"Sərhədləri keçmişik, ancaq 40-cı otağa girə bilmirik" - REPORTAJ

Hit: 830
"Sərhədləri keçmişik, ancaq 40-cı otağa girə bilmirik" - REPORTAJ

Biz həmişə yazırıq, hörmətli oxucu. Səndən, sizdən, ondan, onlardan… Məndən, özümüzdən  isə nəinki yazmaq, heç cızma-qara da etmirik. Elə bilməyin ki, bacarmırıq, sadəcə işimizin öhdəliyi ona icazə vermir.Amma biz taleyin ümidinə atılıb zorlanan "o" qızdan tutmuş, 700 bal toplayıb atasının boynunu fəxrlə qucaqlayan "o" qıza qədər yazdıqca sizləşirik. Sizin isə bizdən heç xəbəriniz də yoxdur. Bu yazını kim, necə, harada, hansı şəraitdə yazdı. Sizin üçün əsas gördüyünüz, oxuduğunuzdur.Bu səbəbdən biz də uzun bir yola çıxmağı qərara aldıq.Özümüzdən yazacağıq. Nəzər dəyməsin, mətbuat camesində də sayt çox, həmkar bol.

Faktor.az xəbər verir ki, TopXəbər saytı növbəli sistemlə hər dəfə bir redaksiyanın qonağı olacaq. Ötən dəfə “ Minval.info “saytının xəbər istehsalçıları ilə görüşdük, gənclərlə söhbətləşdik. Bu dəfə isə tam fərqli məkandayıq.

"Mətbuat.az"saytının ofisinə doğru gedirəm. Sakit, "hər kəs öz işi ilə məşğul" devizi sezilən bir redaksiya məni qarşılayır. Bu səssizliyi pozmamaq üçün  asta gəl, usta gəl deyib,saytın baş redaktoruna məqsəd-məramımı çatdırıram. Baş redaktor Bahadur bəy niyyətimizi anlayıb söhbətə başlayır: 

Keçmiş atv.az-çılar indi “Mətbuat.az”-da

 

-1 il,3 aydır bu saytın baş redaktoruyam. Sayt 2012-ci ildən işləyir.Amma sadəcə admin panelə xəbərləri yerləşdirib,texniki işi həyata keçirib. Biz bura gəldik, 2017-ci il, fevralın 21-də. Mən "ATV" telekanalında,"Atv.az" saytında redaktor işləmişəm. Televiziyadan əvvəl "Aznews.az"-da, ondan əvvəl isə 3 il "Töhvə" qəzetində işləmişəm.

Biz burada 5 nəfərlə başladıq, hazırda 11 nəfərik. İlk 10 günlüyümüzdə top 5-liyə düşdük. Elə hələ də o yerdə qalmışıq. Günlük İP-miz  "facebook"un aktiv dönəmində 80-100 min olurdu, rekordumuz olub, 137 min İP."Facebook"un aktivliyinin  azalması ilə bağlı 60-70 min günlük İP-miz olur. Aylıq 1 milyon daimi "user"lərimiz var.

 -Mətbuatda “Mətbuat.az”-ın hədəfi nədir?

- Media sahəsi belədir ki, bu sahəyə biznes kimi baxmaq olmur.Azərbaycanda bu, mümkün deyil, çünki mediaya reklam verənlər çox azdır. Əgər  bizim məqsədimiz pul qazanmaq olsaydı,daha asan yollarla pul qazanmaq var. Mən şəxsən bu işi sevdiyimdən buradayam. Istənilən halda jurnalist kimi bir yerdə fəaliyyət göstərməliyəm. Dostlar da bu işi sevdiklərinə görə buradadırlar.  Hədəf odur ki, gələcəkdə Azərbaycan jurnalistikasında bir iz qoyaq. TV yaratmışıq, Xəyalə ilə Turalın bir layihəsi var,"Bir qadın, bir kişi soruşur" o layihəni aparacaqlar. Mənim də bir layihəm var, "Kimsən sən". Mətbuat TV-nin domenin də almışıq. Studiyamız da qurulub. 

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə heç vaxt danışa bilməmişik  

Həmkarlarım deyir ki, bir çox dövlət qurumları ilə problemsiz şəkildə açıqlamalar ala bilsələr də, bəzi dövlət qurumlarının mətbuat xidmətləri ilə ümumiyyətlə, əlaqə saxlaya bilmirlər:

-Müsahib tapmaqda çətinlik çəkmirik. Belə problemlər olmur,amma bəzi dövlət qurumlarının mətbuat xidmətlərindən açıqlama almaqda çətinlik çəkirik. Deyirlər ki, "E-mail" yazın, cavab verəcəyik, həftələr keçir, aylar olur, cavab gəlmir, mövzu qalır yarımçıq. Sonradan həmin mövzunu ya işləmirik, ya da tərəfsiz veririk. Operativ işləyən dövlət qurumlarının mətbuat xidmətləri var ki, Anar Nəcəfli, Mais Ağayev,Nəsimi Paşayev, Azərsu, Azərişıq-bunların adlarını çəkmək olar.

 -Bakı şəhər İcra Hakimiyyəti ilə necə danışa bilmisiniz?

-Ümumiyyətlə, danışa bilməmişik.

Baş redaktorla söhbətimizi hələlik yekunlaşdırıb, digər əməkdaşlarla tanışlığa başlayırıq:

 Saytın şou yazarı Tahirə yerindən dillənir:  “Mən danışım, getməliyəm”(gülür)

-Şoudan,televiziyadan, proqramlardan material verirəm. Müsahibələr yazıram, köşələr yazmağa başlamışam. İlk işim "Atv.az" saytı olub. Yoldaşım  jurnalistikada olduğuna görə mən də bu sahəyə həvəslənib gəldim. Evdə repetitorluq edirdim,vaxtım olmurdu, fikirlərim  də başqa olurdu. Yoldaşımla sözlərim  tutuşmurdu,düşündüm ki, bərabər gələk, bərabər işləyək. Elə bu cür  başladıq, alındı, indi fikirlərimiz daha uyğun gəlib.Həmişə xəbər verəndə ehtiyat etmişəm. Heç bir müğənninin ağzına söz olmaq istəməmişəm. Bu saytda Bahadur müəllimin işığına yığışanda düşünmürdüm ki, şou müxbiri olaram,sadəcə mən gələn vaxtda şou müxbiri getdi, onun yerinə işləmək lazım idi. Belə də başladım. Məncə, jurnalistikada çətinlik yoxdur, işini sevirsənsə, orada çətinlik olmamalıdır,sadəcə bəzən deyirlər ki, qalmaqal yarat, bu, mənə çətinlik yaradır, çünki xarakterimdə qalmaqal, sözbazlıq yoxdur.

Tanışlığın növbəti mərhələsində Xəyalə ilə danışırıq. Məlum olur ki, Xəyalə Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin 2015-ci il məzunudur:

-2014-cü ildən jurnalistikaya başlamışam. "Atv.az"-a gəldim,6 ay “stajor” kimi fəaliyyət göstərdim. 6 aydan sonra işə qəbul olundum. "Atv.az" bağlanandan sonra burada işə başladıq.  Sosial sahədən, problemlərdən yazıram. Müsahibələr edirik,canlı yayımlarımız olur. Mən özümü sosial sahədə tapmışam, çünki kiminsə problemini həll edəndə o, mənə çox yaxşı təsir edir. Məsələn, hansısa bir bağçada problem oldusa, o problem həllini tapdısa o, məni çox sevindirir. Həm də bu sahədə yazmaq mənə rahatdır. Xəyalə indiyə kimi unutmadığı ilk reportajının təəssüratını bizimlə bölüşür: 

-"Atv.az"-a təzə gəlmişdim, iki həftə olardı. İlham Tumas mənə dedi ki, fotoqrafı götür, get Yasamal qəbirstanlığından reportaj hazırla. Qəbirstanlığa getdik,dedim, burada nə yaza  bilərəm, hamısı başdaşlarıdır. Amma orada bir şey diqqətimi çəkdi, bəzi məzarların üzərində şəkillər yox idi, bəzilərində  yazılar yox idi,onları çəkdik, araşdırdıq, orada başdaşı düzəldən kişini danışdırdıq. Maraqlı bir material alındı. Bir dəfə də Suraxanı rayon Polis İdarəsinə zəng vurmuşdum. Orada kobud şəkildə mənə cavab vermişdilər, telefonu yerə qoyandan sonra 10 dəqiqə ağlamışdım.

 Çoxdan tanıdığım o tanış sima, Günayla söhbətimizi davam etdiririk

-13 ildir jurnalistikadayam. Bilmirəm, bu illər neçə keçdi. 2005 -ci ildə, 17 yaşım olanda jurnalistikaya qəbul olmuşam, ancaq qiyabı idim. İlk iş yerim "Şəkər villası" qəzeti olub. İlk dəfə həmin redaksiyaya necə vuruldumsa  və həmin qəzetdə  də işləməyə başladım. İlk qonorarım 4 şirvan olub. O qəzetin mənə köməyi böyük oldu. AzTV-nin həyatımda rolu böyük olub. Sonra elə oldu ki, yolum "ATV"-dən keçdi və 7 ilə yaxın orada çalışdım. Ora mənim üçün böyük məktəb oldu, Bahadur bəyi də oradan tanıdım. Bahadur "Atv.az"-ın kollektivini dağıtmağa qoymadı,onun təşəbbüsü ilə “Mətbuat.az” adı altında bir yerə yığıldıq. Əvvəllər sosial mövzulardan yazırdım, indi burada siyasət müxbiriyəm.

 Günay da işlədiyi bu müddət ərzində çox maraqlı hadisələrlə üzləşdiyini deyir

 -Təzə jurnalistikaya gəlmişdim, böyük bir müsahibə almışdım. Çox sevinirdim ki, bu adamı necə ürəklə danışdırmışam. Müsahibəni diktofona yazmışdım, bir də baxdım ki,bir dəqiqə  də olsun müsahibə yazılmayıb və həmin adam elə  bir adamdır ki, müsahibəyə vaxtı olmurdu, mən onunla 1 ay danışıb müsahibəyə razı salmışdım.1 saat da müsahibə almışdım. Həmin zaman çox böyük həyəcan  keçirdim. Xoşbəxtlikdən o müsahibəyə çox diqqətlə qulaq asmışdım.Müsahibədən çıxdım, gəldim evə, oturdum sualı yazdım, gözümün  qabağına gətirdim, ağlımda qalanları yazdım. O müsahibə çıxdı, adam o qədər təşəkkür etdi mənə. Olub ki, böyük yazı yazmışam, sonradan komputerdə problemlər çıxıb, həmin yazı itib.

 Bütün bu hadisələrə baxmayaraq, Günay jurnalistikanı çox sevdiyini və peşəsinə həddindən artıq bağlı olduğunu xüsusi vurğulayır

 Tanışlıq növbəsi saytın redaktoru Tural bəyə çatır

-2012-ci ildə BDU-nun sosial elmlər  və psixologiya fakültəsinin fəlsəfə ixtisasını bitirmişəm. Jurnalistikaya gəlişim 2008-ci ildən olub. Tələbə vaxtı çox fəal olmuşam. O dönəmdə bir çox qəzetlərlə əməkdaşlıq edirdim.  Hərbi xidmətə gedib  gələndən sonra konkret əməkdaşlıq etdiyim saytlar oldu. Mən də “ATV”-də işləyirdim. İki il yarım “ATV”-də işləyəndən sonra Bahadur bəydən təklif gəldi, “Mətbuat.az”-da redaktor. 5-6 aydır ki, buradayam. Redaktor kimi yazıçı dostlarımızın hansısa bir yazılarını redaktə etmişəm, amma redaktor işi kimi fəaliyyətim “Mətbuat.az”-dan başlayıb.

 

Tural bəy deyir ki, yazı redaktə etmək çətin işdir:

-İnsanın özünün yazdığı yazını redaktə etmək rahatdır. Çünki o, sənin öz məhsulundur. Başqasının yazısını redaktə etmək çətindir. Redaktə edərkən işçilərlə diskussiya aparırıq, məsələn, mən deyirəm ki, bu fikri burada doğru ifadə etməmisən, bu cümləni yazmaq lazımdır, bəzən də olur ki, mən səhv edə bilərəm, müxbir mənə deyir ki, mən bu mənada demək istəmişəm. O baxımdan yazını oxuyub redaktə etmək çox çətindir.Mənim işim sadəcə, başqalarının yazılarını oxuyub redaktə etmək olsaydı, onunla razılaşmazdım. Jurnalistika səhəsində ən sıxıcı işdir redaktorluq. Amma bir məsələ var ki, mən mövzu verirəm,qonaqların tapılmasınada böyük əməyim olur, təkliflər verirəm. Bizdə bəlkə də 3-4 redaktor olsaydı, ancaq yazı oxu, redaktə et, sıxıcı olardı. Işimi rəngləndirən funksiyalar var deyə maraqlıdır. Bizim işdə çox maraqlı mühit var, baş redaktor, redaktor bu fərqlər yoxdur. Biz iş yoldaşıyıq.  Mövzu, başlıq məsələsində məsləhətləşirik, çoxluq nə desə o olur. 

Yenidən Bahadur bəyə yaxınlaşıb bəzi suallarımı verirəm:

-Maraqlıdır, kimləri özünüzə rəqib görürsünüz?

-Mediada olanların çoxu dostlardır. Hamısıyla münasibətimiz çox yaxşıdır. Onların uğurlarına sevinirik.

-Yəni, sizin üçün rəqib anlayışı yoxdur?

- "Publika.az" saytında  tələbə yoldaşım Bəxtiyar, "Faktor.az"-da Əziz Əlibəyli Azvision.az-da Vüsal Məmmədli var, hamısı dostumuzdur. Ona görə onların uğurlarına yalnız sevinirəm. Xəbərlərini də istinadla verirəm.

 

-İstinad demişkən, bu məsələdə çox problemlər olur. Sizə istinadla bağlı zənglər edilir?

-Müxbir xəbəri istinadsız verəndə, ya da buna bənzər digər hallar olanda zəng edilib. Ancaq bizim xəbəri öz xəbərləri kimi sayta verənlər  də az deyil. Ciddi saytlarsa istinadla verirlər.

-Mövzu seçimi maraqlıdır, bu qrafik necə tənzimlənir?

-Həftədə bir dəfə iclasımız olur, ancaq gündəlik 9-dan 10-a kimi mövzu seçimi edirik. Bunu elə müxbirlərin özləri də edə bilər. Təkliflər olunur və dəyərləndirilir. Mövzular işləniləndən sonra görürsən ki, başını atıb yatıb (gülür).

-“Ofis” jurnalistikasına önəm verilir, yoxsa "çöldən gələn xəbər"lərə?

-Kollektiv çox olsa xəbər hazırlamaq üçün göndərə bilərik, ancaq indiki vəziyyətdə alınmır. Ancaq küçə sorğularımız olub. Yəqin qonşu otağı gördünüz, hazırda xromakey  üçün vaxtımızın çoxunu ona sərf edirik.

-TV üçün əlavə işçilər olacaq?

-Büdcəylə bağlı olan məsələdir. Hazırkı büdcəmiz bu kollektivə bəs edir. Gələcəkdə olar. Elə media orqanları var ki, adamları işçi kimi yığırlar ətrafına, sonra deyirlər ki, iş yoxdur. Bu baxımdan təklif edirəm ki, ən az məvacib qazanan təbəqəni aldatmaq lazım deyil. Onsuzda bilirik ki, ən az maaş alan  jurnalistlərdir. Biz o yolu keçib gəldiyimizə görə görmüşük. İstəyərəm ki, jurnalist daha çox maaş alsın. Indi də pis deyil, bu qədər müddətə olan sayt üçün pis deyil.

-Müəyyən sərhədlər də var, yəqin ki, onları da keçməlisiniz...

-Demək olar ki, o sərhədləri keçmişik, ancaq hələki 40-cı otağa girə bilmirik( gülür)

Beləliklə, həmkarlarımla tanışlığımı yekunlaşdırıb, sağollaşaraq, redaksiyanı tərk edirəm. Növbəti dəfə kimin qapısını döyəcəyik, bu,isə hələ bəlli deyil. İstənilən redaksiyanın qapısından keçə bilərik. Odur ki, bizi gözləyin.









Redaktorun seçimi