Müharibə bitdikdən sonra 30 il döyüşən əsgər

Hit: 766
Müharibə bitdikdən sonra 30 il döyüşən əsgər

Təsəvvür edin ki, İkinci Dünya müharibəsi dövründə əsgərsiniz ancaq müharibə sona çatır və sizin bundan 30 il xəbəriniz olmur. Beləliklə Hiroo Onoda adlı yapon əsgərin başına bu cür hadisə gəlib.

Hiroo Onoda İkinci Dünya müharibəsinə qədər müxtəlif işlər ilə məşğul olub. Ancaq 1944-cü il dekabrın 16-da İkinci Dünya müharibəsində ölkəsinə yardım etmək üçün Fillipinin Lubanq adasına göndərilir. Onoda yapon əsgəri kəşfiyyatının nəzdində Nakano adlı məktəbdə Fitamata adı verilən kəşfiyyat sinifində oxumağa başladı. Bu dövdə o partizanların istifadə etdikləri fəndlər sayəsində həyatda qala bilmişdi.

Onoda öz komandirindən bu əmrləri almışdı. Bu əmrlərdə deyilirdi ki, o adadakı fəalların qarşısını almaq istiqamətində hər şey edəcək, ələ keçməyəcək, lazım olarsa özünü öldürəcək. Hiroo adaya gəlib çatdığında ondan öncə gələn əsgərlər ilə birlikdə döyüşürdülər lakin əsgərlərin sayı günü gündən azalırdı, kimisi ölürdü, kimisi də düşmənin əlinə keçirdi. Onoda  hər şeyi anlayana qədər onların sayı cəmi 4 nəfər idi. Bu şəraitdə onların döyüşməsi daha da çətinləşir, 4-5 gündən bir öz yerlərini dəyişir, qidalanmaq üçün ov etmək tələb olunurdu. Onoda bütün bunları anlayıb  əsgərlərini dağlara çəkdi. Bu bölgədə yağış çox yağdığından buralara heç kim gəlib çıxa bilmirdi.

Bu da Onodaya və əsgərlərinə uzun müddətli düşərgə salmalarına imkan verirdi. Bunun üzərindən xeyli zaman keçdiyinə rəğmən 4 əsgər həyatda qalmaq uğrunda mübarizəyə davam edirdilər.  Ancaq həmin dövrdə müharibənin bitməsindən 4 il keçmişdi. Sülh sazişi imzalanmışdı. Həmin dövrdə rabitə yaratmaq çətin olduğunu nəzərə alaraq yaponlar və amerikalılar Sakit okeanında Onodanın da yer aldığı adaya və digər adalara broşürlər atmışdılar. Onoda da bu broşürləri görmüş ancaq bunun Amerikanın bir oyunu olduğunu düşünmüşdü.

Bir neçə il keçəndən sonra Onodanın dəstəsinin tərkibində yer alan Akatsu təslim olmuşdu  və beləliklə dəstənin sayı üçə enmişdi. Onoda və dəstəsi Akatsunun düşmənə təslim olmasını görmüş və belə qənaətə gəlmişdilər ki, Akatsu düşmən ilə birgə fəaliyyət göstərir. Akatsu təslim olduqdan sonra müharibənin  bir neçə il əvvəl sona çatdığını öyrənmiş və səahiyyətli şəxslərə Onoda və digər dəstə əsgərləri barədə məlumat vermiş  səlahiyyətli şəxslər də hadisəni daha dərindən öyrənmək üçün səfərbər olmuşdular. Onoda və əsgərləri edilmiş onlarla cəhdə baxmayaraq onlara inanmamışdı.

Hətta həmin ərazinin üzərində uçan təyyarə həmin əsgərlərin yaxınlarının məktublarını və şəkillərini onların üzərinə atmış ancaq yenə də Onoda  bunun düşmən tərəfindən həyata keçirilmiş ağıllı plan olduğunu hesab etmişdi. Təqvim 1954-cü ili göstərdiyində Onodanın dəstəsindən olan Şimada vurularaq öldürülür. Bu hadisədən 7 gün sonra adanın ətrafındakı ərazilərə səs gücləndirici yerləşdirilərək yerdə qalan Onoda və Kazukanın da yerləri müəyyən olundu. Onoda hələ də bunun Amerikanın oyunu olduğunu düşünürdü  çünki Şimada yerli polisin açdığı atəş ilə öldürülmüşdü. Buna rəğmən Onoda və Kazuka hələ də düşünürdülər ki, yaponlar adaya qayıdacaq və nəzarəti amerikalıların əlindən alacaq. Bir neçə il ötməsinə baxmayaraq Onoda və Kazuka hələ də tutulmamışdılar. Onlar düyü tarlalarını məhv etməklə çox cılız partizan döyüşləri aparırdılar.

Fillipinlilər və yaponlar müharibənin sona çatdığını izah etsələr də heç bir şey onları inandıra bilməmişdi. Bir dəfə Onodanın qardaşı Yaponiyadan gələrək səs gücləndiricilər vasitəsilə Onodanın təslim olmasını istəmişdi. Uzaq məsafədən qardaşının üzünü aydın görə bilmirdi, bunun da bir oyun olduğunu düşünür və amerikalıların bu cür hiyləgər əməllər ilə daha irəli getdiyini düşünürdü. Onoda belə düşünürdü ki, onlar qardaşının səsinə oxşar bir yaponu  məcburən danışdırırdılar. Onodanın fikrincə Yaponiya  heç bir halda sonuncu əsgər ölənə qədər təslim olmayacaq. Bu da o demək idi ki, həyatda olan bir yapon varsa deməli müharibə hələ də davam edir. Onoda və Kazuka 1965-ci ildə  Pekindən gələn xəbərləri eşitmək üçün  radio əlaqəsi qurdular. Hadisənin qəribəliyi ondan ibarət idi ki, bu iki adam  düşünürdülər ki,  hələ də 1945-ci il idi. İki nəfər radionu açdığında at yarışlarının getdiyini eşitmiş hələ də bunun bir oyun olduğunu zənn edirdilər.

İllər keçməsinə baxmayaraq Kazuka və Onoda hələ də döyüşməyə davam edirdilər. Bir gün onlar yenə də düyü tarlalarını məhv etmək qərarına gəlirlər. Təqvimdə isə 1972-ci il idi. Müharibədən 27 il keçmişdi və hər şey dəyişmişdi. Onların etdikləri bu hərəkət çox səhv idi çünki polis də artıq onlardan xəbər tutmuşdu. Bu hadisəni törədən zaman polis Kazukaya iki dəfə atəş açmış və Kazuka öldürülmüşdü. Onoda 1974-cü ildə adada tək qalmış və burada da ölməyə hazır idi. Silah sürsatı da get-gedə azalır, aclıq isə həyatın bir hissəsinə çevrilirdi. Onoda oddan istifadə etmək üçün barıtdan istifadə edir köhnəlmiş şinlərdən və bambukdan özünə libas və sığınacaq düzəldirdi. Çürümüş geyimlərini isə bambukdan hazırladığı saplar ilə yamayırdı. Həmin ildə o meşədə təkbaşına çadırda yaşayan Suzuki adlı tələbə ilə rastlaşır. Suzuki Yaponiyadan ayrılmış və dünyanı  kəşf etmək üçün yola çıxan universitet tələbəsi idi. Bu iki nəfər keçən müddət ərzində dost oldular və Suzuki Onodaya hər şeyi danışdı. 

Onoda hələ də bütün bunlara inana bilmir  və onun inanması üçün komandiri olmuş Mayor Tanuquçinin əmr verməsini gözləyirdi.  Suzuki Onododan ayrıldı və Tanuquçini tapacağına söz verdi və sözünə əməl etdi.  Üstü başı cırıq-cırıq olmuş Onoda 1974-cü ildə komandiri Tanuquçini görən kimi əsas duruşa keçdi.  “Leytenant Onoda verilən tapşırıqlara tam hazırdır” demişdi. O Arissaka 99 model tüfəngini, 500 gülləsini və bir neçə əl bombasını komandırinə təhvil verdi. Beləcə 10 mart 1974-cü ildə mayor Yoşimi Tanuquçinin əmr ilə leytenant Onoda üçün İkinci Dünya müharibəsi sona çatdı.

Onoda 23 yaşında müharibəyə getmiş təslim olanda isə onun 52 yaşı var idi. Suzuki və Onoda uzun illər boyunca dost idilər. Onodanın səhhəti yaxşılığa doğru gedəndən sonra  “Təslim olmadım otuz illik müharibə adlı avtobioqrafiya yazmışdı. Bundan sonra isə evlənib Braziliyaya köçmüşdü. Bir gün xəbərlərdə yapon bir gəncin ailəsi tərəfindən öldürüldüyünü eşidib vətəninə qayıdan Onoda  “Onoda Təbiət məktəbi”  açaraq gənclərə təbiət mövzusunda təhsil verməyə başlayıb.

Kamran Əliyev

Faktor.az

 

 









Redaktorun seçimi