Dünyanın ən məşhur fotoqrafı: "Ateistəm, rahib mənə dedi ki, belə də qal" - MÜSAHİBƏ - ÖZƏL - FOTOLAR

Hit: 475
Dünyanın ən məşhur fotoqrafı: "Ateistəm, rahib mənə dedi ki, belə də qal" - MÜSAHİBƏ - ÖZƏL - FOTOLAR

Publika.az-ın özəl qonağı Rusiyanın əfsanəvi fotojurnalisti, 200-dən çox beynəlxalq mükafatın sahibi Vladimir Vyatkindir.

Dünya şöhrətli fotoqraf həmçinin "National Geographic" kimi jurnallarların bir sıra layihələrində çalışıb, nə az, nə çox, 6 dəfə "World Press Photo" müsabiqəsinin birincisi olub. Vyatkin pedoqoji fəaliyyətlə də məşğuldur. Onun tələbələri arasında Dmitriy Medvedevin şəxsi fotoqrafı da var.

 

Vladimir Vyatkin cəmi bir günlük Azərbaycana səfər edib, fotojurnalistlər üçün təşkil olunan təlimə dəvət olunmuşdu. Görüş boyu olduqca maraqlı məqamlara toxunub, dəyərli təcrübələrini bölüşən Ustad saytımıza müsahibə verməkdən imtina etmədi.

- Vladimir Yureviç, sizinlə müsahibə etmək böyük imtahandır...

- Ağlınıza gələ ilk sualdan başlayaq.

- Bakını bəyəndiniz?

- Bakı çox dəyişib. Müasir, təmiz Qərb paytaxtına çevrilib. Nyu Yorka da bənzəyir, Rio de Janeyroya da... Əsas təmizliyi bəyəndim. Düzdür, yalnız mərkəzdə ola bildim. Əminəm ki, kənar rayonları da belə səliqəlidir. Bir sözlə, Bakı sakinləri adına çox sevinirəm. Ümid edirəm ki, ölkənizdə hamının şansı gətirib.

- Bədii fotoşəkillər çəkmək necə hissdir?

- Uşaqlıqdan incəsənətlə məşğulam. Sabiq rəssam və musiqiçi sayılıram. Nəzərə alsaq ki, keçmiş sənətçi anlayışı yoxdur, mənə incəsənət nümayəndələrilə ünsiyyətdə olmaq daha asandır. Ümumiyyətlə, istənilən fotoqraf, yaxud jurnalist bilməlidir ki, hər sahənin adamı ilə onun dilində danışmaq lazımdır. Məsələn, kriminal aləmin öz dili var, bəziləri bunu əsgərliklə qarışıq salır. Amma əsla belə deyil. Teatrın da, kinonun da, baletin də, operanın da, rəssamlığın da öz dili var. Və sən qəhrəmanınla eyni sənət dilində danışmırsansa, qarşılıqlı anlaşılma olmayacaq. Hətta bəzən, özünlə də aranda mübahisəli məqam yaranacaq.

- Bəs savaş dilində danışmaq necə?

- Bir çox müharibələrin canlı şahidi olmuşam. Çeçenistan savaşının ən qızğın vaxtlarında o qaynar ərazilərdə fəaliyyətimi davam etdirmişəm. Dəfələrlə əsgərlərlə terrorçuların sərhədində ölüm anını dadmışam. Dəhşət, cəhənnəm odu, qana boyanmış torpaq... Buna baxmayaraq, çəkdiyim bütün fotoların qəlbimdə öz yeri var. Acısı da, şirini də mənimdir.

 

- Fotoqrafiya özü nədir?

- Ümumiyyətlə, insan həyatı konflikt üzərində qurulub. Və bu konflikti ölçən ən güclü alət ədəbiyyatdır. Fotoqrafiyanın istənilən növü bədiilik deməkdir. İnsan övladının tarixi də konflikt üzərində öyrənilir. Mərkəzində şəxsiyyət duran istənilən sahə incəsənətdir. İnsan tarixi də konflikt üzərində qurulub. Bunların içərisində birinci yerdə kişi və qadın arasındakı konflikt durur, sonra atalar və oğullar, insan və onun peşəkar əhatəsi, cəmiyyətlə ünsiyyəti gəlir. Buna görə də fotoqrafiyanı yaxşı, dürüst və ağıllı deyə 3 növə bölürəm. Sadaladıqlarım arasında yalnız ağıllı fotoda mütləq konflikt anlayışına rast gəlirik. Bura sosial, ictimai, insani konflikt daxildir.

- Bəs fotoqrafiya dünyanı hansı yöndə dəyişib?

- Fotoqrafiya dünyanı dəyişməyib, o sadəcə xatirələrin güzgüsüdür. Mənim üçün fotoşəkillər əcdadlarımı, keçmişimi, dünənimi xatırlamağın ən gözəl yoludur. Əgər fotoqrafiya əsrlər öncədən mövcud olsaydı, təsəvvür edin ki, hansı xəzinəyə bərabər mənbələr haqda məlumatlı olardıq. Rəssamların təxəyyül dünyasının yox, gerçək həyat hekayələrinin, unikal faktların şahidlik edərdik. Fotoqrafiya reallığına görə sözdən sonra ikinci yerdə durur. İncəsənətin digər növləri yalandan ibarətdir. Bu yalanın başında ədəbiyyat, sonra kino və teatr durur. Foto isə gerçəkdir, mən fotoşopla dəyişdirilmiş, bəzədilmiş mərhələni nəzərdə tutmuram. Amma elə həmin fotoya cəmi bircə söz əlavə etməklə mənasını 180 dərəcə dəyişə bilərik. Həmişə deyirəm ki, fotoqrafiya mənim üçün sözsüz ədəbiyyatdır, onu oxumağı bacarmaq hər kəsə nəsib olmur. Bunun üçün sutkanın 24 saatı öyrənmək lazımdır. Çünki fotoqrafiya vizual mədəniyyətin ən minimal növüdür. Son zamanlarsa müasir texnologiyaların köməyilə an içində foto deyil, təsvir yaradırlar. Təəssüf ki, mən bu ani məqamda doğulan təsviri fotoşəkil adlandıra bilmərəm. Çünki burada bədii ruhdan söhbət gedə bilməz.

 

- Ən müdrik müəlliminiz?

- Həyat... Ümumiyyətlə, müəllim sarıdan çox şanslı insanam. Musiqidə də, təsviri sənətdə də, fotoqrafiyada da deyə bilərəm ki, çağdaş klassiklərin hamısı ustadım olublar. Hamısı da eyni fikri təsdiqləyib. Bizim yol verdiyimiz səhvləri təkrarlamayın. Amma həyata əmr etmək mümkün deyil. Onun sənə hazırladığı oyunlardan həmişə xəbərsizsən.

- Təsəvvür edin ki, həyat özü gəlib sizə deyir ki, sənə layiq olmadım. Artıq bütün imtiyazım əlindədir, istədiyin kimi yaşa...

- Razılaşmazdım. Çünki bu mənim həyatımdır. Mən acılı, şirinli təcrübələrim sayəsində var olmuşam. Bəzən şəxsi təcrübələrimdən yola çıxıb tələbələrimə doğru yön verməyə çalışıram. Amma məndən də ağır səhvlər buraxırlar. Düşünürəm ki, ən doğrusu da budur. İnsan yaşadığı müddətdə öncə səhv edib, sonra nəticə çıxardacaq. Ümumiyyətlə, həyat təcrübəsi yanlışlarımızın cəmidir. Bəzən deyirəm ki, artıq müdrikləşmişəm, gənclik səhvlərimə yol verməyəcəm. Ondan da ağır, ondan da müdrik yanlışlara yol verirəm. Hətta özümlə birgə digərlərini də yoldan çıxardıram. Yanlışlarımızın kökükündə isə incəsənət, ilham pərilərimiz durur.

 

- Həyat çox hiyləgərdir. Bizi səhvlərə dəvət edib, özü də cəzalandırır, elə deyil?

- O ən müdrik hakimdir. Bütün yalanlarımıza, ədalətsizliyimizə görə yalnız ona cavab veririk. Mən öz səhvlərimi çox gözəl dərk edirəm. Çünki bir az ağıllı, bir az müdrik, azca da axmaq insanam. Çox vaxt istəyirsən başqasının axmaqlığı üzərində yanlışlarını düzəldəsən, amma olmur. Çünki özün durmadan büdrəyirsən. Yaşadığımız müddət boyu həyat adlı haqq məhkəməmiz davam edəcək.

- Bu məhkəmədə hakim tanrıdır?

- Çox vaxt məndən Allaha inanıb, inanmadığımı soruşurlar. Həmişə də vicdanlı cavab verirəm. Təhsilimə, Sovet tərbiyəmə əsasən qatı ateistəm. Elmi kommunizm, ateizm, pioner həyatı məni belə formalaşdırıb. Amma bu inamı qəlbində yaşadanlara həmişə rəğbətlə yanaşmışam. Dünən özü Allahı inkar edib, mənə də bunu aşılayanları bu gün əlində şamla ilk sırada görəndə hiddətimi saxlaya bilmirəm. Axı mən onun keçmişini bilirəm. Ona görə çox sevdiyim latın amerikalı yazıçının fikrini təkrarlayacam. “Mən Allaha inanmıram, amma ondan çox qorxuram.” Deyə bilərəm ki, həyat məni istədiyi kimi sınayır, amma bir qüvvə həmişə qoruyur. Yəqin təxmin edirsiniz kimdən danışıram.

- Əlbəttə! Fikirlərimiz eynidir.

- Bir dəfə dünyanın ən nüfuzu rahiblərinin birinin yanına gedib, günahlarımı yumağa çalışdım. Onun cavabı məni çox düşündürdü. Dedi ki, əslində hamımız inanclıyıq. Bəzilərinin qəlbində boşluqdur, amma özünü dindar kimi qələmə verir. Sənsə özünə qarşı vicdanlı və səmimisən. Belə də qal. Əsl inanc da budur.

Müəllif: Leyla Sarabi

 

 

1
1
1








Redaktorun seçimi