Kosmosun möhtəşəm sirri - Dünya boyda toz buludu yox oldu

Hit: 798
Kosmosun möhtəşəm sirri - Dünya boyda toz buludu yox oldu

Alimlər bir müddət əvvəl eynilə Günəşə bənzəyən gənc bir ulduzu müşahidə etməyə başlamışdılar. Məqsədləri Günəş sistemini daha yaxşı tanımaq idi. Lakin anidən gözlənilməz hadisə baş verdi. Bu ulduzun ətrafında müşahidə olunan toz buludu qeyri-müəyyən şəkildə yoxa çıxdı. Həmin buludu təşkil edən toz zərrəcikləri dünyadakı bütün qumsalların miqdarına bərabər idi.

Təsəvvür edin, Saturnun üzükləri qəfildən itir. Bu, çox qəribə hadisə olardı. Astronomlar bu yaxınlarda TYC 8241 2652 adlı ulduzda bənzər hadisə müşahidə ediblər. Ulduzun ətrafındakı toz buludu gözlənilmədən yoxa çıxıb. TYC 8241 2652 ulduzu bizdən 460 işıq ili uzaqdadır. Günəşə çox bənzəsə də, onun yanında çox körpədir. Günəşin 4,5 milyard, ulduzun isə sadəcə, 10 milyon yaş var. Günəş bu ulduzdan düz 450 dəfə böyükdür.

Günəşin oxşarı

1983-cü ildə NASA-nın infraqırmızı astronomik peyki IRAS bu ulduzun ətrafında toplaşan toz buludu aşkar edib. Planetlər və toz zərrəcikləri kimi Günəşin ətrafında fırlanan cisimlər ulduzların görünən işığını udaraq isinirlər və nəticədə infraqırmızı işıq yayırlar. Beləliklə, toz buludları da asanlıqla infraqırmızı işığı tutan peyklər tərəfindən aşkar edilə bilir. TYC 8241 2652 ulduzunun ətrafındakı buludun da yeni planetlərin toqquşması nəticəsində yarandığı düşünülürdü. Günəş sisteminin formalaşma mərhələsində də bənzər hadisələrin baş verdiyi ehtimal olunur.

TYC 8241 2652 elm adamları üçün nadir fürsət idi. Çünki Günəşlə eyni ölçüdə olan bu gənc ulduzu müşahidə edərək,Günəş sisteminin formalaşması haqqında daha dəqiq məlumatlar əldə edə bilərdik. Tozdan gələn infraqırmızı işığın dalğa uzunluğu təxminən 10 mikron idi. Bu da tozun temperaturunun təxminən 180 dərəcə selsi olduğunu göstərirdi. Bu temperatur Günəş sisteminin daxili planetlərinin orta temperaturuna çox yaxındır. Alimlər infraqırmızı işıqdan istifadə edərək, ulduzun ətrafında 1000 trilyon toz zərrəciyinin fırlandığını müşahidə edib. Bu, dünyadakı bütün qumsallarla eyni miqdar demək idi. Elm adamları bu ulduzu 25 il ərzində izləyiblər və bu müddətdə toz zərrəciklərinin sayında heç bir dəyişiklik olmayıb. Hər şey gözlənildiyi kimi idi. Tozların yeni planetlərin toqquşması nəticəsində yarandığı düşüncəsi təsdiqlənəcəkdi. Sonra gözlənilməz hadisə baş verdi. 2009-cu ildə hər şey dəyişdi. Çilidəki teleskop və bəzi digər qurğular tozdan gələn infraqırmızı işığın yarıdan çoxunun azaldığını təsbit etdi. 2010-cu ilin yanvarında NASA-nın infraqırmızı işıq analizini aparan WISE (Wide-Field Infrared Survey Explorer) peykləri toz buludunun tamamilə yox olduğunu aşkar etdi. Toz buludu özündən sonra nə planet, nə də başqa bir iz buraxmadan yoxa çıxmışdı. Astronomiyada bütün hadisələrin milyonlarla il ərzində baş verdiyini nəzərə alsaq, bu hadisənin bir anda baş verməsi çox təəccüblüdür. Alimlər əvvəlcə səhv etdiklərini düşünsələr də, 2012-ci ildə Çilidəki teleskop hadisəni real olduğunu təsdiqlədi.

Səbəblər

Yaxşı, bəs bu qəribə hadisənin səbəbi nə idi? Alimlərin bu suala verdiyi qəti cavab yoxdur. Ancaq iki əsas fərziyyə var. Birinci fərziyyəyə görə, toz buludu birbaşa ulduz tərəfindən udulmuşdu.

Cavablar tətminedici deyil

“Toqquşma şəlaləsi” adlı ikinci fərziyyəyə əsasən, bu tozları yaradan böyük toqquşmadan geriyə qalan qaya parçalarının toqquşması digər toz hissəciklərini ortaya çıxarıb. Yeni yaranan tozlar toqquşmanın gücü ilə digər tozları kiçik hissələrə bölüb və balacalaşan tozlar təzyiqlə ulduz sistemindən kənara atılıb. Təəssüf ki, hər iki fərziyyə alimlərin böyük əksəriyyətini inandıracaq gücdə deyil. Onların fikrincə, bu cür hadisələr belə tezliklə baş verməməlidir. Bütün tozun yoxa çıxması üçün ən az iki il lazımdır. Lakin bütün alimləri birləşdirən bir vacib məsələ var: sözügedən hadisəni izah etmək. Çünki bu cavab bizə planetimiz haqqında mühüm və yeni məlumatlar verə bilər. Hətta Günəş sisteminin formalaşması ilə bağlı yeni nəzəriyyə belə irəli sürə bilərik.

Banu//Faktor.az









Redaktorun seçimi