Limfodrenaj nədir və bu prosedur nəyə görə lazımdır?

Hit: 826
Limfodrenaj nədir və bu prosedur nəyə görə lazımdır?
Bədənin gözəl və elastik olması üçün limfa sərbəst surətdə bütün orqanizm boyu sirkulyasiya etməlidir. Lakin hazırda insanlarda çox vaxt limfanın hərəkətsizliyi, yəni durğunluğu müşahidə olunur. Bəs bunu necə aradan qaldırmaq olar?
 
Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Afət Çəndirli bu mövzuda oxucuları məlumatlandırır.
 
-Hamıya məlumdur ki, su – istənilən orqanizmin əsasıdır. Əgər orqanizmdə su çatışmazlığı olarsa, bədəndə dövran edən qan qatılaşmağa başlayacaq. Limfa hüceyrələrdən zərərli maddələri - toksinləri çıxarır. Limfa hərəkətsiz qaldıqda və sirkulyasiya etmədikdə, orqanizmdən çıxarılmalı olan bütün zərərli maddələr yerində qalır. Nəticə heç də ürəkaçan olmur: insan hormonal pozuntulardan, sellülitdən, şişkinlikdən, qırışlardan və bir çox başqa xəstəliklərdən əziyyət çəkir.
 
Hamı bilir və bütün həkimlər gündə 2 litrə qədər su içməyi tövsiyə edirlər. Bu nə üçün lazımdır? Orqanizmdə limfa durğunluğunun meydana gəlməməsi üçün kifayət qədər su içmək və düzgün qidalanmaq, eyni zamanda suyu orqanizmdə saxlayan ərzaq məhsullarından istifadə etməmək lazımdır. Lakin müasir həyatda bəzən bu sadə qaydalara riayət etmək o qədər də asan olmur. Məhz bu şəraitdə köməyə limfodrenaj gəlir.
 
Limfodrenaj metabolik prosesləri yaxşılaşdırmağa, ödemi, gərginliyi aradan qaldırmağa, limfanın bədəndə sərbəst hərəkətini normaya salmağa və limfa mayesinin dövranını bərpa etməyə yönəlmiş bir terapevtik prosedurdur.
 
Limfodrenaj proseduru - limfa axınının normallaşdırılması və gücləndirilməsi üçün nəzərdə tutulmuşdur. Bu prosedur bədənin müxtəlif hissələrini təzyiq altında sıxıb açan hava dalğasıdır. Onun köməyi ilə limfatik və venoz qan dövranını gücləndirmək, əzələləri canlandırmaq, yığılmış toksinləri, yağların parçalanma məhsullarını aradan qaldırmaq, durğun mayeni orqanizmdən uzaqlaşdırmaq mümkündür.
 
Bu prosedur bir çox problemlərin həllində əvəzedilməz metoddur. Limfopressiyanın əsas məqsədi limfatik düyünlərə və damarlara təsir etmək yolu ilə durğun limfanı hərəkətə gətirməkdən ibarətdir. Əgər pasiyentlər bu proseduru illik kurs şəklində keçirərlərsə, bu onlarda varikozun inkişaf riskini azaltmağa imkan verər.
 
Limfodrenaj bağırsaqların da fəaliyyətinə yaxşı təsir edir, qəbizliyi aradan qaldırır. Limfodrenaj, həmçinin, bədənin gözəl formada saxlanması məqsədilə kosmetik müalicə proseduru kimi də tətbiq edilir.
 
İcra üsulundan və bu prosedurda istifadə olunan vasitələrdən asılı olaraq, aşağıdakı metodlardan istifadə olunur:
 
- Pressoterapiya. Limfodrenajın geniş yayılmış növlərindən biri olan bu prosedur zamanı xüsusi bir kostyumdan istifadə edilir. Bu kostyuma müxtəlif təzyiqlər verilir və bu da pasiyentin bədənində ayrı-ayrı hissələrdə təzyiqin dəyişməsini təmin edir.
 
- Vakuum. Vakuum cihazı mənfi təzyiq yaradaraq xəstənin dərisini dartır. Bu prosedur limfa axınını stimullaşdırır və qan dövranını normaya salır. Şişkinliyi aradan qaldırır.
 
Limfodrenaj proseduru başqa fizioterapevtik prosedurlarla: kinezioteyp, kompressiya terapiyası və s. prosedurlarla кompleksdə şəkildə tətbiq edildikdə daha yaxşı nəticə verir.
 
Əks göstərişlərə gəldikdə isə, limfodrenaj proseduru hamiləlik dövründə, dəri xəstəliklərində, onkoloji xəstəliklərdə, ürək-damar sistemi xəstəliklərində, tromboz zamanı və hormonal pozuntuları olan xəstələrdə məsləhət deyil.







Redaktorun seçimi