"Müalicə prosesində beynəlxalq təcrübədən də yararlanıb tətbiq edirik."

Hit: 1115
"Müalicə prosesində beynəlxalq təcrübədən də yararlanıb tətbiq edirik."
COVİD-19 artıq bir kabusa çevrilib, şəhərlərimizi, regionlarımızı qarış-qarış gəzir. Qırmızı zonaların sayı artmaqdadır. Hər gün koronavirusa yoluxanların artması bütün tibb işçilərini səfərbər edib. Onlar gecə-gündüz iş başında olmaqla, bu bəlaya düçar olmuş insanları sağaldıb həyata qaytarmağa çalışırlar.
 
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsi də iyun ayının 11-dən koronavirusa yoluxmuş ən ağır xəstələri qəbul edir. Şöbənin yüksəkixtisaslı həkimləri və fədakar orta və kiçik tibb işçiləri bir komanda şəklində birləşib yorulmaq bilmədən xəstələrin xidmətindədir. Bu şöbənin ən gənc həkimlərindən biri Dr.Sevda Quliyevadır.
 
Dr.Sevda Quliyeva 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmiş, 2010-2011-ci illərdə Mərkəzi Dəmiryol Xəstəxanasında terapevt ixtisası üzrə internatura keçmişdir. O, 2012-ci ildə ‘Tıpta Uzmanlık Sınavı’ ilə İstanbul Üniversitesi İstanbul Tıp Fakültəsinə qəbul olmuşdur. O illərdə Dövlət Programına seçilmişdir. 2017-ci ildə anestezioloq-reanimatoloq ixtisası üzrə uzman həkim adını almışdır .
 
O, 2017-2019-cu illərdə İstanbul şəhərində fəaliyyət göstərən Avrasiya Hospitalında anestezioloq-reanimatoloq kimi çalışmışdır. 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında Reanimasiya və İntensiv terapiya şöbəsində anestezioloq- reanimatoloq işləyir. Daim öz üzərində çalışan Dr.Sevda Quliyeva öz sahəsi üzrə beynəlxalq konqreslərdə, konfranslarda və simpoziumlarda iştirak edir.
 
Türkiyə Anesteziologiya və Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən 53-cü Ulusal Konqresi çərçivəsində Alparslan Turan adına keçirilən klinik araşdırma yarışmasında "Laparoskopik əməliyyatlarda fərqli intraoperativ oksigen inspirasiya fraksiyalarının qlikokaliks üzərinə təsiri" adlı çalışması ilə birinci yerə layiq görülmüşdür. Bu qalibiyyətlə bağlı Amerikanın tanınmış Klivland Xəstəxanasına (Cleveland Clinic) dəvət almışdır.
 
Həkim-anestezioloq-reanimatoloq Sevda Quliyeva nikbindir, sabaha ümidlə baxır. O, deyir: “Azərbaycanda COVID-19 virusuna yoluxmanın artma faktını nəzərə alaraq, hospitalımız da bu mübarizəyə qoşulub. Bütün bacarıq, təcrübə və biliyimizi səfərbər edərək bu virusa yoluxan xəstələr üçün əlimizdən gələni edirik.
 
Situasiyanı vaxtında qiymətləndirmək, qərar vermək və müəyyən müalicə üsulunu seçməkdən çox şey asılıdır. Öz müalicə prosesimizdə beynəlxalq təcrübədən də yararlanıb tətbiq edirik. Sağalan və ailəsinə qovuşan xəstələri görmək bizi daha da ruhlandırır. Bu bəlaya hamımız səfərbər olaraq qalıb gələcəyik”.








Redaktorun seçimi