktorun seçimi