İnsanları peyvəndin tapılacağına inandırmaq olmaz – - AZƏRBAYCANLI HƏKİM

Hit: 533
İnsanları peyvəndin tapılacağına inandırmaq olmaz – - AZƏRBAYCANLI HƏKİM
“Koronavirus əleyhinə peyvəndin kəşfini bütün insanlar kimi, tibbi işçiləri də səbrsizliklə gözləyir. Amma hər kəs bilməlidir ki, peyvəndin tapılması onun həmin dəqiqə kütləvi şəkildə insanlar üzərində icrasına başlamaq demək deyil. Peyvəndin tətbiq olunacağı zaman isə sadəcə, hələ ki proqnozlaşdırılır.”
 
Bu fikirləri Faktor.az-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
 
Onun sözlərinə görə, hazırda dünyada tüğyan edən koronavirus infeksiyası ümumbəşəri problem olduğu üçün peyvəndin hazırlanması həllinə yönələn işlər də kompakt olmalıdır: “Mən və digər həkim həmkarlarımız peyvəndin hazır olmağı ilə bağlı bundan əvvəl də kifayət qədər məlumatlar vermişik. Hazırda tibb mütəxəssisləri və elm adamlarının bu istiqamətdə həyata keçirdiyi işlər hələ də davam edir və kifayət qədər tutarlı elmi tədqiqatlar var. Bəziləri artıq insanlar üzərində tətbiq olunub. Amma bu hələ peyvəndin artıq satışa çıxmağı və ya başqa ölkədə tətbiqinə başlanması demək deyil. Hər kəs bilməlidir ki, peyvəndin ərsəyə gəlməsi təkcə aparılacaq elmi tədqiqatlardan asılı deyil, eyni zamanda tibbi preparatlar istehsal edən nəhəng şirkətlərin verdiyi önəmli qərarlardan da asılıdır. Bu gün isə həmin nəhəng şirkətlərin öz aralarında olan informasiya müharibəsinin qurbanları sadə insanlar olur. Hər dəfə peyvəndin tam hazır olduğuna ümidlənirlər. Buna görə də millətimizi tibb sahəsindəki peşəkarlara və elm adamlarına inanmağa çağırıram”.
 
Tibb elmləri doktoru hesab edir ki, insanları peyvəndin daha tez tapılacağına inandırmaq cəmiyyəti sosial təcrid qaydalarına əməl etməkdən yayındıra bilər: “Biz bunu dəfələrlə demişik: sosial təcridə riayət etməmək, eləcə də tibbi maskadan istifadədən yayınmaq cəmiyyəti faciəyə sürükləyə bilər. Onsuz da koronavirusun mövcudluğuna qarşı inamsızlığı olan cəmiyyəti peyvəndin tez bir zamanda tapılacağına inandırmaq və elə ona görə də tətbiq olunan qaydaları pozmağa dəvət etmək sadə məsələdir. Amma bunun nəticəsi xalqı ölümə aparmaq deməkdir. Hazırda peyvəndin tapılmasına qədər olan ən önəmli mərhələ virusun yayılmasının qarşısının alınmasına çalışmaqdır”.








Redaktorun seçimi