"Əgər qaydalara əməl etməsək, hazırkı dalğa daha da sürətlənə bilər"

Hit: 1134
"Əgər qaydalara əməl etməsək, hazırkı dalğa daha da sürətlənə bilər"
Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün geniş tədbirlər görülür. Kütləvi tədbirlərin, insanların qrup şəklində bir arada olmasının qadağan edilməsi, eləcə də təhsil müəssisələrinin və sərhədlərin bağlanılması infeksiyanın yayılmasının qarşısının alınması üçün həyata keçirilən uğurlu tədbirlərdəndir.
 
Bunu Faktor.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
 
“Təəssüf ki, atılan addımlara baxmayaraq, virusa yoluxanların və ölənlərin sayı artır. Yəqin ki, bu tədbirlər həyata keçirilməsəydi, yoluxma və ölüm hallarının sayı fantastik rəqəmlərlə müşahidə olunardı. Bu, bir daha onu göstərir ki, tətbiq edilən xüsusi karantin rejimi və məktəblərin bağlanılması nəticəsində virus daha da geniş yayıla bilməyib. Təbii ki, yoluxma və ölüm hallarının indiki artımı da müvafiq preventiv tədbirlərin səmərəsizliyindən irəli gəlmir. Bu, bütün dünyada belədir. Əgər insanlar məsuliyyətdən yayınıb şəxsi gigiyena qaydalarına əməl etməsələr, məsafə saxlamasalar, tibbi maskadan istifadə etməsələr, o zaman COVID-19-un yayılma sürəti də həyata keçirilən istənilən qabaqlayıcı tədbiri üstələyə biləcək. Virusun zərərsizləşdirilməsi isə peyvənd tapılana və ya insanlar immunitet qazanana qədər qeyri-mümkündür", - deyə Nuran Abdullayev qeyd edib.
 
Azərbaycanlı həkim söyləyib ki, dövlətin virusun yayılmasının qarşısının alınmasına qarşı həyata keçirdiyi tədbirlərə cəmiyyət tərəfindən də lazımi dəstək verilərsə, bu zaman virusun yayılma sürəti kifayət qədər azalar. Lakin təəssüflər olsun ki, son günlərdə vətəndaşların laqeyd münasibəti və etinasızlığı, təcrid qaydalarına riayət olunmaması nəticəsində yoluxma halları daha da artır. Yaxın keçmişə nəzər salsaq, aprel və may aylarına nisbətən hazırda ölkəmizdə yoluxma hallarının necə sürətlə yayıldığını görürük. Bu sürətin artım tempinə ölkəmizdə koronavirusun geniş yayıldığı rayon və şəhərlərin sakinlərinin digər rayon və şəhərlərə istirahətə yollanması da müəyyən mənada köməklik göstərib. Təsəvvür edin ki, simptomsuz virus daşıyıcısı koronavirusun yayılmadığı rayon və şəhərə istirahətə gedirsə, bu, getdiyi ərazidə nə qədər insanı yoluxdurması deməkdir. Beləliklə, bir nəfərin məsuliyyətsizliyi ucbatından daha bir rayon və ya şəhər təhlükə altına düşmüş olur.
 
N.Abdullayev qeyd edib ki, vətəndaşlar Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu günlərdə tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi başa çatandan sonra da qaydalara əməl etməyi, bunu özlərinin yeni həyat tərzinə çevirməyi bacarmalıdırlar: “Hazırda ölkəmizin bir neçə şəhər və rayonunda iyunun 21-dən iyulun 5-dək sərt karantin rejimi tətbiq edilib. İyulun 5-dən sonra biz ikihəftəlik bu qapanmanın müsbət nəticəsini görsək belə, sevinib yenidən küçələrə, kafe və restoranlara axışmamalıyıq. Yəni, iyulun 5-dən sonra yoluxma halları azalsa belə, biz qaydalara əməl etməkdə davam etməliyik, maskalardan istifadəyə və məsafənin saxlanılmasına xüsusi diqqət yetirilməlidir. Əgər qaydalara əməl etməsək, iyul ayında hazırkı dalğa daha da intensivləşə və sürətlənə bilər. Hər kəs bilməlidir ki, həyata keçirilən bütün tədbirlər yalnız insanların sağlamlığının qorunması üçündür və yalnız insanlar özləri məsuliyyətli olub bu tədbirlərin effektli olmasına dəstək ola bilərlər. Əks halda, yoluxmanın qarşısını almaq olmaz”.








Redaktorun seçimi