“Kreml”i azərbaycanlı necə tikdi? - Rusiyanın demədiyi həqiqətlər

Hit: 5783
“Kreml”i azərbaycanlı necə tikdi? - Rusiyanın demədiyi həqiqətlər

Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə edən dövlətlər milli tarixlərini dərindən araşdırmağa və dünyaya tanıtmağa başladılar.

Araşdırmalar zamanı Moskvada yerləşən Kreml binasının azərbaycanlı memar Əliş Sübhan oğlu Kərəmlinin rəhbərliyi ilə inşa edildiyi məlum olub. Lakin Rusiya bu tarixi həqiqəti qəbul etmir və hazırladıqları məqalə “Kremllə bağlı azərbaycanlı alimlərin saxtakarlığını Ülfət Cavadın “Kremli azərbaycanlı tikib” kitabından oxuya bilərsiniz” cümləsi ilə başlayır.

Kitabda yazılıb:

“1367-ci ildə Moskvada Kreml sarayını azərbaycanlı Əliş Sübhan oğlu Kərəmli inşa edib. Sonradan tarixi saxtalaşdırmaqda ittiham edilərək, edam edilib. 1367-ci il yanvarın 5-də şaxtalı bir qış səhəri Moskvanın böyük Knyazının elçiləri uzun yol qət edərək, Şirvanşahların paytaxtı Şamaxıya çatırlar. Ehtiramla qarşılanan elçilər sarayın baş darvazasından həyətə daxil olurlar. Yüksək səviyyədə qarşılanma mərasimindən sonra boyar Baratinski Moskva böyük Knyazının məktubunun məzmunu ilə Şirvanşah Şeyx İbrahimi bilgiləndirir. Təcrüməçilik işini isə şahlığın Moskva Knyazlığındakı səfiri Qafur bəy həyata keçirir. Məktubda dünyaca məşhur olan memar-inşaatçı Əliş Kərəmli Moskvanın böyük Knyazı tərəfindən möhtəşəm tikintinin inşasına dəvət olunur. Bu, Dmitri İvanoviçin Şeyx İbrahimə ilk xahiş məktubu olub. Şeyx əvvəlcə sevimli sənətkarını göndərmək istəmir, amma Əliş bəyin razılıq ovqatını və onun şəxsi təhlükəsizliyinə dair Knyazın zəmanətini nəzərə alaraq, bu işə razılıq verir. Şirvanşahdan səfər xeyir-duasını alan ustad sənətkar yol hazırlığına başlayır. 1367-ci il yanvarın 10-da rus elçiləri və memar Əliş Kərəmli Moskvaya yola düşürlər…

Dimitri İvanoviç qapı ağzında görünən ucaboylu, enli kürəkli, iri gözlü, üzü avropalılar kimi təmiz qırxılmış, qara bığlı, ağ çərkəzi geyimli, qafqazlı kişini görəndə onun onlarca məşhur tikilinin memarı olmasına inanmaq istəmir. Sonra Qafur bəyin tərcüməçiliyi ilə söhbət zamanı da hərdən ona diqqətlə baxır və belə cavan və yaraşıqlı kişinin necə memar ola biləcəyini anlamaq istəyir. O, daha çox şahzadəyə oxşayırdı.

Uzun söhbətdən sonra tərəflər öz mövqelərini bir-birlərinə açıq bildirirlər. Memar Kərəmlinin şərtləri daha dəqiq və sərt olur. Bu hal Dmitri İvanoviçin xoşuna gəlir. Onunla at belində Moskva çayı və onun qolu Yauza çayı boyuyca əraziləri gəzirlər. Kərəmli onun istəklərini daha düzgün ifadə edir, verdiyi təklifləri tam dəqiq anlayır. Onun təqdim etdiyi bir neçə təklif Dmitri İvanoviçi heyran qoyur. O, yeni qalanın döyüş keyfiyyətlərini elə dəqiq təsvir edir ki, sanki mahir hərbçi idi. Əliş bəy qalanı tikmək üçün gətirilməsi, kəsilməsi və yonulması çox çətinlik törədəcək sal daşların, qaya parçalarının təxminən yarıdan çoxunu ləğv edir. Bunun əvəzində, ərazinin torpağından bişmiş kərpic hazırlanacaqdı. Onun təklif etdiyi kərpic öz ölçüsünə görə digər kərpiclərdən böyük və çox möhkəm olması ilə fərqlənəcəkdi. O bu üsulla Təbrizdə mədrəsə binası tikmişdi. Əliş bəy atüstü öz dəftərçəsinə ərazi ilə bağlı bəzi qeydlər də edir. Ərazinin relyefini, torpaq suxurlarını və müxtəlif istiqamətlərdən görünüşünü sonrakı günlərdə də çox diqqətlə öyrənir. Bu zaman ona Moskvanın seçilmiş ən yaxşı ustaları kömək edirdi. Qafur bəy bu ustaların çoxsaylı suallarının qarşısında tək durmuşdu. Onu işindən yayındırmasın deyə hər sualı Əliş bəy üçün tərcümə etmirdi. Əliş bəyin çevikliyi əsgərləri də heyran qoyur. Yeddi seçmə döyüşçü onun mühafizəsinə verilir. O isə aralarından Yeqor Bulıç adlı cəmi bir əsgəri seçir. Əliş bəy yerli tikinti məmulatları ilə də yaxından tanış olur. Sonra o, 110 minə yaxın əhalisi olan  Moskva şəhərini, daha çox da onun kasıb məhəllələrini gəzir.

Moskva qalasının tikintisi əsasən Moskva çayı və onun qolu olan Yauza çayının dörd yandan əhatəyə aldığı adada aparılmalı, orada möhkəm qala divarları ilə əhatələnmiş içərişəhər yaradılmalı idi. Bu qala divarlarının müəyyən hərbi və nəzarət əhəmiyyətli hissələrində isə müxtəlif ölçü və quruluşda qüllələr, bürclər ucaldılacaq, darvazalar tikilicəkdi. Əliş bəy hələlik beş qüllənin və keşikçi bürclərinin, qala divarlarının layihəsini çəkib, böyük knyaza təsdiqlədir. Sonra kərpic sobalarının tikintisi üçün yer müəyyənləşdirir. Bu iş memarın vəzifəsi olmasa da, Əliş bəy özü kasıblar yaşayan məhəllələri gəzir, sağlam fəhlələr seçir, onların şərtlərini qəbul edir və öz şərtlərini qoyur.

Həmin gün qala divarları üçün qazılmış bünövrəyə yonulmuş iri, qara daşlar yığılır. Birinci iş günü bu işləri hamılıqla icra edirlər. Böyük knyazın özü də iş görənlərin arasında olur. Əvvəllər iç və çöl qala divarları ağac və gil məhluldan hazırlanmışdı. Əliş bəy onların hamısını sökdürür. Əvəzində tikintinin ətrafı taxta hasara alınır. Bunu tikintiyə toz-torpağın dolmaması və tamaşaya toplaşan adamların fəhlələrə mane olmaması məqsədilə edir. Rusiyada bu, ilk hadisə idi. Adətən, boş-bekar adamlar toplaşıb, tikinti işlərinə həvəslə tamaşa edərdilər.  Eləcə də onun suvağa çiy yumurta ağı vurdurması indiyədək görünməmiş hadisə olur. Əvvəllər divarların qarşısında enli xəndəklər qazılır, oraya su buraxılırdı. Əliş bəy bu xəndəkləri də lazımsız hesab edib tikinti tullantıları ilə doldurtdurur. Tikintiyə 1500 nəfər işçi cəlb edilmişdi. Onlar ağır işlər zamanı iki növbə ilə çalışırdılar. Yaşamaları üçün bir kənarda çoxlu rahat və hər cür şəraiti olan köşklər, daxmalar qurulmuşdu. Fəhlələr gündə iki dəfə isti xörəklə təmin olunurdular. Aşpazlar gənc qızlar, qadınlar arasından seçilmişdi.  Tikintidə nizam-intizam işləri və görülən işlərin keyfiyyətinə nəzarət çox ciddi qaydada qurulmuşdu. Fəhlələrə ayda 7 rubl qızıl pul, ustalara isə bir onluq qızıl zəhmət haqqı verilirdi. Bu, çox böyük məbləğ idi.

Günün böyük hissəsi tikintinin ətrafında çox sayda insan olur, adamlar dəstə-dəstə ətraf yerlərdən də gəlir, “Kreml” adlandırılan bu gözəl tikiliyə tamaşa etməkdən həzz alırlar. Əyanların qonaqlara dediyinə görə, buranı İtaliyadan gətirilmiş Aleksey Kremnıy adlı rus əsilli memar tikmişdi. Lakin indiki Kreml sarayının adı Kərəmli soyadının dəyişdirilmiş versiyasıdır.

Tikinti başlayandan düz 4 il sonra gözlənilən xəbər gəldi və açılış baş tutdu. Dmitri İvanoviç və moskvalılar, eləcə də dəvət olunan xarici nümayəndələr tikiliyə heyran qalmışdılar. Ən çox isə böyük knyazın bacısı Anna xanım sevinirdi. O, Əliş bəyi dəlicəsinə sevirdi. Lakin memarın sevgiyə ayıracaq vaxtı olmamışdı. Hətta tikinti davam etdiyi illərdə Şamaxıda ailəsini ziyarət etmək üçün bircə dəfə vaxt ayıra bilmişdi.

Yayın ilk günlərində Moskva-Smolensk yolunun 9 kilometrliyində, soldakı meşə talasında böyük sənətkarımızın qayıtma-vida məclisi başlanır. Lakin sonra məlum olur ki, böyük Knyaz “xəstə” olduğu üçün məclisdə iştirak edə bilməyəcək. Təəccüblü görünsə də, əksər boyarlar, aşpazlar dəstəsi və saray musiqiçiləri məclisdə iştirak edirlər. Annanın sevinci yerə-göyə sığmırmış. Şirin şərabın, ləziz ət xörəklərinin, növbənöv qəlyanaltıların şövqündən məst olmuş məclis əhli xumarlıq və sərxoşluq içində olurlar. Ancaq bir az sonra nə baş verəcəyindən Əliş bəyin xəbəri yox imiş. Memarımızı gözləyən təhlükədən heç Annanın da xəbəri yox imiş. Təəssüf ki, memarın qətlinə verilən fərman “uğurla baş çatır”.

1371-ci il iyun ayının 22-də içkili vaxtı bir kazak ataman xaincəsinə arxadan qılıncla güclü zərbə endirərək, Əliş bəyin başını bədənindən ayırır. Belə bir şərəfsiz qətlin icra olunmasında başlıca məqsəd böyük memarımızın adını yox etmək və “Keremli”ni (Kremli) ucaldan sənətkarımızı tarixdən silmək olub. Qəddarcasına qətlə yetirilən Əliş bəy Kərəmlini elə oradaca, qərib eldə dəfn edirlər. Bu ağır itkiyə görə ən çox üzülən Anna olur. Onun memarımıza məhəbbəti qarşılıqlı olmasa da, bu itkiyə dözməyib, saçlarını qırxdıraraq Penza rahibəxanasına yollanıb və ömrünün sonunacan memarımızın məzarına qulluq etməkdən usanmayıb. Nə müqaviləyə, nə verdiyi sözə, nə də qəbul olunmuş bəşəri qaydalara məhəl qoymayan ruslar nəinki namərdlik yolunu seçir, həm də Kərəmlinin Kremlin yaradıcısı kimi tanınması yönündə susmağı üstün tuturlar.

1556-cı ilin avqustunda IV İvan Qroznı tarixi gerçəklikləri saxtalaşdıraraq, xüsusi fərmanla “Keremli” qülləsini “Vodovzvod”a çevirib. Lakin XIX əsrin sonlarınacan rusiyalılar, dünya ictimaiyyəti, səyyahlar və rəsmi sənədlər bu ölməz sənət abidəsini gah “Keremli”, gah “Kremli”, gah da qısaca “Kreml” deyə yad edirlər.

Beləliklə, “Kreml” adı tam sabitləşərək, dünya tarixinə daxil olub. Paxıllıq əlaməti olaraq rus yazıçısı Borodininin “Dmitri Donskoy” tarixi romanında bu həqiqətlərə dair qısa qeydləri nəzərə almasaq, rus qaynaqları, xüsusən İ.Karamzinin “Rus imperiyasının tarixi” adlı çox cildli əsərində bu haqda zərrə qədər də olsun məlumat verilməyib. Zaman keçdikcə 49 yaşlı Əliş Kərəmlinin layihəsi əsasında Praqada, Smolenskdə, Novqorodda və Kazanda Kremllər inşa edildi. Lakin öz gözəlliyi və əzəməti ilə dünyaya səs salan bu ölməz inşaat məbədi digərlərindən öz yaraşığına görə çox seçilir".

Kamran Əliyev//Faktor.az









Redaktorun seçimi