ATU-nun professoru COVID-19-la mübarizədə Nuran Abdullayevin fikirlərindən bəhrələnməyə çağırıb

Hit: 1527
ATU-nun professoru COVID-19-la mübarizədə Nuran Abdullayevin fikirlərindən bəhrələnməyə çağırıb
Azərbaycan Tibb Universitetinin (ATU) farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə xaricdə tibb sahəsində çalışan azərbaycanlı alimlərin fikirlərindən bəhrələnməyə çağırıb.
 
Faktor.az xəbər verir ki, professor bu barədə "Koronavirusla mübarizənin strategiya və taktikası" adlı məqaləsinin X bölməsində bildirib.
 
COVID-19-un fərdi əlamətlərindən bəhs edən tanınmış farmakoloq virusun digər xüsusiyyətləri - gedişi, orqanizmdə törətdiyi və törədə biləcəyi fəsadlar, xəstəliyin klinik mərhələ və dövrləri, ağciyərlərdə törənən spesifik dəyişikliklər və onun differensial diaqnostik dəyərləndirilməsi, təyin olunan dərman preparatlarının effektivliyi yüksəkliyinə təminat verə bilən farmaseptik formaları, xəstəliyin insan psixologiyasına təsiri və törədə biləcəyi fəsadlar haqqında digər ixtisas sahiblərini fikir mübadiləsi aparmağa çağırıb.
 
Onun sözlərinə görə, ilk növbədə, virusoloqlar, immunoloqlar, psixiatrlar, patofizioloqlar, pataloq anatomlar, infeksionistlər, reanimatoloqlar, pulmonoloqlar, radioloqlar və əczaçılar da dövrü olaraq sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində çıxış etməli və insanların bu gün əlindən alınmış daxili inamlarının bərpasına çalışmalıdırlar.
 
O bildirib ki, ATU-da tədris olunan müvafiq ixtisasların hər biri üzrə, iti zəkaya malik, Azərbaycanın dünya şöhrətli alimləri və xaricdə təhsil almış yüksək potensiallı gənc azərbaycanlı alimlər kifayət qədərdir. 
 
M.Qəniyev hesab edir ki, indiki şəraitdə yuxarıda qeyd olunan ixtisas sahiblərinin xalqla dövrü və birbaşa ünsiyyəti zərurətə çevrilib. 
 
Bu səbəbdən o, mütəxəssislərin birgə iştirakı ilə canlı teledebatların aparılmasını, bu debatlarda Türkiyə, Rusiya və digər ölkə alimlərinin, xüsusən də bu problemlə bilavasitə məşğul olan və hazırda xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin iştirakının vacib olduğunu bildirib:
 
"Məsələn, bu debatlara elminə və təhlilinə böyük hörmətim olan, hazırda Almaniyada yaşayan, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev kimi vətən oğullarının birbaşa qoşulmasını son dərəcə zəruri hesab edirəm. İstəyirəm ki, əhali bu mütəxəssislərə birbaşa müraciət edərək lazımi tövsiyələri ilkin mənbədən ala bilsinlər. Bu, hər şeydən əvvəl, hazırda insanlar arasında müşahidə olunan ruhi sarsıntı və dərin böhran halını tamamilə aradan qaldıra bilər".








Redaktorun seçimi