Qədim türklər ərəblərdən qabaq göydəkinə inanırmış - MARAQLI

297 dəfə oxunub
Qədim türklər ərəblərdən qabaq göydəkinə inanırmış - MARAQLI

 Çağdaş Bizans tarixçisi Theophylaktos Türklərin torpağı, suyu, odu və havanı müqəddəs qəbul etməsi ilə bərabər Yerin və göylərin yaradıcısı olan sadəcə bir tək Allaha tapındıqlarını, ona at, qoyun, inək qurban kəsdiklərini, gələcəyi xəbər verən kahinlərinin (Kam) olduğunu söyləyir.

   Bozqır türklərinin inancını üç hissədə cəmləmək məqsədəuyğundur:

   1)təbiət qüvvələrinə inanlar. Əski türklər təbiətdə bir sıra gizli qüvvələrin varlığına inanırdılar. Qüvvələr ruh olaraq qəbul olunurdu. Onlar xeyir və şər ruhlar idilər. Qeyd edək ki, təbiət hadisələrinin ruh kimi tanınması qədim Yunan və Roma tayfalarına da aiddir.

   Hunlar, Göytürklər, Uyğurlar inanclarını ayın və ulduzların vasitəsi ilə tənzimləyirdilər və mövsümlərə uyğunlaşdıraraq ayinlər keçirirdilər.

   Yüksək dağlar və çeşmələr xeyir ruhların məkanı sayılırdı. Onlara Yir-Sub (yer-su) deyilir və hörmət bəslənilirdi.

   Uyğurların məşhur “Qutluq-dağ” əfsanəsindəki qayalıq da millətə qüdrət və səadət verən ruh olaraq müqəddəs idi. Lakin türklərin belə yerləri müqəddəs saymaları həmən yerə ibadət etmələri anlamına gəlmir. Məkan yalnız Tanrı ilə arada vasitə idi.

   Qədim türklərdə yas mərasimlərinə “yuğ” deyilirdi. Mərasim iştirakçıları saçlarını yolur, üzlərini və qulaqlarını bıçaqla cızaraq qanlarını axıdırdılar. Onlar daha çox gözlərinin aşağı hissəsini yaralayırdılar ki, göz yaşları ilə yanaşı qan da axsın. Dövrümüzdə “qan ağlamaq” frazeoloji birləşməsinin tarixi də bu adət ilə bağlıdır.

   Bizans qaynaqlarına görə, türklərin oda da inancları olub. Lakin bu durum bütün türklərdə deyil, yalnız Qərbi Göytürklərdə idi. Tarixi mənbələr sübut edir ki, göytürklərin oda ehtiramı Zərdüştlük ilə əlaqəlidir.

   2) Atalar mədəniyyəti. İnancın əsasında böyüklərə, atalara hörmət dayanır. Asiya Hunları, Tabqaçlar və Göytürklər müqəddəs saydıqları mağaralar önündə atalarının ruhlarına qurban kəsərdilər. Onlar atalarının ruhlarını müqəddəs hesab edirdilər.  Xatirələrinə toxunan hər hansı mənfi münasibəti cəzasız buraxmırdılar. Təsadüfi deyil ki, e.ə. 79-cu ildə Vuhuanların Asiya Hunlarının məzarlıqlarını qarət etdikləri üçün hökmdar İyenti iki iyirmi minlik qoşunla hücuma keçib onları məğlub edir.  

   Atalar mədəniyyətinə sahib olan bir çox qeyri – türk tayfaları da olub. Onlar inanclarında irəli gedərək ölən kimsələrinə yarı Tanrı kimi baxır, onlara insan qurban kəsirdilər. Lakin Türklərdə belə ayinlər olmayıb. Onlarda Göy – Tanrı və atalara qurban olaraq yalnız erkək heyvanlar kəsilirdi. Qədim Türklərdə ən məqbul qurban olaraq at sümükləri Bozqır Türklərinin məzarlarında rast gəlinməkdədir. Hun İmperatorluğuna aid kurqanlarda at skeletləri külli miqdarda aşkarlanıb.

   3) Göy Tanrı dini. Bozqır Türk toplumunda əsl din olan Göy Tanrı dinində Tenqri (Tanrı) ən yüksək inanc olaraq mərkəzdə dayanırdı. Tanrı tam ixtiyar sahibi sayılırdı və adından da göründüyü kimi O səmanın da Tanrısı idi. Doğru düşüncələrinə görə yeri əhatə edən, sonu görünməyən səmanın Tanrısını hər hansı büt forması olaraq qəbul etmirdilər. Onlar Tanrını maddi səmada təcəssüm edən Qüdrət olaraq görürdülər. Bununla da O, əbədi olan, mütləq gücə sahib “heç bir formaya sığmayan və hər yerdə olan” vəsfini qazanırdı.

   “Tanrı” kəlməsi Başqurtca xaricində bütün türk dillərində ortaq işlənən sözdür. Dildə asas kəlmədir. Qeyd edək ki, çinlilərin “Tien” kəlməsi məhz “Tanrı” sözünün dəyişilmiş şəklidir. Maraqlıdır ki, bu kəlmənin ən azı 2500 yaşı var.

   Göy Tanrı bütün Türklərdə ana mədəniyyətdir.  Bu fikir tarixi faktlarla əsaslandırılıb:

   Asiya - Hun hökmdarı Mete e.ə. 176-cı ildə Çin İmperatorluğuna göndərdiyi məktubda özünün Tanrı tərəfindən taxta çıxarıldığını, hərbi zəfərləri Göy Tanrının lütfü sayəsində qazandığını bildirir.

   Çin qaynaqları göstərir ki, Göytürklər səfərdən öncə düşmənə qalib gəlmək üçün dua edirdilər. Mənbədə qeyd olunur ki, hökmdar Tardu döyüş öncəsi atından enərək Tanrıya ibadət etdi.

   Heç bir din, heç bir zaman tək inanc və əməldən ibarət olmayıb. Tanrıya tək, yəni vasitəsiz olaraq ibadət edilməyib. Dini mövcudluq olaraq müqəddəs kitablar, peyğəmbərlər, mələklər də olub. Bu nöqteyi-nəzərdən yanaşsaq,  Hun dövründə Günəş, Ay, ulduzlar, Göytürk dövründə Yer və Yer-sular ikinci dərəcədə müqəddəs hesab olunub.  Lakin bütün Türklərin ən böyük, ən müqəddəs hesab etdikləri Tanrı olub.

   Maraqlıdır ki, qədim Türklərin inancında ruhun əbədiliyinə, xeyir və şər əməllərin əbədiliyinə inam var idi. Bu isə müasir Türk dünyasının etiqad etdiyi İslam dininin təməl prinsiplərindəndir. Orxon abidələrində qeyd olunur ki, xaqan və bəylər ölərkən ruhları quş kimi göyə, Tanrının yanına uçur. Bu səbəbdən Türk dilində “uçmaq” kəlməsi İslam dini terminindəki “cənnət” sözü ilə mənalandırılıb (türklərin atlarının və silahlarının da yanlarında basdırılması, bu vasitələrlə cənnətə gedəcəklərini bildirir).

Cavid

Faktor.az



Redaktorun seçimi