Koronavirusla ölüm-dirim mübarizəsinə ilk gündən qatılan həkim

Hit: 2669
Koronavirusla ölüm-dirim mübarizəsinə ilk gündən qatılan həkim
Bu gün COVİD-19 pandemiyasına qarşı ön cəbhədə mübarizə aparanlar bizim peşəkar həkimlərimiz və fədakar tibb işçiləridir. Koronaviruslu xəstələrin müalicəsi, ağır xəstələrin həyata qayıtması üçün əllərindən gələni əsirgəməyən həkimlərdən biri də Dr.Afət Əkbərovadır.
 
Dr.Afət Əkbərova 1995-ci ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Semaşko adına klinik xəstəxanada infeksionist ixtisası üzrə internatura keçmişdir. 1996-cı ildə akademik N.N.Əliyevin rəhbərliyi ilə V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda “İnfeksion xəstəliklər” üzrə kliniki ordinaturaya daxil olmuşdur. O, 1998-ci ildən bu günə qədər klinik ordinator kimi çalışır, 2011-ci ildən isə həmin institutun yanında Parazitar Xəstəliklər Klinikasının baş həkimidir.
 
Dr.Afət Əkbərova Azərbaycanda koronavirus infeksiyasının yayıldığı ilk gündən onunla mübarizəyə qoşulmuş və əvvəlcə könüllü olaraq karantinə alınmış xəstələr arasında maarifləndirmə işi aparmış, sonra isə COVİD-19 xəstələrinin birbaşa müalicəsinə qatılmışdır. O, martın 1-də Cəlilabad rayonuna, sonra Qobustan Mərkəzi rayon xəstəxanasına ezam edilmiş, orada koronavirus xəstələrinin müalicə edilməsində yaxından iştirak etmişdir.
 
İyun ayının 11-dən Mərkəzi Gömrük Hospitalı xüsusi olaraq koronavirus xəstələri üçün ayrıldığından, Afət xanım da bu Hospitala gələrək, artıq 20 gündür ki, tibbin müxtəlif sahələrində işləyən yüksəkixtisaslı həkimlərlə bir komandada çalışaraq, bir çox xəstələrin sağalıb evlərinə qayıtmasına yardımçıdır.
 
Afət xanım, Sizə Hospitalımızın bütün kollektivi adından bir infeksionist həkim kimi komandamıza qoşulduğunuza görə, koronaviruslu xəstələrin müalicəsində yaxından iştirakınıza görə, həyatınızı təhlükə altına qoyaraq xəstələrlə təmasdan çəkinmədən virusla mübarizəyə qatıldığınıza görə dərin minnətdarlığımızı bildiririk. Yaxşı ki, varsınız!








Redaktorun seçimi