Koronavirusdan sağalanlarda hansı şikayətlər qalır?

Hit: 1977
Koronavirusdan sağalanlarda hansı şikayətlər qalır?
Koronavirus infeksiyasına yoluxan şəxslərin sağaldıqdan sonra onlarda hansı şikayətlərin qalması ilə bağlı aparılan bir neçə elmi tədqiqatın nəticələri məlum olub.
 
Bu barədə Faktor.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
 
O bildirib ki, son günlər ölkədə insanlar arasında virusa yoluxub sağaldıqdan sonrakı qalıcı şikayətlərlə bağlı fobiya yaranıb:
 
“Bunu mənə ünvanlanan çoxsaylı suallardan və sosial şəbəkədəki müzakirələrdən də aydın görürəm. Ona görə də bu mövzuya qısa da olsa elmi aydınlıq gətirilməyinin faydası olduğunu düşünürəm. Qeyd edim ki, son günlərdə məhz bununla bağlı maraqlı bir elmi tədqiqat çap olunub. COVID-19-a yoluxduğuna görə xəstəxanaya yerləşdirilmiş 143 xəstə üzərində tədqiqat aparılıb və bu xəstələrdən 25%-i süni tənəffüs cihazına qoşulub".
 
Azərbaycanlı alimin sözlərinə görə, tədqiqat nəticəsində məlum olub ki, ümumi xəstələrin sadəcə 13%-i 2 aydan sonra simptomsuz olub və 44%-nin sağaldıqdan sonra gündəlik yaşam keyfiyyəti aşağı qiymətləndirilib:
 
"Yerdə qalan xəstələrdə, yəni hələ də müəyyən şikayətləri olan xəstələr arasında isə ən çox rast gəlinən 53%-lə əzginlik və yorğunluq simptomu olub. Bundan başqa isə 43% yüngül təngnəfəsliyə, 27% oynaq ağrısına və 22% döş qəfəsinin ağrısına rast gəlinib. 20%-dən aşağı hallarda isə öskürəyə rast gəlinib. Ona görə də ölkəmizdə virusa yoluxub sağaldıqdan sonra uzun müddət yuxarıda qeyd etdiyim şikayətləri hələ də olan xəstələr özlərini virus daşıyıcısı və ya yoluxucu saymaqları düzgün deyil. Onlar nə qədər çətin olsa da, bacardıqca bu psixoloji təzyiqdən özlərini tez bir zamanda azad etməyə çalışmalı və normal həyat fəaliyyətinə dönmələrinə səy göstərməlidirlər”.
 
“Təəssüf hissi ilə bildirmək istəyirəm ki, ölkəmizdə insanların çoxu bu xəstəliyin iqtisadi zərərini sadəcə tətbiq edilən karantin rejimi zamanı iqtisadiyyata dəyən ziyan ilə ölçürlər. Amma bu tədqiqatla bir daha məlum olur ki, xəstələr sağaldıqdan sonra karantin rejimi ləğv olunsa belə, iqtisadiyyatda olduqca mühüm rol oynayan insan faktoru hələ özünü tam bərpa etmiş olmur. Bu da öz növbəsində birbaşa iqtisadiyyata təsir göstərir”, - deyə N.Abdullayev vurğulayıb.








Redaktorun seçimi