Azərbaycandakı tibb elmi: problemlər və çıxış yolları

Hit: 2209
Azərbaycandakı tibb elmi: problemlər və çıxış yolları
Bu məqaləni ən azı gününün yarısını elmə sərf edən bir gənc elm adamı olaraq yazmağıma vadar edən dünyada COVID-19 pandemiyasının hökm sürdüyü bir dövrdə Azərbaycanın virusla bağlı heç bir elmi tədqiqatına rast gəlinməməsidir. Bu dönəmdə hətta Afrikadan belə virusla bağlı tədqiqatların elmi jurnallarda dərc olunduğunu müşahidə edirik.
 
Əsas hissəyə giriş etməzdən əvvəl onu bildirim ki, bu yazı və buradakı həll oluna biləcək problemlər dövlət və xalqımız üçün çox əhəmiyyətlidir. Yəni o qədər əhəmiyyətlidir ki, mən insult xəstələrində icra etdiyimiz əməliyyatın nəticəsinə cərrahın gündəlik ruh halının təsirini öyrənəcəyimiz yeni elmi layihəni bir müddətlik kənara qoyub bu yazı üçün araşdırma aparmağa məcbur oldum.
 
Araşdırma zamanı ilk olaraq diqqətimi çəkən o oldu ki, Azərbaycanın tibb sahəsində nəinki dünya miqyasında, heç Avropa və ya Asiya miqyasında nüfuzlu, ən əsası da impakt faktorlu bir elmi jurnalı yoxdur. Elə təkcə bu məsələ ilə Azərbaycanın tibb elminə qiymət vermək olar və bu yazını da burda bitirmək olar. Amma mən yenə davam etmək istəyirəm...
 
Diqqətimi çəkən ikinci vacib məqam ondan ibarət oldu ki, heç həkimlərimizin əksəriyyəti elmi araşdırmanın necə ərsəyə gəlməsindən xəbərdar da deyil. Elə ona görə də əksər vaxtlarda ictimaiyyətə lazımsız bir elmi araşdırmaya istinad edərək yanlış məlumatlar verirlər. Bu isə məsələnin daha da təhlükəli məqamıdır, çünki məhz yanlış istinada görə cəmiyyət də səhv istiqamətə yönləndirilir.
 
Üçüncü diqqət çəkən məsələ Azərbaycanda bu qədər elmi titul daşıyan müvafiq elm adamlarının pandemiya dövrü ərzində COVID-19-la bağlı bir dənə elmi tədqiqat ortaya qoymamasıdır. Bax, bunun səbəblərinin araşdırılması və problemlərin həlli birinci və ikinci problemlərin də bilavasitə həllinə gətirəcək. 
 
Bəs problemlər hardadır?
 
Problemə elmi titul alan şəxslərin elmi tədqiqatlarının mövzusundan və onların harada dərc olunmasından başlayaraq baxmaq lazımdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, mövzuların əksəriyyəti artıq aktuallığını itirmişdir və tədqiqatların da əksəriyyəti ya Rusiyada, ya Dağıstanda, ya da Türkiyədə dərc olunub. Həmin tədqiqatları dərc edən jurnallar da bu gün elmi arenada heç bir nüfuza malik deyil. Mənim Azərbaycanda çox hörmət etdiyim elm adamları və professorlar var ki, onlar əsl elm adamıdır. Təbii ki, yuxarıda qeyd etdiklərim onlara aid deyil. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, onların özləri də bilir ki, Azərbaycanda çoxlu sayda elm adamları və professorlar var ki, onların tədqiqatlarının Azərbaycan elminə heç bir töhfəsi yoxdur və elmi arenada heç bir nüfuza malik olmayan jurnallarda çap edilib. Digər nəzər yetirilməli problem isə Azərbaycanda aparılan elmi tədqiqatların mövzularının təkrarlanması və artıq illər öncə Avropada və digər ölkələrdə eyni tədqiqatların edilib nəticə alınmasıdır. Bu və bu səviyyədəki problemlər olan yerdə isə inkişaf etmiş ölkələrin tibbi və elmi səviyyəsinə qalxacaq Azərbaycan dəsti-xəttini qurmaq mümkünsüzdür. Dünya tibb elmində Azərbaycan dəsti-xətti də olmadıqca insanlarımızın səhiyyəmizə güvəni və inamı zamanla daha da itəcək.
 
Bəs həll yolları?!
 
Artıq özünün müstəqillik dövründə yeni bir inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan dövləti öz elminə sahib çıxıb onu inkişaf etdirəcək gücə malikdir. Hətta bunun üçün artıq lazımi infrastruktur ölkəmizdə son illər qurulub və maliyyə vəsaitləri ayrılıb. İndi sadəcə düzgün həll yollarını göstərməyin zamanıdır. Amma bu həll yolunu göstərəcək şəxs və ya şəxslər tibb sahəsində ciddi elmi uğurlar qazanmış elm adamları olmalıdır. Burada da bir məsələyə toxunmaq istəyirəm ki, praktik həkim, elmi fəaliyyətlə məşğul olan həkim və həm praktik, həm də elmi fəaliyyətlə məşğul olan həkim tam başqa anlayışlardır. Həll yollarını göstərən insanlar da məhz həm praktik, həm də ciddi elmi fəaliyyətlə məşğul olan həkim və ya həkimlər olmalıdır.
 
Bu həll yolunun əsas məqsədi yeni elm yolunun və ya elmi məktəbin qurulmasıdır. Bu elmi yolda gənclərə maksimum şərait yaradılmalı və onların potensiallarından faydalanmaq lazımdır. Onlara Avropa və Amerika başda olmaqla bütün vacib məkanlarda bizim milli elmimizin nəticələrini göstərmək şansı tanımaq lazımdır. Tibb Universitetinin tələbələri mütləq olaraq elmi tədqiqatlara cəlb edilməli və 6 illik tibb təhsili zamanı tədqiqatlarda iştirak tələbələr üçün məcburi olmalıdır. Gənc elm adamlarına xüsusi təqaüdlər ayrılmalı və onlar tədqiqat məqsədi ilə elmi mərkəzlərə göndərilməlidir. Burada isə vacib amil bu günə qədər olduğu kimi deyil, tam ciddi şəkildə həmin gənclərin elmi mərkəzdə çalışdığı və ölkəyə döndükdən sonrakı elmi fəaliyyətinə nəzarət etməkdir. Bünövrəsi bu şəkildə qurulacaq elmi məktəb əminəm ki, inkişaf edən Azərbaycanın elminin əsl gücünü dünyaya çatdıra bilər.
 
Unutmaq lazım deyil ki, postpandemiya dövründə cəmiyyətimizin səhiyyəmizə inamının və güvəninin yaradılması çox vacibdir. Bunun isə bir yolu var, o da bünövrəsi savadlı gənclərlə qurulacaq milli elmimizi yaratmaq və inkişaf etdirmək.
 
Nuran Abdullayev
 
 

 









Redaktorun seçimi