Nuranə niyə məsciddə yox, gecə klubunda öldürülüb? - Azərbaycan cəmiyyətinin xəstə "gəncliyi"

13622 dəfə oxunub
Nuranə niyə məsciddə yox, gecə klubunda öldürülüb? - Azərbaycan cəmiyyətinin xəstə "gəncliyi"

Azərbaycan toplumunu müğənnilər və mollalar deyil, aydınlar idarə etsəydi, gənclərimiz ölü bir qadının namusunu müzakirəyə çıxarmazdı...

Bəzi cəmiyyətlərdə insan sağlamlığını və xoşbəxtliyini kölgədə qoyan, hətta təhlükə altına salan adət-ənənələr, inanclar var. Və nə yazıq ki, bu inanc və ənənələr insan həyatına nə qədər zərər vursa da, nəsildən-nəslə ötürülür. Genetik xəstəlik kimi… Ancaq bir fərq var ki, biz bu zərərli mentallıqla mübarizə apara, ondan və onun ziyanlarından qurtula bilərik. Ağıllı cəmiyyətlər və ya cəmiyyətin qeydinə qalan ağıllı adamlar buna çalışırlar.

Amerikalılar hətta uşaq istismarı, narkotk maddə istifadəçiləri, müxtəlif xəstəliklərlə bağlı teleproqramların və qəzet, sayt materiallarının cəmiyyətə vura biləcəyi zərəri müzakirəyə çıxarır. Sinir xəsətəliklərinə və qadın zorakılığına gətirib çıxaran inancları qətiyyətlə zəhərli, patriarxat toplumları isə təhlükəli hesab edir.

Geridə qalmış cəmiyyətlər isə qız uşaqlarını öldürür, onları təhsildən yayındırır, erkən yaşda ərə verir, namus üstündə başını kəsir, həyatı bahasına olsa da qurduğu ailəni dağıtmamağa məcbur edir. Nəticədə elmsiz, savadsız, sevgisiz, bir-birinə nifrət edən fərdlər yetişir və onlar yeni və yenə təhlükəli bir cəmiyyət yaradırlar.

Bizim cəmiyyətimiz də hazırda insanına kapital qoyub gələcəyini daha sağlam qurmaq əvəzinə, məhz, bu təhlükəli inanc və ənənələrini təbliğ edir.

Fikir vermisinizsə, son dövrlərdə  telekanallara çağırılan bütün qonaqlar bütün verilişlərdə mövzunun nə olmasından asılı olmayaraq, mühafizəkar, ancaq mentalitetin qorunub-saxlanmasını müdafiə edən fikirlər səsləndirirlər. Müğənnisindən tutmuş psixoloquna, riyaziyyat müəlliminə, həkiminə, professoruna kimi... Mənə görə, bunun iki səbəbi var: birincisi, adamlar özlərini əxlaqlı göstərmək istəyir, ikincisi, onların məişət səviyyəli mentalitet anlayışından başqa anlayışları, dilə gətirəcək əsaslı fikirləri yoxdur. Və bu susması labüd, susdurulması vacib insanlara meydan verilməsi gələcəyimizi də məhvə sürükləyir.

Niyə bu günümüzdən danışmıram? Çünki bu günümüz artıq bu adamların əlindədir, onlardan yaxa qurtarmaq mümkün görünmür. Artıq bu müğənnilərin övladları və professorların tələbələri məktəbdə, kafedə, restoranda, əyləncə mərkəzlərində, sosial şəbəkələrdə ancaq və ancaq qadınların namusunu, alt və üst paltarını müzakirə edir. Onları dünyanın ən prestijli universitetlərində oxutmaq belə qafalarını dəyişmir.

Elə bunun nəticəsidir ki, bu gün bizi necə sağlam cəmiyyət qurmaq, dünyada baş verən qlobal proseslərdən, elmi-texnoloji inkişafdan xəbər tuta bilmək deyil, İstanbulda “Reina” gecə klubunda baş verən terrorda həyatını itirən Nuranənin qeyrəti, əxlaqı düşündürür və narahat edir. Ən qorxulusu isə odur ki, biz savadlı, dünyagörüşlü gənclik, cəmiyyət arzuladığımız yerdə mənəviyyatsız, mərhəmətsiz bir toplumla üz-üzə qalmışıq. Daha qorxulusu, onlar çoxdur, onlar kütlədir artıq. Və onlarla mübarizə apara biləcək üç-beş aydın adamı da çuval altında gizlədib müğənnilərin cəmiyyəti idarə etməsinə rəvac veririk. “Harayıma gəl, ay ürəyim”i oxuyan adam mahnısını bitirən kimi keçir mental dəyərlərdən, ailə institutundan danışmağa, cəmiyyətə əxlaq dərsi verməyə, adamları qabağına qoyub danlamağa...

Çox təəssüf ki, məhz, bu adamların düşüncə və həyat tərzini yayğınlaşdırmaq üçün onları bizə başbilən seçirlər.

Efirlərin arxasında bir dirijor var və o dirijor insanları harasa yönləndirir. Bütün bunlar məqsədsiz olsaydı, gülünc olardı. "Psixotron silah" adlanan silahlar var ki, hamımız o silahların hədəfinə çevrilmişik. Ultrasəslər var ki, keyfiyyətsiz musiqinin içinə yerləşdirilir, ancaq insan onu qulağı ilə hiss eləmir. O səslər insanın psixikasını yönləndirir. Amma keyfiyyətli musiqinin harmoniyası imkan vermir ki, ora ultrasəs yerləşdirəsən. Eləcə də aydın və ziyalı adamların fikirləri imkan verməz ki, onun var olduğu toplumun gənci terrorda həyatını itirən qızın ölümünə sevinsin, onun nəşinin öz vətənində torpağa tapşırılmasına qarşı çıxsın, ölü bir qadının namusunu müzakirəyə çıxarsın.

Bizim davamıza baxın, Nuranə niyə məsciddə yox, gecə klubunda öldürülüb? Məsciddə öldürülsəydi, onun üçün göz yaşı axıdardıq, mərhəmətli insan rolu oynayardıq, pafoslu və kədərli cümlələr yazardıq, Allahdan rəhmət diləyərdik ona. Günah Şaxta Baba qiyafəsində o boyda insanın həyatını yarımçıq qoyan terrorçuda, dünyada sülh və əmin-amanlıq məfhumunun üstünə qan axıdan güc sahiblərində yox, məhz, Nuranədədir.

Belə bir fikir var: bütün toplumlar xəstədir, amma bəziləri daha çox xəstədir. Bax, bizim cəmiyyət bu ikinciyə aiddir. Ümid də ancaq efirlərdə mollalıq edən, fala baxan adamların ağzından çıxan iki kəlməyə qalandan sonra sağalarmı belə cəmiyyət? Cavabı Nuranənin ölüm xəbərinə yazılan şərhlərdədir... 

Sevinc Fədai/Xeber365.com

 

 


loading...
loading...

Redaktorun seçimi