Tanınmış azərbaycanlı həkim: - "Xəstələrin immunitet qazanması yoxlanmalıdır"

Hit: 1614
Tanınmış azərbaycanlı həkim: - "Xəstələrin immunitet qazanması yoxlanmalıdır"
“Bu gün Azərbaycanda bildiyimiz kimi tətbiq olunan xüsusi rejimi şərtlərinin yumşaldılması prosesi gedir və eyni zamanda əhalidən də maksimum özlərini qorumaq və müvafiq gigiyenik qaydalara əməl etmək istənilir. Amma təəssüf ki, bir çox insan belə bir ciddi məsələdə məsuliyyətsizlik və inamsızlıq göstərir. Bu da vəziyyətin ciddiliyini dərk edən insanlarda böyük məyusluq yaradır. Təbii ki, əgər yoluxmaların sayı kəskin şəkildə artarsa, bu, həmin insanların canları bahasına başa gələ bilər. Eyni zamanda səhiyyə sisteminin eyni vaxtda yüklənməsi nəticəsində bu, virusa yoluxub yüngül simptomlarla keçirən xəstələrə də tibbi xidmət səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq. Yekunda isə ümumilikdə səhiyyə sisteminin dekompensasiyasına gətirib çıxara bilər”.
 
Bunu “Report”a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
 
N.Abdullayev qeyd edib ki, Azərbaycanda insanların məsuliyyətsizliyi ölüm hallarının bəzi Avropa ölkələrindəki kimi ölüm sayına gətirib çıxarmasa da, digər alternativləri axtarmağa yönəldir:
 
“Bildiyimiz kimi, yoluxanların sayı nisbi bir rəqəmdir. Bu, test saylarına görə müəyyən edilir, amma ölənlərin sayı isə nisbi bir rəqəm deyil, ölüm sayı faktdır. Bütün bunları analiz edəndən və COVID-19-la bağlı ən son elmi tədqiqatlara nəzər saldıqdan sonra iki maraqlı sual yaranır ki, bu suala cavablar əhalinin sağlamlığı ilə yanaşı həm dövlət siyasətində və həm də iqtisadiyyatında veriləcək qərarlara birbaşa kömək edəcək: Koronavirus Azərbaycanda nə vaxtdan yayılıb? Nə qədər əhali Azərbaycanda artıq bu virusa yoluxub və onlarda immunitet formalaşıbmı? Artıq ilk sualın cavabını müxtəlif Avropa ölkələri də araşdırmağa başlayıb. Məsələn, Fransada artıq yanvar ayından deyil, dekabrdan yayılması öz təsdiqini tapır. Bu sualın cavabı Azərbaycana nə verəcək məsələsinə gəldikdə, cavab çox bəsit və vacib məsələdir. 
 
Belə ki, əgər bu tarix bəlli olarsa model əsasında Azərbaycan əhalisinin neçə faizinin artıq virusa yoluxduğunu dəqiq hesablamaq olar. Bununla da xüsusi karantin rejimin şərtləri tamamən dəyişər və dövlət də diqqətinin böyük hissəsini əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldər. Əhalidə COVID-19-a qarşı immunitetin olmasını yoxlamaq isə birbaşa dövlətə bundan sonrakı addımların atılmasında kömək edəcək və bundan başqa əhali arasında tətbiq ediləcək gigiyenik tələbləri dəqiq bəlli edəcək. Təbii, ola bilər ki, əhalinin artıq əksəriyyəti artıq bu xəstəliyi keçirib və onlarda immunitet formalaşıb ki, bu gün onların tələb olunan gigiyenik normalara əməl etməmələri ölüm saylarını çoxaltmır. Bunu təsdiq və ya inkar etmək üçün isə artıq dünyada tətbiq olunan müxtəlif test və seroloji müayinələrin Azərbaycanda da istifadəsi vacibdir. Bu testlərin tətbiqinə virusun rəsmi qeydə alındığı zamandan 2-3 ay öncə ağır qrip simptomları keçirən şübhəli xəstələrdə başlamaq daha düzgün olardı”.







Redaktorun seçimi