Koronavirus dənizdə çimməklə yayıla bilər? - Məşhur həkim açıqladı

Hit: 751
Koronavirus dənizdə çimməklə yayıla bilər? - Məşhur həkim açıqladı
Yay mövsümü yaxınlaşdıqca koronavirus pandemiyasının dəniz suyu vasitəsilə yoluxucu olub-olmadığı müzakirə olunur.
 
Faktor.az məsələ ilə bağlı Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin fikrini öyrənib. 
 
- COVID-19-a yoluxma təhlükəsi açıq sularda nə qədərdir və ya dənizdə üzməklə insan virusa yoluxa bilərmi?
 
- Artıq hər kəsə məlumdur ki, COVİD-19 virusu hava-damcı yolu ilə keçir və insanların çoxu da düşünür ki, nə zamansa bu damcılar dəniz suyunda toplanır. Buna görə də dəniz suyundan da yoluxma ola bilər. Amma bu virusun bəzi başqa bakteriya və viruslar kimi (Legionella, bəzi bağırsaq bakteriyaları kimi və s.) suda çoxalma qabiliyyəti olmadığına görə artıq elm adamlarının çox qisminin yuxarıdakı suala cavabı xeyrdir. Amma bura əlavə də etmək lazımdır ki, bu günə qədər bu haqda - COVID-19 və bir başa dəniz suyu ilə bağlı aparılan heç bir elmi tədqiqat yoxdur. Sadəcə virus haqqında bugünə qədər məlum olan bəzi elmi məlumatlar əsasında deyilə bilər ki, dəniz suyundan birbaşa yoluxma mümkün deyil.
 
Hətta bəzi elm adamlarının iddiasına görə COVID-19 viruslu xəstə dəniz suyuna asqırıb və ya öskürərsə virus dəniz suyundan yenidən yoluxdurucu damcı və ya Aerozol şəklinə düşüb insanı yoluxdura bilməz, çünki yoluxduruculuq qabiliyyəti kifayət qədər olmur. Onların iddiasına görə hətta dəniz suyu gözə və ya selikli qişaya düşərsə belə artıq o vaxta qədər virusun yoluxduruculuq qabiliyyəti təsəvvür edilən deyil.
 
Bütün yuxarıda qeyd olunanlarla yanaşı hər kəsin bilməsi lazım olan ondan ibarətdir ki, əgər dənizdə və dəniz sahilində insanlar arasında vacib olan məsafə qorunmazsa təbii ki, yoluxmalar baş verər və dəniz suyu o yoluxmanın qarşısını almır.







Redaktorun seçimi