"Karantində 1 həftə qalmaq kifayətdir"

Hit: 791
"Karantində 1 həftə qalmaq kifayətdir"
"Artıq COVID-19 virusu elmə məlum olan gündən institutlarda bu virus haqqında tədqiqatlara başlanılıb. Elə bunun nəticəsidir ki, biz bu gün virus haqqında danışarkən 2 ay öncəki kimi yeni virus demirik və ötən aylardakı qədər də az informasiyalı deyilik. Hələ də bu virusun öyrənilməsi istiqamətində böyük elmi tədqiqatlar davam etsə də, bu günə qədər artıq elmə məlum olan məlumatlarla virusla mübarizəni birinci mərhələ ilə müqayisədə daha da effektli təşkil etmək olar".
 
Bu fikirləri “Report”a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
 
O, pandemiya ilə mübarizənin ikinci mərhələsində artıq elmə məlum olan virusla mübarizə strategiyasındakı elmi yeniliklərdən danışıb:
 
"Hər kəsin də bildiyi kimi COVID-19 virusunun R0 deyilən yoluxma əmsalı var ki, bu da bizə hələ Çində olan yoluxmalardan məlum idi. Bu əmsal bizə bir virus daşıyıcısının neçə nəfəri yoluxdurması barədə məlumat verirdi. Artıq bu virusun öyrənilməsində, daha doğrusu yoluxma zəncirinin araşdırılmasında epidemiologiyada çox vacib olan və bu virusa da xas olan bir amil üzə çıxdı. Belə ki, COVID-19 virusuna yoluxan çox az adam həddindən çox adamı (yoluxma əmsalından çox) yoluxdurur və bir çox virus daşıyıcısı isə çox az adamı yoluxdurur və ya heç kimi yoluxdurmur. Amma nəticə etibarı ilə isə yoluxma əmsalı eyni qalır. Bu da K (kappa əmsalı) ilə müəyyən edilir. Belə ki, K əmsalı 1 olan virus o deməkdir ki, yoluxduruculuq sadəcə yoluxma əmsalı üzrə gedir, 0 olduqda isə yoluxduruculuq tamamilə yoluxma əmsalının xaricində kontroldan çıxmış şəkildə gedir. Buradan da o nəticə çıxır ki, bu əmsal nə qədər kiçik olarsa çox adamı yoluxduran az sayda virus daşıyıcıları virusun insanlar arasında yayılmasında böyük rol oynayır. Belə olan halda isə yoluxma hallarının qarşısını almaq sadəcə standart yoluxma əmsalı ilə yayılan virusun qarşısını almaqdan sadədir. Burada vacib amil isə yoluxma hallarını zamanında bilmək və qarşısı alınmaqdır ki, müvafiq şəxslər tez bir zamanda karantinə alınsın".
 
N.Abdullayev bildirib ki, növbəti vacib məsələ isə virusun inkubasiya vaxtıdır:
 
"Bu zaman yuxarıdakı hallarda karantinə alınmış şəxslərin də artıq 1 həftə karantində qalması kifayətdir. Çünki virusun inkubasiya vaxtı və yoluxduruculuq qabiliyyəti ilkin mərhələdə söylənilənlərdən çox az olması artıq elmi olaraq sübut edilib. Son olaraq isə onu qeyd etmək istəyirəm ki, artıq bizlərə məlum olan və Azərbaycanda da maarifləndirilməsinə başlanmalı mövzu qapalı otaq şəraitində təmiz havanın gəlməsini təmin etmək və otağın təmiz hava ilə havalandırılmasıdır. Bu da virusa yoluxmanın qarşısını dəfələrlə alır. Bu amil ilkin mərhələdə deyilən əlləri təmiz saxlamaqdan da vacib amildir ki, hazırda Azərbaycanda avtobus və metroların istifadəsində də ciddi nəzərə alınmalıdır".








Redaktorun seçimi