Bu sektorda məsuliyyətsizlik böyük epidemioloji faciəyə səbəb ola bilər - MÜSAHİBƏ

Hit: 624
Bu sektorda məsuliyyətsizlik böyük epidemioloji faciəyə səbəb ola bilər - MÜSAHİBƏ

Son vaxtlar ölkəmizdə koronavirusun yayılmasının sürətlənməsi insanların özünü qorumasının vacibliyini artırıb. Maskada gəzmək, tez-tez dezinfeksiya olunmaq gündəlik həyatımızın vacib elementinə çevrilib. Xüsusilə, əlləri təmiz saxlamaq, ictimai yerlərdə, qapalı məkanlarda gəzdikdə dezinfeksiya olunmaq gözəgörünməz “düşmənlə” mübarizədə ön plana çıxıb. Ancaq bir məsələni də yaddan çıxarmayaq – virus həddən artıq güclüdür, onu yalançı dezinfeksiya ilə aldatmaq mümkün deyil. Buna görə də, bu məsələyə maska taxmaq, məsafə saxlamaq qədər ciddi əhəmiyyət vermək lazımdır. Bəs həqiqi dezinfeksiya olunmanı adi yuynmadan necə fərqləndirək?

Bu suallarla mütəxəssisə – təmizləyici-dezinfeksiyaedici məişət kimyası məhsullarının istehsalı ilə məşğul olan “Grass” şirkətinin Azərbaycanda nümayəndəliyinin, eyni zamanda, iqtisadi.az saytının rəhbəri Fikrət Məmmədova müraciət etdik.

-Fikrət müəllim, gəlin əvvəldən başlayaq. Niyə virusdan qorunmaq üçün ilk növbədə əllərin dezinfeksiyası tələb olunur?

İnsan əli virus və patolji mikroorqanizmlərin yayılmasında boyuk rol oynayır. Ətraf aləmlə toxunma yolu ilə ünsiyyət yaradan insan əli hiss olunmadan virusların toplandığı sahəyə çevrilir, özümüzdən asılı olmayaraq üzümüzə, gözümüzə və ya digər nahiyələrə toxunduqca oraları da virusa bulaşdırır. Buna görə də əllər mütəmadi dezinfeksiya olunmalıdı. Ev şəraitində aydındı ki, əlləri sabunla təmiz-təmiz yumaq kifayət edir. Amma çöl şəraitində dezinfeksiya üçün mütləq xüsusi məhluldan istifadə olunmalıdı. Adətən əl düzifeksiyası üçün 7- faizlik spirt işlədilir. Çox adam bilmir ki, adi spirtdən istifada edir və özünü qoruğunu zənn edir. Əslində isə əl dezinfeksiyası üçün işlədilən spirt adi spirt olmamalıdır. Bunun üçün xüsusi məhlul istehsal edilir. Həmin dezinfeksiya məhlulu əldə mikrobları, patoloji mikroorqanizmləri məhv edir və ən əsası əlin dəri səthindəki müsbət mikroorqanizmləri qoruyur. Yəni əlin dərisini qurutmur və dəri sağlamlığını itirmir.

-Yəni, əslində dezinfeksiya məhsulları dedikdə nə başa düşülür?

Dezinfekisya bir neçə koteqoriyada olur. Əl dezinfeksiyası, səth dezinfekisyası, qida sənayesində dezinfeksiya, tibbi və digər ləvazimat dezinfeksiyası, yol dezinfeksiyası, həşəratlara qarşı dezinfeksiya və s. Bu kateqoriyaların hər birində istifadə olunan məhlullar tərkibinə görə fərqlənir.Yəni dezinfeksiyanın tərkibi təyinatı üzrə düzgün seçilmədikdə əks-effekt verir.

-Məsələn, əllərin yuyulması üçün təyin olunan antiseptiklə adi maye sabunun fərqi nədədir?

Sabunla əl yumaq çox vacibdi. Antibakterial sabunun tərkibində triklozan deyilən maddə əldəki dərinin kökünə yapışmış mikrobları çıxardır, dəriyə ziyan vermir. Adi sabunlarda isə bu inqridiyentdən istifadə olunmur. İstənilən sabunun heç olmasa öz tərkibinə görə keyfiyyətliliyinə əmin olmaq lazımdır. Keyfiyyətsiz sabunlar əldən mikrobu təmizləmək əvəzinə onu dəriyə möhkəm yapışdırır. Tövsiyə edirəm ki, yad yerdə keyfiyyətsiz sabunla rastlaşdıqda heç ondan istifadə etməsinlər, yalnız su ilə yuyunsunlar.

-Azərbaycanda bir çox müəssisələrdə, ictimai yerlərdə mütəmadi korovirusla bağlı dezinfeksiya işləri aparılır. Mütəxəssis olaraq, bu prosesin keyfiyyətini necə qiymətləndirirsiniz?

Razı qaldığımı deyə bilmərəm. Nəyə görə? Çünki 2-3-ü istisna olmaq, əksər şirkətlər bu sahədə məlumatlı deyillər. İaşə obyektini həşərat dezinfeksiyası ilə təmizləyirlər, insanların sıx toplaşdığı yerlər, ictimai nəqliyyat adi xlorla dezinfeksiya olunur. Hələ iaşə obyektlərinin mətbəxində, qida sənaye müəssisələrində hansı məhlullardan istifadə olunduğunu bilsəniz, ən azı təəssüflənərsiniz. Bəzən hətta belə yerlərdə “uksus” la təmizlik işi aparırlar. Bu, çox faiciəvi durumdu.

-Əhalinin işlətdiyi şəxsi dezinfeksiya vasitələri hansı hallarda qənaətbəxş hesab oluna bilər?

Birincisi, istənilən məhsul üçün həm istehsalçı, həm də nəzarəedici dövlət qurumu məsuliyyət daşımalıdır. İndiki şəraitdə koronavirusla effektiv mübarizə üşün dezinfeksiyaedici məhsulların istehsalı, satışı və istifadəsi üzərində nəzarəti gücləndirmək vacibdir. Çünki bu sektorda məsuliyyətsizlik böyük epidemioloji faciəyə səbəb ola bilər.

 

-Aidiyyəti qurumlarının bu sahədə fəaliyyətini necə qiymətləndirmək olar?

Məncə, aidiyyəti qurumlar ölkəmizdə koronavirusla bağlı tətbiq olunan bəzi qadağaların vacibliyini əsaslandıra bilmirlər. Məsələn, şənbə-bazar günlərində qeyri-ərzaq və qeyri-dərman satış obyektlərinin işləməməsi bizə nə verir? Həmin obyektlərə baş çəkməli olan insanlar bu işi həftəiçi görməyə məcbur olurlar və 7 günə bölünməli müştəri sayı 5 günə bölünməli olur. Nəticədə obyektlərə yığışan insanların sayı artır, yoluxma ehtimalı yüksəlir. Bundansa, iaşə obyektlərində və ofis mərkəzlərində havalandırma sistemlərinin qaydasında olmasına nəzarət olunsun, burda dezinfekisya işlərinin gözdən pərdə asmaq xatirinə olmamasına baxılsın. Qeyd edim ki, istənilən qapalı məkan gündəlik dezinfeksiya olunmalıdı. Dezinfeksiya olunma da 2 formada aparılmalıdı: təmizləmə ilə məşğul olan işçi, deyək ki, xadimə gündəlik işini görərkən xüsusi təmizləyici vasitələrdən istifadə yolu ilə, ikincisi isə, xüsusi qurğularla peşəkar dezinfeksiya işləri. Eyni zamanda yaxşı olardı ki, istənilən obyektin girişində xüsusi dezinfeksiya dispenseri olsun. Təəssüf ki, əksər obyektlərdə buna əməl olunmur, gözdən pərdə asmaq üçün qoyulan keyfiyyətsiz qurğulara müştəri heç yaxınlaşmır.

Sonda hamıya – həm ayrı-ayrı vətəndaşlarımıza, həm də obyetk-müəssisə sahiblərinə müraciət etmək istərdim. Özünüzü, sizdən asılı olan insanları qoruyun, ancaq elə-belə yox, keyfiyyətli qoruyun. Qorunmaq üçün tələb olunan vasitələrə pul xərcləməyə simiclik etməyin. Yaddan çıxarmayın ki, bu sizə baha başa gələ bilər.

-Fikrət müəllim, fikirlərinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirik.







Redaktorun seçimi