Oşonun aforizmləri

Hit: 540
Oşonun aforizmləri

1. Əgər bir gülü sevirsinizsə onu qırmayın. Çünki siz onu qıranda o gül ölür, sizin sevdiyiniz də ölür. Əgər gülü sevirsinizsə qoyun o yaşasın. Sevgi nəyəsə sahib olmaq deyil, onu qiymətləndirməkdir.

2. Kədər dərinlik, xoşbəxtlik yüksəklikdir. Kədər kök atır, xoşbəxtlik qol-budaq atır. Xoşbəxtlik başı göylərə dəyən ağac kimidir, kədər isə yerin  dərin qatlarına işləyən kök kimidir. Hər ikisi vacibdir. Ağac nə qədər yüksəkliyə qalxsa onun kökü də dərin olur.

3. Dostluq ən saf sevgidir. O, sevginin ən uca zirvəsidir.

4. Realist  olun: Möcüzə planlaşdırın.

5.  Həyat qorxunun bitdiyi yerdə başlanır.

6. Körpə dünyaya gələndə ana da doğulur. Körpə doğulmazdan əvvəl o qadın idi, ana yox.

7. Mən bu dünyanı sevirəm, çünki bu dünya  mükəmməl deyil. Mükəmməl deyil, ona görə də inkişaf edir. Əgər mükəmməl olsaydı çoxdan ölərdi, inkişaf etməzdi. Yalnız tam kamillik olmayan yerdə inkişaf var. İstəyirəm ki biləsiniz, mən də kamil deyiləm, bütün kainat da kamil deyil, bu kamil olmayan dünyanı sevmək, bundan sevinmək mənim əldə etdiklərimdir.

8. Bu dünyaya çoxlu insan gəlib, sonra bu dünyanı tərk edib. Bu çox yaxşıdır. Onlar daha yaxşılar üçün yerləri boşaldırlar. Bu çox qəribə təcrübədir, amma məni tərk edənlər də daha yaxşı insanlar üçün  yer açırlar. Mən heç vaxt itirmirəm.

9. Xoşbəxt olmağın çox sadə yolu var. Nə edirsinizsə edin, qoymayın ki, keçmiş sizin beyninizə köçsün, qoymayın ki, gələcək sizi narahat etsin. Çünki keçmiş artıq yoxdur, gələcək isə hələlik yoxdur. Xatirələrdə yaşamaq, xəyallarda mövcud olmaq mövcud olmamaqdır. Belə etsəniz sizin həyatınız heç olar, siz  yaşamaq fürsətini əldən verəcəksiniz.

10. Heç kim eyni vaxtda hər iki ayağıyla addım ata bilməz. Eyni vaxtda yalnız bir addım atmaq mümkündür.

11. Həqiqət kənarda deyil. Heç bir müəllim, heç bir kitab onu sənə verə bilməz. Həqiqət daxilinizdədir, əgər onu tapmaq istəsəniz içinizdə axtarın. Özünüzlə bir yerdə olun.

12. Əgər valideynsinizsə övladınızın üzünə müxtəlif istqamətdəki qapıları açın ki dünyanı kəşf etsin.  Qoymayın ki, o  naməlum olandan qorxsun, ona dəstək olun.

13. Belə deyirlər: tullanmazdan əvvəl iki dəfə  götür-qoy edin. Mənsə deyirəm: Əvvəl tullanın sonra isə nə qədər istəyirsinizsə fikirləşin.

14. Heç kim heç kimdən üstün deyil, ya da aşağı deyil. Amma heç kim bərabər də deyil. İnsanlar unikaldır, bir-biriylə müqayisə ediıməzdir. Sən sənsən, mən mənəm. Sən özünü, mənsə özümü kəşf etməliyəm.

Tərcüməçi: Sevil Gültən

 

 

 

 

 

 









Redaktorun seçimi