Dünyanı çaş-baş salan sual - Aya həqiqətən gedən olubmu?

Hit: 1165
Dünyanı çaş-baş salan sual - Aya həqiqətən gedən olubmu?

1969-1972-ci illər arasında insanoğlu düz altı dəfə Aya enib. 12 dəfə Ayda gəzib. 46 il əvvəl baş verən bu missiyaların dəqiqliyi astronovtlar və kosmik agentliklər tərəfindən qəbul edilsə də, bir çox insan bu iddiaların yanlış olduğuna inanır. Hər beş amerikalı və 4 rusdan biri Aya heç kimin getmədiyini deyir. 2001-ci ildə Fox telekanalının Aya gedilmədiyi haqqında hazırladığı sənədli film də bütün bu iddiaları təsdiqlədi. Bəs Aya həqiqətən gedilibmi?

NASA-nın Aya uçuş proqramı Apollonun ümumi məbləği 24 milyard dollar (bu günün pulu ilə 150 milyard dollar) idi. Proqramda düz 400 000 nəfər iştirak edib, 20 minə yaxın şirkət və tədqiqat mərkəzi dəstək olub. Apollon proqramı hiylə idisə, nəyə görə proqramda iştirak edən 400 min nəfərdən biri 46 il ərzində heç nə deməyib? Onların da həqiqətlərdən xəbəri yoxdursa, bu qədər adam və şirkət necə aldadılıb? Hiylə olduğunu müdafiə edənlərin cavab verməli olduğu tək sual bu deyil təbii ki. Apollonun bütün işləri Sovet İttifaqı tərəfindən də böyük maraqla izlənilirdi. Çünki SSRİ bu məsələdə ABŞ-ın ən böyük rəqibi idi. Bəs o ölkələr necə aldadılıb? Ya da niyə indiyə kimi Amerikanın yalanını üzə çxarmayıblar?

Üstəlik, bu gün də uçuşların və enişlərin sübutlarını görmək mümkündür. Aya göndərilən peyklərdən (Lunar Reconnaissance Orbiter kimi) çəkilən yüksək keyfiyyətli şəkillərdən Aya eniş nöqtələrini, orada qalan kosmik cihazları, hətta astronavtların ayaq izlərini belə görmək olur. Uçuş əsnasında düşən Apollon 11-in bayrağından başqa bütün bayraqlar olduğu kimi qalıb. Və həmin şəkillər sadəcə, NASA-nın peyklərindən yox, həm də Yaponiya (SELENE), Avropa İttifaqı (SMART-1), Hindistan (Chandrayaan-1) və Çin (Chang'e 2) kimi tərəfsiz ölkələrin peyklərindən də çəkilib.

Aya gedildiyinin başqa sübutu da ora yerləşdirilən güzgülərdir. Onlara göndərilən lazer şüalarının əks olunub geri qayıtması sayəsində Aya olan uzaqlığı santimetr səviyyəsində ölçmək mümkündür. Bunu da çox sayda müstəqil qurum təsdiqləyib.

Başqa bir sübut isə Aydan gətirilən 380 kq daşdır. Həmin daşlar kimyəvi strukturu və unikal geometriyası ilə asanlıqla Yer daşlarından və meteoritlərdən fərqlənir. Onlar dünyanın ən qədim daşlarından 200 milyon il daha qədimdir. Yüzlərlə müxtəlif qurum və təşkilat daşların Aydan gətirildiyini təsdiqləyib və əksini iddia edən alim olmayıb. Aya gedilməyibsə, bu daşlar hardan gəlib?

Hava olmayan yerdə bayraq necə dalğalanır?

Aya asılan bayraq bəzi şəkillərdə dalğalı görünür. İnanmayanların fikrincə, bu fakt bayrağın hava olan yerdə sancılmasının sübutudur. Sizcə, 150 milyardlıq “hiylə” üçün bu çox bəsit səhv olmazdımı? Həmin bayraq Г formalı dirəyə bağlanıldığı üçün dik durub. Bayraq sadəcə, dirəyə bağlanan zaman dalğalanıb. Bunun səbəbi isə hava yox, havasızlıqdır. Bayraq asılan zaman çox az sallanmaya məruz qalıb və hava sürtüşməsi olmadığı üçün hərəkət uzun çəkib. Əslində, bir müddət gözlədikdən sonra bayraq dirəklərin sürtünməsi səbəbi ilə dayanıb, lakin şəkillərdə hərəkətli kimi düşüb.

Şəkillərdə niyə ulduz görünmür?

Milyard dollarla bir dənə ulduzlu studiya yaratmaq çətin olmazdı, düzdürmü? Aya uçuşların hamısı Ay günü ilə üst-üstə düşüb. Yəni həmin vaxt Günəş səmada olub. (Ay günü iki həftə davam edir) Ulduzların işığı Günəş işığı və Ayın səthindən əks olunan işıqdan zəif olduğu üçün görünmür. Gecələr avtomabilinizin işığını yandırıb, qatı işıqda ulduzların şəklini çəkmək istəsəniz, onların şəkildə düşmədiyini görəcəksiniz. Əsas hədəf Ayı araşdırmaq olduğu üçün qısamüddətli şəkil çəkən kameralardan istifadə edilib. Ulduzları çəkmək üçün bunun tam əksi lazım idi.

Kölgələrin birdən çox olması və paylanması çəkilişlərin studiyada aparıldığının sübutu deyilmi?

Bəzi şəkillərdə birdən çox kölgə var, bəzilərində isə kölgələr fərqli istiqamətlərə baxır. Burdan yola çıxanlar isə şəkillərin studiya işıqlarının köməyi ilə çəkildiyini iddia edirlər. Əslində, bu məsələdə bir az haqlıdırlar. Ayda birdən çox işıq olub. Bunlar Günəş, Yer (Günəş işığını əks etdirən Ay Yerdən necə parlaq görünürsə, Yer də eyni formada Aydan parlaq görünür), modullardan yayılan işıqlar, Ayın səthindəki işıqlar və təbii ki, astronavtların paltarından yayılan işıqlardır. Üstəlik, Ayın səthi əyri olduğu üçün kölgələrin formasına təsir etməsi normaldır. Deməli, kölgələrdə də hər hansı anormallıq yoxdur.

Bəs Aya indi niyə getmirik?

Apollon layihəsinin həm də siyasi məqsədləri var idi. Əsas məqsədlərdən biri də kosmik yarışı qazanaraq, ABŞ-ın SSRİ üzərindəki qələbəsini təsdiqləmək idi. Yarışı qazandıqdan sonra milyardlarla dollar xərcləməyə ehtiyac qalmadı. Bundan başqa, NASA-nın məhdud büdcəsi digər vacib layihələrə yönləndirildi. Sovet İttifaqı da uduzduğunu qəbul etdiyi üçün Aya getmək planlarını ləğv etdi.

Bir yerə yenidən getməmək ora heç vaxt getməmək demək deyil.

Faktor.az









Redaktorun seçimi