"Virus bitməyib, sadəcə mübarizənin yeni mərhələsi başlayır"

Hit: 771
"Virus bitməyib, sadəcə mübarizənin yeni mərhələsi başlayır"
"Artıq dünyanın dörd bir tərəfində, eləcə də Azərbaycanda bu günə qədər tətbiq olunan xüsusi karantin rejiminin şərtlərinin yumşaldılması və tətbiq olunan qadağaların ləğv edilməsi, təəssüflər olsun ki, sadə vətəndaşlarla yanaşı bəzi həkim və elm adamlarımızda virusun artıq azaldığı və ya yoxa çıxdığı kimi düşüncə yaradıb".
 
Bunu “Report”a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
 
O, narahatlıq hissi ilə vurğulayıb ki, bu, çox səhv düşüncə tərzidir:
 
"Belə ki, virus əvvəlki kimi öz virulentliyində qalmaqda davam edir, sadəcə ölkələrdə virusla mübarizə özünün fərqli mərhələsinə qədəm qoyub. Ona görə də bu, pandemiyanın yeni mərhələsi adlandırılır. Belə ki, mübarizənin ilkin mərhələsində məqsəd əhalini maarifləndirilmək, bir-birindən uzaq durmaqlarını müəyyən qadağalarla təmin edərək yoluxma əmsalını (R0) 1-dən aşağı salmaq və yeni virus növünü elmi olaraq öyrənmək idi. Bəs mübarizənin ikinci mərhələyə keçməsinə səbəb nə idi? Hər kəsə aydın olmalıdır ki, davam edən 1-ci mərhələ sağlamlıq tərəfdən nə qədər insanları qorusa da, bu, ümumi iqtisadiyyata və insanların sosial vəziyyətinə çox mənfi təsir göstərirdi. Bu da dövlətlərin büdcəsinə mənfi təsir edirdi. Bu sahədə Almaniyada keçən həftə dərc olunan bir elmi tədqiqat da var ki, yoluxma əmsalı nəzərə alınaraq virus nəticəsində ölənlər haqqında və o əmsala uyğun olaraq da ümumi iqtisadiyyata dəyən zərər haqqında çox düzgün analizlər ortaya qoyub".
 
N.Abdullayev həmin tədqiqatda yer alan məlumatlardan söz açıb:
 
"Həmin tədqiqatda bildirilir ki, Almaniyada yoluxma əmsalı 1 olaraq davamlı qalsa, birbaşa virusdan ölənlərin sayı 2021-ci ilin yayına qədər bir neçə 10 minlərlə olacaq, iqtisadiyyata dəyən zərər isə maksimum 2021-ci ilin qışına qədər davam edəcək. Burada nəzərə alınan faktorlardan biri də 2021-ci ilin yayına qədər peyvəndin tapılmasıdır ki, ondan sonra da pandemiya bitmiş sayılacaq. Tədqiqatın maraqlı nəticələrindən biri də həm səhiyyə sisteminə, həm də ölkə iqtisadiyyatına ən uyğun və əlverişli olacaq yoluxma əmsalını Almaniya üçün bildirməsidir ki, bu da 0,75-dir".
 
Həkimin sözlərinə görə, belə olan halda ölənlərin sayı 10 mindən az olmaqla yanaşı iqtisadiyyata da minimum zərər dəyəcək:
 
“Bəs ikinci mərhələdə insanlar nəyə diqqət etməlidirlər? İkinci dalğanın olması nə deməkdir? Hər kəsin bilməsi vacib olan məsələlərdən biri də ondan ibarətdir ki, ikinci mərhələdə elmi olaraq virus haqqında bildiklərimizi praktiki olaraq tətbiq etməliyik. Məsələn, artıq məlumdur ki, virus hava damcı üsulu ilə ötürülərkən burada vacib faktorlar aerozollardır. Aerozollar damcıdan da dəfələrlə kiçikdir ki, bunlar bəzən havada bir neçə saat da qala bilərlər. Bu da bugünkü gün artıq açılan restoran və kafelərin iş rejimində ciddi nəzərə alınmalıdır. Bundan başqa, artıq bizə məlum oldu ki, məsafənin saxlanılması və maskalardan istifadə əlləri təmiz saxlamaqdan daha da önəmlidir. Bu kimi faktorları nəzərə alaraq insanlar bu vacib amillərə əhalinin artıq neçə faizinin bu virusa yoluxmasından asılı olmayaraq maksimum əməl etməlidirlər. Virusla mübarizənin bu mərhələsində təbii ki, dünyanın hər yerində yoluxma sayları artacaq və virusun hansı yaş qrupları arasında yayılması da ölüm sayına təsir edəcək. Ona görə də Azərbaycanda bu mərhələdə ayrı-ayrı müəssisələrə, qurumlara və insanların toplaşdığı yerlərə xüsusi diqqət yetirilməlidir".
 
N.Abdullayev bildirib ki, əgər tapşırılan gigiyenik tələblərə əməl olunmayıb virus yoluxması baş verərsə, həmin qurumların və insanların toplaşdığı yerlər yenidən bağlanmalıdır:
 
"Amma belə yoluxmaların olmağının ikinci dalğa adlandırılması düzgün deyil, çünki bu kimi hallar dəfələrlə təkrarlana bilər ki, bütün elm adamlarının da narahat olduğu budur. Narahat olunası vacib amil isə Azərbaycanda yay bitənə qədər insanları bu vəziyyətdə maksimum maarifləndirməkdir, əks halda yaydan sonra hər il olan müəyyən qrip dalğası zamanı vəziyyət çox ciddi şəkildə pisləşə bilər. Məqsədlərdən biri də xüsusi risk qrupuna daxil olan insanları peyvənd tapılana qədər qorumaq olmalıdır. Həkimlər isə artıq mübarizənin yeni mərhələsində ilkin mərhələdə buraxılan səhvləri etməməli və bu günə qədər virus haqqında olan bütün elmi məlumatlara yiyələnməlidirlər ki, fərqli simptomlarla həkimə müraciət edən müxtəlif yaş qrupundan olan virus daşıyıcılarını tez bir zamanda müəyyən edib sağlam insanlara yoluxmanın qarşısını alsınlar.
 
Hamı bilməlidir ki, bu yeni mübarizə mərhələsində virusun Azərbaycanda bu günə kimi nə qədər yayılmasından asılı olmayaraq hər bir kəsin üzərinə düşən məsuliyyət daha da çoxalıb, bununla yanaşı, bu mərhələdə dünyada da siyasət və elmdə də olan narahatçılıqlar daha da fərqli istiqamət alıb".








Redaktorun seçimi