Naxçıvanın qızılgül və limon ətirli kəklikotusu - FOTOLAR

Hit: 924
Naxçıvanın qızılgül və limon ətirli kəklikotusu - FOTOLAR

Naxçıvan Muxtar Respublikasında kəklikotunun 17 növü yetişir.

z AZƏRTAC-a istinadən bildirir ki, bu şəfalı bitki növünün bəziləri müxtəlif meyvələrin, çiçəklərin dadını, ətrini verir. Qızılgül, limon ətri verən kəklikotu bu gün də ən sevimli ədviyyat kimi Naxçıvan mətbəxində özünəməxsus yer tutur. Bu növ kəklikotu, demək olar ki, ancaq muxtar respublikanın bəzi bölgələrində mövcuddur və əhali tərəfindən dəmləməsindən geniş istifadə edilir. Bunlardan biri də Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində bitən, qızılgül və limon ətri verən kəklikotudur.

Dağların dəyişməz ətri

Bu bitki tarixi Qarabağlar kəndinin şimal-şərq istiqamətində, Asnı pirinin yaxınlığında, Çalxanqala kəndinə gedən yolda və "Gavur qalası" deyilən ərazidə daha geniş yayılıb. Kəklikotu bitən ərazi bitkinin çiçəklədiyi dövrdə həm qızılgül, limon, həm də kəklikotunun öz iyi ilə qarışaraq ətrafa xoş ətir yayır. Ondan bir az toplayıb qurutmaq üçün sərəndə də bu gözəl qoxu həmin otaqdan günlərlə çəkilmir.

Bitki hər il aprel ayının ortalarından başlayaraq mayın sonunadək, hava şəraitindən asılı olaraq bəzən iyunun ortalarınadək yığılır. Tam şəkildə qurudulmuş kəklikotu iyun-avqust aylarında daha çox satışa çıxarılır. Qarabağlar kəndi ərazisində yayılmış qızılgül və limon qoxulu kəklikotu ilə dəmlənən çayın ətri və dadı əvəzsizdir. İndi bu gözəl bitkinin ailə təsərrüfatları tərəfindən qablaşdırılmış şəkildə satışını təşkil edənlər də var. Naxçıvan mətbəxində kəklikotunun çiçəklərindən mürəbbəsi də hazırlanır, meyvə kompotlarında, eləcə də bir çox yemək növlərində istifadə olunur.

Qarabağlar kəklikotusu minbir dərdin dərmanıdır.

El arasında Qarabağlar kəklikotusunun bəşəriyyətin sağalmaz yarasına çevrilən xərçəng xəstəliyinə qarşı müalicəvi əhəmiyyəti olduğu deyilir. Qeyd olunur ki, davamlı şəkildə müəyyən miqdarda həmin kəklikotunun dəmləməsindən istifadə etdikdə orqanizmdə bədxassəli şişlərin yaranmasının qarşısı alınır.

Ümumiyyətlə, Naxçıvanda həmin bitkinin dərman kimi istifadəsi IV-V əsrlərə gedib çıxır. Tədqiqatlara əsasən, o vaxtlar muxtar respublika ərazisində yaşayan qədim türk tayfaları bu bitkinin soyuqdəymədən yaranan xəstəliklərdə faydalı olduqlarını bilirdilər. XVII əsrdə yaşamış Azərbaycan həkimi və alimi Hacı Süleyman İrəvani onun müalicəvi əhəmiyyəti haqda yazıb: "Kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir, ağciyər üçün xeyirlidir. Çiçəyinin sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul etmək məsləhətdir. Bu bitkinin həlimi qarında küt ağrıları götürür, həzmə kömək edir. Əncirlə qarışdırılmış həlimi öskürəyə faydalıdır. Təzə pendirlə yeyildikdə insanı kökəldir. Göz qarasına ləkə düşərsə, oraya kəklikotu şirəsini damcıldatmaq lazımdır. Yarpağı bal ilə ovxalanaraq məlhəmi bərk şişlərin üzərinə sürtüldükdə şişləri sorur".

Xalq təbabətində bu gün də, əsasən, soyuqdəymə dərmanı kimi istifadə edilən kəklikotu tərlədici, bəlğəmgətirici və antiseptik xassəyə malik olduğu üçün laringit, bronxit, göyöskürək, pnevmoniya kimi xəstəliklərdə, eləcə də boğaz ağrılarında faydalı hesab edilir. Deyilənə görə, kəklikotu insanın sinir sisteminə çox müsbət təsir göstərir: beyində qan dövranını və mübadilə proseslərini qaydaya salır, insanı sakitləşdirir, əsəbiliyi aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Xroniki yorğunluqla mübarizə aparır, yuxunu bərpa edir, yaddaşı və təfəkkürü gücləndirir.

1
1








Redaktorun seçimi