Dünyanın ən uzun Həcc ziyarətində olan insan

175 dəfə oxunub
Dünyanın ən uzun Həcc ziyarətində olan insan

On dördüncü əsrdə İbn Batuta adlı səyyah müsəlman səyyahlarının Qırmızı dəniz, Ərəb dənizi, Hind okeanı, Çin dənizində dənizçilik sahəsində hökmranlıq etdiklərini qeyd edirdi. Çini Marko Polodan 60 il sonra ziyarət etmiş və Çinə çatmaq üçün ondan daha çox məsafə qət etmişdi. Təəssüf ki, onun  adı heç bir müsəlman dərs vəsaitlərində qeyd olunmayıb. İbn Batuta 28 il boyunca fasiləsiz olaraq 10 min kilometr məsafə qət etmişdi. İbn Batuta Şimali Afrikadan Misirə, Afrikadan, Anadoluya, Hindistandan, Rusiyaya hətta yeddi iqlim gəzmiş Mərakeşin Tancalı şəhərindən idi. Qərb səyyahlarının onlarca il sonra kəşf etdikləri əraziləri o qarış- qarış  gəzmişdi. Bu əraziləri demək olar ki, tamamilə araşdırmış və özündən sonra gələn səyyahlara  zəngin bir səyahət kitabı miras qoymuşdu. Elm Çində olsa da belə gedin hədisi tam olaraq sanki Ibn Batuta üçün nəzərdə tutulmuşdu.

O, 1325-ci ildə Həcc ziyarətini həyata keçirmək üçün yola çıxmışdı. O, qayıdanda qazilik vəzifəsini həyata keçirmək niyyətində idi. Məkkə yolunda dünyanın yeddi möcüzəsindən biri olan İskəndəriyyə mayakını ziyarət etmişdi. İskəndəriyyədə dindar bir sufi ilə söhbəti zamanı həmin sufi İbn Batutanın səyahət etməyi və yeni torpaqları kəşf etmək arzusunda olduğunu öyrənmiş və ondan Hindistanda və Çin də yaşayan din xadimlərinə mənim salamlarımı çatdır demişdi. Bundan sonra İbn Batuta Hindistan və Çinə getmək qərarı vermişdi. Bundan sonra isə o piramidaları ziyarət etmiş dənizdə qayıqla səyahətə başlamışdı. Qırmızı dənizi keçib müqəddəs torpaqlara çatdığı ərəfədə Misirdə müharibə gedirdi.  Müharibə şəraitində olan yerli gəmilər  yandırıldığına görə o, Qahirəyə qayıtmaq məcburiyyətində idi. Daha sonra isə Batuta Suriyaya qədər gedib çıxmışdı. Oradan Məkkəyə gedərək Həcc ziyarətini həyata keçirmişdi. Həcc ziyarətini tamamlayan səyyah Mərakeşə getməyi gündəmindən çıxarıb İraqa yola çıxdı. İraqa çatdıqda Bağdadın Monqollar tərəfindən xarabalığa döndərilməsinin şahidi olmuşdu. İbn Batuta burada Çingiz xanın  varisi olan Əbu Səidin qəbiləsinə qoşulmuşdu. Burada 10 günə yaxın onlar ilə gəzmişdir. Oradan ayrılandan sonra 3 il ərzində Mədinədə təhsil almış daha sonra isə okeana səyahətə çıxmışdı. Ciddə limanından Afrikaya çatmış bundan sonra başqa bir gəmiyə minərək Şərqi Afrika  sahilləri boyunca Moqadişo, Monbasa Kuva limanlarına baş çəkərək Mali adətləri və mətbəxi haqqında yazılar yazmışdı.

 O 1332-ci ildə Mədinəyə qayıtdığında alimlərə qarşı böyük marağı olan Dehli sultanı Məhəmməd Tuğluk haqqında eşidir və Hindistana getmək barədə qərar verir. Latakiyaya doğru hərəkət edən karvana qoşulan Batuta daha sonra Türklərin yaşadıqları torpaqları ziyarət etmək üçün Genuyaya gedən gəmiyə minir. İbn Batuta 10 gündən sonra Alanyaya çatdı. Daha sonra isə Sinopa getdi burdan isə o yunan gəmisi ilə Qara dənizi keçərək Qızıl Orda dövlətinə yəni Krıma çatdı. Daha sonra səyahətini davam edərək bir karvana qoşuldu. Bu karvanda türk və monqol qadınlarına göstərilən hörmətdən çox təsirlənmişdi. Qafqazda isə Özbək xan qəbiləsinə qoşulmuşdu. Özbək xanın qəbiləsi o qədər böyük idi ki, sanki şəhər əhalisinə bənzəyirdi. Özbək xanın üçüncü arvadı Bizans imperatorunun  qızı olan şahzadə idi. İbn Batuta burda da dayanmayaraq İstanbula yola düşdü. Burada da çox qalmayaraq  Hindistana yola düşdü. Hindistandan sonrakı dayanacağı isə Əfqanıstanın Belh şəhəri idi. Burada sərt qışın sona çatmasını gözlədi Buradan isə Türk dövləti olan Qəznəvilərin paytaxtına səfər etdi. Paytaxt Monqollar tərəfindən viran qoyulmuşdu. Tarixin ən uzun Həcc ziyarətini edən İbn Batuta 1352-ci ildə  səfərini tamamladıqdan sonra vətəni Mərakeşə dönmüşdü. Həyata keçirdiyi bu uzun səfərdən sonra tarixdə bir çox yeniliklərə imza ataraq o dövr üçün yeni torpaqlar kəşf etmişdi.

Kamran Əliyev / Faktor.az



Redaktorun seçimi