Allergik konyunktivitin formaları necə olur? - Mütəxəssis açıqlayır

Hit: 1172
Allergik konyunktivitin formaları necə olur? - Mütəxəssis açıqlayır
Hal-hazırda gözlərin zədələnməsi ilə gedən allergik xəstəliklərin sayının artmasında nəzərəçarpacaq dərəcədə artım qeyd edilir. Bura allergik konyunktivitlər, allergik keratokonyunktivitlər və pollinozu olan pasientlərdə gözlərin mövsümi zədələnməsi daxildir. Rastgəlmə tezliyinə görə allergik konyunktivit bu siyahıda birinci yerdə durur.
Allergik konyunktivit – gözün konyunktiva qişasının allergik iltihabi xəstəliyidir.
Allergik konyunktivit daha çox gənc yaşlarda rast gəlinir. Çox sayda tədqiqatlar göstərir ki, allergik konyunktivitin simptomları 20-40% pasientlərdə digər allergik patologiya ilə rast gəlinir.
 
Allergik konyunktivit zamanı gözlər toz dənəciklərinə, gül pulcuqlarına va başqa allergenlərə qarşı həssas olduqda qızarır, qaşınır va su axır. Allergik konyunktivit gözün allergena qarşı iltihabi reaksiyasıdır.
Konyunktiva qişası - göz almasının və göz qapaqlarının daxili qatını örtür. Əsasən mövsümi (toz, gül tozları) allergenlərə qarşı qıcıqlanma baş verə bilər. Bu həmçinin orqanizmin allergenə reaksiyasıdır.
 
Allergik konyunktivitin formaları:
• Kəskin allergik konyunktivit: əsasən, allergik mövsumlərdə göz qapağı kəskin şişir, qaşınır və yandırır. Bu zaman burundan su da gələ bilər.
• Xroniki allergik konyunktivit: dərman, qida, heyvan tüklərinə qarşı reaksiya zamanı müşahidə olunur. Xroniki allergik konyunktivit il ərzində baş verir. Bu zaman simptomplar kəskin allergik konyunktivitdən daha yüngül olur. Simptomlara gözdə qaşınma və işığa həssaslıq aiddir.
Allergik konyunktivitin növləri:
- Pollinoz
- Dərman
- Xronik
- Yaz
- Atopik keratokonyunktivit
Allergik konyunktivitin səbəbləri:
Allergik konyunktivit kəskin hiperhəssaslıq mexanizmi ilə yaranır, yəni allergen ilə kontaktdan dərhal sona yaranır.
Göz almasının anatomik quruluşu onun müxtəlif allergenlərlə təmasını asanlaşdırır. Allergenlər məişət (gənə, ev tozu, kitabxana tozu, balış və döşəklərdə olan tüklər), epidermal (heyvani yun və qabiq, tük, lələk, balıq qidaları ), toz (müxtəlif bitkilərin tozu) mənşəli ola bilər. Kosmetika, həmçinin məişət kimyasına qarşı allergiya yarana bilir. Çox nadir hallarda qidaya qarşı allergik konyunktivit müşahidə oluna bilər.
Allergik konyunktivitin simptomları:
Allergik konyunktivit zamanı simptomlar allergenlə kontaktdan dərhal və ya 12-24 saat ərzində baş verə bilər.
Bir qayda olaraq hər 2 gözdə olur. Bir gözdə allergiyanın olması tipik bir hal deyil, lakin bəzən ola bilər. Əsas simptomlara intensiv qaşınma, qızartı, yaşaxma və qapaq şişkinliyi aiddir. Fəsadlı formada işıqdan qorxma da müşahidə oluna bilər.
Müalicə düzgün aparılmadıqda və infeksiya prosesə qoşulduqda irinli ifrazat da müşahidə oluna bilər.
Adətən, allergik konyunktivit allergik rinit ilə müşahidə olunur.
Allergik konyunktivitin müayinəsi:
Allergik konyunktivit ilə 2 mütəxəssis məşğul olur: allerqo-immunoloq və oftalmoloq. İlk olaraq, oftalmoloqa müraciət etmək lazımdır, çünki allergik konyunktiviti başqa göz xəstəliklərindən o, differensasiya edəcək.
Allergik konyunktivitin müalicəsi:
Ev şəraitində müalicə:
- Pəncərənin bağlı saxlanması
- Evi tozlardan təmiz saxlamaq
- Hava təmizləyicilərdən istifadə etmək
- Kimyəvi iylərdən, rənglərdən və parfümdan uzaq tutmaq
- Gözlər qaşımamaq, sürtməmək. Qaşınma olduqda soyuq kompresdən istifadə etmək, çünki soyuq nəticəsində iltihab və qaşınma azalır.
Medikamentoz müalicə
- Allergenin təyin olunması və xaric edilməsi
- Antihistamin göz damcılarının təyini
- Antihistamin həblərin təyini
- Kəskin formada steroidlər də təyin oluna bilər.

Yazgul Abdiyeva








Redaktorun seçimi