Gömrük Hospitalında Rusiyanın məşhur reanimatoloqu ilə görüş keçirilib

Hit: 1770
Gömrük Hospitalında Rusiyanın məşhur reanimatoloqu ilə görüş keçirilib
11 iyul 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Lomonosov adına Moskva Dövlət Univetsitetinin Fundamental təbabət fakültəsinin professoru, reanimatologiya kursunun müdiri, 52 saylı şəhər klinik xəstəxanası baş həkimin anesteziologiya reanimasiya üzrə müavini Sergey Tsarenko ilə təcrübə mübadiləsi görüşü keçirilib. Tədbirdə Hospitalımızın müalicə işləri üzrə rəis müavini Bəxtiyar Musayev, Hospitalın reanimasiya şöbəsinin rəisi Tural Sadıqov, təcili yardım şöbəsinin rəisi Rəna Qasımova, reanimasiya və intensiv terapiya və təcili yardım şöbələrinin həkimləri, xüsusi yaradılmış EKMO qrupun həkim-üzvləri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Bəxtiyar Musayev tədbirin Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Ceyhun Məmmədovun təşəbbüsü ilə keçirilməsini qeyd edib, prof. Sergey Tsarenkonın tibb sahəsində əldə etdiyi uğurları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Prof. S.Tsarenko çalışdığı xəstəxanada koronavirus infeksiyalı xəstələrinin müalicəsində istifadə etdikləri müalicə protokolları, görülən diaqnostik və müalicə tədbirləri və bu sahədə qazandığı təcrübədən danışıb.
 
Rusiyalı mütəxəssis COVİD-19 xəstələrinin müalicəsinin peşəkar və yüksəkixtisaslı həkimlər tərəfindən aparılmasının vacibliyini vurğulayıb. Belə ki, xəstələrin düzgün müalicəsi və daim həkim nəzarəti altında saxlanılması onlarda xəstəliyinin ağırlaşmasının və reanimasiya şöbəsinə düşməsinin qarşısını alır. O, qeyd edib ki, çalışdığı 1000 çarpayılıq xəstəxanada tibb heyəti bir növbədə 24 saat çalışır. Bu tibb heyətinə xəstələrin səhhətində olan dəyişiklikləri daim nəzarətdə saxlamağa imkan verir. Eyni zamanda ən ağır koronaviruslu xəstələrin müalicəsində müxtəlif müasir tibb avadanlıqlarından istifadə edilməsi ilə bağlı tövsiyələrini verib. EKMO cihazının istifadəsi və bununla bağlı öz təcrübəsi ilə bölüşüb.
 
Tədbirin sonunda prof. S.Tsarenko həkimlərin suallarını cavablandırıb və koronaviruslu xəstələrin müalicəsində istifadə olunan dərman preparatlarının miqdarı, müalicə üsulları haqqında fikir mübadiləsi aparılıb. O, Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin reanimatoloqlarının koronaviruslu xəstələrin müalicəsində EKMO aparatının uğurla tətbiq etmələrini, ən ağır xəstələrə yüksək peşəkarlıqla tibbi xidmət göstərməsini, tətbiq olunan müalicə protokollarını yüksək qiymətləndirib və Hospitalın fədakar tibb personalının fəaliyyəti barədə xoş rəylər söyləyib. Yekunda Dr. Rəna Qasımova çox faydalı təcrübə mübadiləsinə görə tədbir iştirakçıları adından prof. S.Tsarenkoya təşəkkür edib.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə professor Sergey Tsarenko və onun bir qrup həmkarları təcrübə mübadiləsi məqsədilə Azərbaycana səfər ediblər.







Redaktorun seçimi