"Kritik olan xəstələr məhz bizim şöbəyə daxil olurlar."

Hit: 946
"Kritik olan xəstələr məhz bizim şöbəyə daxil olurlar."
Reanimatoloq - həkimlik ixtisasları arasında ən stresli peşədir. Bu peşənin sahibləri bəlkə də, ən cəsarətli insanlardır. Onlar kritik vəziyyətə düşmüş xəstələri - ölümlə üz-üzə qalan insanları həyata qaytarırlar.
 
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı anestezioloq-reanimatoloqu Dr.Rəşad Nəsirli də belə həkimlərdəndir. Hospitalın Reanimasiya və intensiv terapiya şöbəsində mürəkkəb əməliyyatlardan sonra şöbəyə daxil olan pasiyentlərin, ağır qəza və travma keçirmiş insanların sağlamlığının bərpası ilə məşğul olur. Başımızın üstünü COVİD-19 kabusu alanda da Rəşad həkim geri çəkilmədi, koronavirus xəstələrinin yanında oldu.
 
İndi onsuzda gərgin olan iş rejimi daha da gərginləşib, xəstələrin sayı artıb. İsti havada narahat kostyumlar, ağır maskalar və eynəklər hərəkəti məhdudlaşdırır. Amma bütün bu çətinliklərə baxmayaraq, komanda yoldaşları kimi, Dr.Rəşad Nəsirli yenə iş başındadır, həyatını təhlükə altına qoyaraq, xəstələrinin yanındadır. Dr.Rəşad Nəsirli yüksəkixtisaslı həkimdir. O, 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib.
 
Dr. Rəşad Nəsirli 2005-2006-cı illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasında anesteziologiya və reanimasiya şöbəsində internatura kursu keçib. 2008-2015-ci illərdə Azərbaycan Travmatologiya və Ortopediya İnstitutunun Anesteziologiya və reanimasiya şöbəsində, B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda anestezioloq-reanimatoloq kimi çalışıb. O, 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında anestezioloq-reanimatoloq işləyir.
 
Dr. Rəşad Nəsirli 2011-2018-ci illər ərzində Türkiyənin müxtəlif şəhərlərində keçirilən konfranslarda iştirak edib, təkmilləşdirmə kursları keçib. Hazırda Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Türkiyə Respublikası Malatya şəhəri Inönü Universiteti Qaraciyər Nəqli Institutunda anesteziya üzrə dördillik doktorantura təhsilini davam etdirir.
 
Dr.Rəşad Nəsirli bu günlər ailəsindən, doğmalarından ayrı düşüb. Hospital koronaviruslu xəstələri qəbul edən gündən o da evinə getmir. Amma yenə bundan gileyli deyil, çünki işinin məsuliyyətini və ağırlığını dərk edir. O, deyir: “Hazırda hospitala daxil olan koronaviruslu xəstələrin əksəriyyətinin vəziyyəti ağır və orta ağır olaraq qiymətləndirilir.Kritik olanlar məhz bizim şöbəyə daxil olurlar.
 
Onlarin təngənəfəslik probleminin həlli üçün reanimatoloqlar əllərindən gələni edirlər, süni tənəffüs cihazina bağlanmaması üçün calisirlar. Biz bu prosesi bacardığımız qədər uzatsaq da, bəzi xəstələrdə tənəffüs çatışmazlığı dərinləşir. Bu, digər həyati vacib orqanların fəaliyyətinə mənfi təsir edir və həmin xəstələr son çarə olaraq süni tənəffüs aparatına qoşulur. Bu halları görmək və yaşamaq çox ağırdır...
 
İndi biz gərgin iş rejimində çalışırıq. Demək olar ki, sutka ərzində çox az dincəlmək şansımız olur. Doğmalarımız üçün darıxırıq. Amma biz geri çəkilməyəcəyik və əminəm ki, bir gün bu infeksiyaya birlikdə qalib gələcəyik”.








Redaktorun seçimi