Ömrünü kirayədə keçirmiş jurnalistlərimizin maraqlı xatirələri

Hit: 2036
Ömrünü kirayədə keçirmiş jurnalistlərimizin maraqlı xatirələri

Faktor.az tanınmış qələm əhlinə maraqlı suallarla müraciət edib: “Neçə il kirayədə qalmısınız? Kirayə ilə bağlı unutmadığınız ən maraqlı xatirələriniz hansılardır?”

Jurnalist Gülşən Hacıyeva:

“Təxminən, 7 il kirayədə qalmışam. Qaraçuxurda 9 mərtəbəli binanın  8-ci mərtəbəsində kirayə qaldığım  evin üstündə - 9-cu mərtəbə bir qadın  iki qızı ilə yaşayırdı. Əri ilə problemi vardı deyəsən. Kişi həftədə 1-2 dəfə gəlirdi, evlərində müharibə düşürdü. Qadının səsindən gecə səhərə qədər yatmaq mümkün olmurdu. Bir dəfə dözmədim, gecə saat 2-də yuxarı çıxıb qapını döydüm,  xahiş etdim ki, sakit olsunlar, yata bilmirəm. Qadın əriylə davanı buraxıb, mənə ağzına gələni dedi. Çaşıb qalmışdım, heç nə demədən, evə qayıtdım.

Ertəsi gün işdən qayıdanda eşitdim ki, yaxınlıqdakı polis əməkdaşları evimizə gəlib, məni bölməyə çağırıblar. Getdim, məlum oldu ki, qadın  məndən şikayət edib, guya hər gecə evinə hücum edib, rahatlığını pozuram. Məsələni danışdım, polislər də anlayışla qarşıladılar. Üstündən 1 həftə keçəndən sonra qadın əlində bir sini şirniyyat qapımızı döydü, heç nə olmayıbmış kimi çayımı içməyə gəldiyini dedi. İçəri dəvət etdim, çay içdik.  Liftdə, həyətdə qarşılaşanda salamlaşırdıq. Biz köçəndə ağlamaqdan birtəhər olmuşdu...”

Şəfayət Avılbəyli:

"Ümumiyyətlə, tələbəlik illərim 1-ci Qarabağ savaşı illərinə təsədüf etdi. Dərnəgüldə yataqxanada qalırdım. O zaman Fizuli rayonundan qaçqınlar gəlmişdi, yerləşdirmək lazım idi. Mən öz otağımı könüllü olaraq Dilbazi adında xanıma verdim. 3 uşağı var idi. Yataqxanada otağımı xüsusi bəzəmişdim. Uşaqlar çox sevinirdi. İndi də onlarla əlaqəm var. Bəzi sirlər var adam açmağa utanır. Qıraqdan baxan elə bilir hər şey əladı. Amma hərənin bir sirri var. İndiyə qədər ailəvi yataqxanada qalıram. Pis deyil, dəyib dolaşan yoxdu. Maştağa kəndində. Buralar əladı havası da yaxşıdı. Bircə yollar düzəlsə gedib gəlmək yaxşı olar."

Kamil Həmidov:

“Düz 17 il kirayədə qalmışam: 1989-cu ildən 2006-cı ilin sentyabrın 14-ə kimi. Bunu da tələbəlik, subaylıq və evlilik mərhələsinə bölə bilərəm. Tələbə vaxtı - o zaman çoxlarının imkanı olmurdu kirayədə qalmağa -kirayədə qalmağımla necə deyərlər, öyünürdümsə, amma sonradan buna nifrət etdim... Xüsusilə də, subaylığın son illəri və evlilik dövründə...

17 il ərzində də 6 dəfə mənzil dəyişmişdim, kimsəyə də bu illər ərzində heç bir ağırlığım olmamışdı, hər şeyi vaxtında, ölçülü-biçili edirdim. Kimsə məndən, ailəmdən də narazı qala bilməzdi, necə ki, qalmayıblar. Amma heç kimə və heç kimə kirayə yaşamağı arzulamıram...Kirayədə qaldığım illərdə əsəb, təzyiq, səhhət problemi...qazandım...Sonradan Qobuya köçdüm, təəssüf ki, Qobu mənə kirayə dövrüm üçün bir həsrət yaşatdı. Yeganə "qazancım", "xatirəm" bu ola bilər...”

Xalid Kazımlı:

“Mən tələbə vaxtı yataqxanada yaşamışam. Tələbəlikdən sonra iki il təyinat yerində kirayədə yaşamışam. Evində yaşadığım ailələr mənə öz övladları kimi baxıblar. Məcburi köçkün olandan sonra isə 6 il yataqxanada yaşamışam. Kirayənişin həyatım barədə xüsusi bir xatirəm yoxdur. Heç yerdən mitilimi bayıra atmayıblar. Zərurət üzündən yaşayış yerimi dəyişdikdə isə qarşılıqlı kövrəlmə anları da yaşanıb”.

Jalə Mütəllimova:

“1993-cü ildən kirayədəyəm. Kirayədə qalmağın bircə maraqlı tərəfi var: vəsaitini, ağlını, imkanlarını çox dəqiqliklə bölüşməyi öyrənirsən. Müstəqil olursan, amma bütün əziyyətlərlə baş-başa olursan. Bərkiyirsən. Üst-üstə 18 il kirayədə qalmışam. Divarlarda yazılmış telefon nömrələrinə zəng edirdim peşə marağından. Hirslənəndə gülürdüm.  Deyirdim, ay atam, ya da ay xanım, maraqlıdır, nömrəni niyə divara yazmısan? O gün görürəm qızım atasının telefon nömrəsini stolun kənarına yazıb, xeyli güldük. Deyirəm niyə yazmısan?

Deyir ki, maraqlı adamlar var, sənin kimi evimizə köçəndə ataya zəng edəcəklər ki, qardaş, nömrəni bura niyə yazmısan?

Bir ona şükr edirəm ki, evsizlik problemim dövlət başçısının diqqəti sayəsində həllini tapıb. Doğrudur, o mənzilə tam köçə bilməmişəm, amma əsas olan budur ki, o ev artıq var”.

Zülfüqar Xeyirxəbər:

“25 il kirayədə qalmışam. Kirayə ilə bağlı heç xoş xatirələrim yoxdu. Çünki hər ayın başı çıxarılmaqla hədələnirdim. Bir dəfə isə işdən gecə saat ikidə evə gəldim ki, əşyalarımı  qapının ağzına yığıb, kilidi dəyişiblər. Bundan gözəl xatirə olar?”

Nigar İsfəndiyar: 

"20 il. Əsrin beşdə biri. Sevinirəm ki, yubiley hədiyyəm dövlət tərəfindən verilən mənzil olub. Artıq mən də “evli”yəm. Kirayədə nə xatirələr olacaq ki, sıxıntılar, çətinliklər olur. Sən o evdə qonaqsan, bilirsən  ki, sənin deyil. Heç vaxt sahiblənə bilmirsən. Yenə də məni 20 il qonaq edən bütün ünvanlara, onların sahiblərinə təşəkkür edirəm. Ən maraqlı nüansı deyim sizə: təmirsiz girdiyim evləri təmir edib çıxmışam".

Elməddin Muradlı:

"10 ildən artıq babamın evində yaşamışam. Ailə ilə  çox çətin idi, kirayə həyatı  kimi bir şey idi, onların yaşadıqları çətinlikləri də yaşamışam.  Cənab prezident evlə təmin etdikdən sonra bu çətinliklərdən qurtulduq. Fevraldan burda yaşayıram".

Faktor.az









Redaktorun seçimi