“Səhiyyə sahəsinin də Hikmət Hacıyevi olmalıdır...” - TƏKLİF

Hit: 843
“Səhiyyə sahəsinin də Hikmət Hacıyevi olmalıdır...” - TƏKLİF
“Artıq hər kəsə məlumdur ki, sentyabr ayından Azərbaycan da koronavirusla mübarizədə yeni mərhələyə daxil olub. Düşünürəm ki, bundan öncəki mərhələlərdə olduğu kimi yeni mərhələdə də virusla mübarizədə uğurlu nəticələr əldə olunacaq. Amma unutmayaq ki, bu mərhələdə də təkcə qoyulan qayda-qanunlara riayət etməklə kifayətlənməməliyik. İnsanların qaydalara əməl etməsi ilə yanaşı azı bunun qədər əhəmiyyətli olan digər məsələ isə səhiyyə sahəsində çalışan elm adamlarının ən son elmi yenilikləri və onların nəticələrini dövlətə çatdırması ilə dəstəyini nümayiş etdirməsidir”.
 
Bu fikirləri Faktor.az-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
 
N.Abdullayev bildirib ki, ölkəmizdə COVID-19-la mübarizə istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər nəticəsində hazırda ümumi vəziyyət nəzarətə götürülüb: “Mən həmişə qeyd etmişəm ki, virusla mübarizə xalqın və tibb sahəsində çalışan elm adamlarının həmrəylik göstərərək dövlətə dəstək olmağından başlayır”.
 
Tibb elmləri doktorunun sözlərinə görə, digər inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət başçısının və ya birinci vitse prezidentin səhiyyə sahəsi üzrə köməkçisinin olması zərurəti yaranıb:
 
“Mən Prezidentin səhiyyə üzrə köməkçisi postunun yaradılmasını hələ bir müddət əvvəl təklif etmişəm. Düşünürəm ki, bu vəzifə yaradılarsa, həmin vəzifədə xalqın inandığı və dövlətə sadiq savadlı tibbi mütəxəssis olmalıdır. Buradan haşiyə çıxaraq bir məqamı qeyd etmək istəyirəm. Mən düşmənlər tərəfindən ölkəmizə qarşı atılan addımları və onlara bizim dövlət tərəfindən yüksək səviyyədə verilən cavabları yaxından izləyirəm. Təkcə ölkə başçısının köməkçisi Hikmət Haciyevin Avropa və Kanadanın televiziya kanallarındakı açıqlamalarına və eləcə də Türkiyəyə səfəri çərçivəsindəki çıxışlarına diqqət yetirsək görərik ki, artıq beynəlxalq siyasətdə də Azərbaycan ən doğru və müasir vasitələrlə bizə qarşı olan və planlanan həqiqətləri dünyaya çatdırır. Düşünürəm ki, burada özünəməxsus şəkildə və yüksək savadı ilə hadisələri lazımi formada beynəlxalq arenada siyasətçilərə çatdıran ölkə başçısının köməkçisi Hikmət Haciyevin də rolunu qeyd etmək vacibdir. Bu nümunəni niyə qeyd etdim? Bir müddət əvvəl jurnalistlər arasında keçirilən sorğu ilə tanış oldum. Sorğuda tanınmış jurnalist Pərvin Abbasovun “Hikmət Hacıyev həm dövlətə, həm də millətə lazımlı adamdır” ifadəsi diqqətimi çəkdi və məni çox düşündürdü. Açıq demək lazımdır ki, Azərbaycan səhiyyəsinə də Hikmət Hacıyev kimi bir şəxs lazımdır, yəni səhiyyənin də Hikmət Hacıyevi olmalıdır. Bu sahəyə bu cür insan ona görə lazımdır ki, həm dövlətinə müasir bilik və təcrübələri ilə dəstək olsun, həm də cəmiyyətdə inam hissi və səhiyyəyə güvən hissi yaratsın. Belə bir kadr olarsa, o zaman dövlətin müəyyən şəxsləri xarici siyasəti ilə prioritet sahə kimi məşğul olar. Amma arxayın da olar ki, bütün elmi yeniliklərdən xəbərdar şəkildə daxildə də virusla mübarizə gedir”.








Redaktorun seçimi