İnandıq, təslim olmadıq və qalib gəldik! - Rəşad Mahmudov yazır

Hit: 2908
İnandıq, təslim olmadıq və qalib gəldik! - Rəşad Mahmudov yazır
"Əgər koronavirusu insanlığa qarşı bir müharibə adlandırırıqsa, Dr. Cavid Paşayev də bu müharibədə ön cəbhədə olan, gecə-gündüz demədən mübarizə aparan bir sərkərdə, bəlkə də generalımızdır. Cavid həkimin vəziyyəti başda Mehriban xanım Əliyeva olmaqla, ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu həm də ayrı bir məna kəsb edir. Müharibələrdə yaralanmış generalın yaşadılması həm də psixoloji məqamdır.  Əzizimiz Cavid həkim, dəyərli dost!
 
ÜmidIə yolunu gözləyən yüzlərcə xəstələrinin, səni sevən tələbələrinin, həmkarlarının, dostlarının və ən əsası isə ailənin adından səslənirəm: “tezliklə sağal və ayağa qalx. Biz bu müharibədəki #Qələbə #Gününü səninlə qeyd edəcəyimizə ürəkdən inanırıq!""
 
Bunları 11 İyul 2020-ci il tarixində yazmışdım. Bu gün isə, arzu və istəklərin gerçəkləşdiyi gündür. Onun üçün də yenidən yazıram...
Çox dəyərli Cavid həkim!
 
Başqaları bilməz, amma sən bilirsən; ARDS'də pron pozisiyasında bradikardiya və hipotansiv ataklar olarkən ECMO implantasiyasının, süni tənəffüs aparatında tidal həcmin 70'lərə qədər düşməsinin, nazokomiyal infeksiyada hər şeyə müqavimətin əmələ gəlməsinin, ECMO tətbiginin ilk 10 günlüyündə kəskin retroperitoneal qanama zamanı ECMO'nun vaxtından əvvəl söndürülməsi qərarının nə olduğunu...
 
Sən bilirsən, bu qərarları verən tibb heyətinin hislərini, məsuliyyətini, qorxularını...
Beləliklə dünyanın qabaqcıl səhiyyələrində hələ də müzakirə olunan, covid 19-la mübarizədə effektivliyinə şüphə ilə yanaşılan ECMO istifadəsinin ölkəmizdə daha bir uğurlu nəticəsinin sonuna gəldik!
 
Ən çətin günlərində böyük bir komanda  gecə-gündüz demədən sənin müalicəni müzakirə etdi, sənə görə bəzən mübahisə etdi, hətta bəzən dalaşdıq, savaşdıq amma təslim olmadıq. Çünki hamının yeganə hədəfi var idi.... Səni yaşatmaq!
 
Yadındadır yoluxduğun ilk günlərdə gecə yarısı  danışıqlarımız? Yoluxmuşdun, amma sən yenədə xəstə başında idin. Xəstələrinin, həmkarlarının vəziyyəti səni çox darıxdırır və qorxudurdu. Sanki içinə danmışdı; səndə virus yükünün çox olacağını, ağırlaşacağını, hətta ümidsizləşəcəyini hiss edirdin. Sənə Bəhram Bağırzadə təcrübəsini tibbi tərəfdən izah edirdim. Sonunda o gecə sənə: "Cavidcim, imkan vermərik saçının bir telinə zərər gəlsin" dedim.  Bu sənə dost sözü idi, həkim sözü idi, müəllim sözü idi...
Axı, sən 15 il bundan əvvəl Mərkəzi Neftçilər Xəstəxanasında qurduğumuz "müasir  reanimasiya məktəbinin" ilk və qiymətli əmanətlərindən biri idin. Əfsuslar olsun ki, sən xəstə ikən kömək edəbilmədiklərimiz də oldu. Nə isə...
İndi üzümü göylərə tuturam və dərin nəfəs alıb;
-tanrıma
-dövlətimə
-bizə inananlara
-DGK Tibb xidməti idarəsinə, -həmkarlarıma -xəstəxanamızın kiçikdən böyüyə hər bir üzvünə
-və ən əsasıda, ən çətin anında canını bizə əmanət edən sən, CAVİD həkimə
ÜRƏKDƏN təşəkkür edirəm!!!
Sözümüzü tutduq və qalib gəldik!
Biz birlikdə GÜCLÜYÜK!
Tanrı Dövlətimizi və xalqımızı qorusun!

Rəşad Mahmudov








Redaktorun seçimi