Koronavirusu yüngül keçirməyimizin daha bir səbəbi bu imiş... - Azərbaycanlı həkim elmi yeniliyi AÇIQLADI

Hit: 612
Koronavirusu yüngül keçirməyimizin daha bir səbəbi bu imiş... - Azərbaycanlı həkim elmi yeniliyi AÇIQLADI
Son günlərdə COVID-19 ilə bağlı olan elmi tədqiqatlarda bu xəstəliyi gizli və ya çox yüngül keçirən insanlarla bağlı müəyyən qənaətlər əldə olunub. Həmin araşdırmaların məzmunu və əldə olunan nəticələr barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Lent.az -a müsahibə verib.
 
- COVID-19-la bağlı elmi tədqiqatları zamanım olduqca izləyirəm. Vacib olan tədqiqatları isə dərindən incələməyə ciddi zaman ayırıram. Sizin toxunduğunuz məqam barədə də çox maraq doğuran bir elmi tədqiqatı Almaniyanın Berlin şəhərinin immunoloq və virusoloqları birgə aparıblar ki, yəqin ki, elmi ədəbiyyata da önümüzdəki günlərdə daxil olacaq. Tədqiqata başlamamışdan öncə ortaya qoyulan sual bu idi ki, niyə COVİD-19 virusuna yoluxmuş insanların hamısı bunu ağır formada keçirmirlər? Tədqiqatda insan immunitetində mərkəzi rol oynayan xüsusi qan hüceyrələrinin - T-hüceyrələrinin reaktivliyinin COVID-19 xəstələrində necə olması araşdırılıb. Bu tədqiqatda ortaya qoyulan başqa bir sual isə ümumiyyətlə, COVID-19-a tutulmayan insanlarda T-hüceyrəsinin reaktivliyinin necə olmasını aydınlaşdırmaq idi. Bunun üçün pandemiyadan öncə insanlardan alınmış T-hüceyrələri seçilib və müayinə olunub. Bu insanların 34 %-də müəyyən formada reaktiv T-hüceyrələri tapılıb. Sonra isə insanda soyuqdəymə və qrip simptomları yaradan öncədən tanıdığımız digər 4 növ Koronavirusun hissələrinin də T-hüceyrələrini müvafiq formada stimulə etməsi təsdiqlənib ki, burada da soyuqdəymə Koronavirusu ilə COVID-19 arasında müəyyən dərəcədə eynilik aşkarlanıb. Bu onu deməyə əsas verir ki, daha öncədən müəyyən formada qazanılmış immunitet indi xəstəliyin yüngül keçməsinin səbəblərindən biri ola bilər. Yaxud, daha öncədən soyuqdəymə və ya qrip simptomları yaradan Koronavirusa yoluxma insanı COVID-19-a yoluxmadan müəyyən mənada qoruya bilər. Amma tədqiqatçıların özlərinin də dediyi kimi, bu araşdırmanı səhv başa düşüb, insanların 34 faizinin artıq immuniteti olduğunu və xəstəliyə tutulmayacağını və ya bu xəstəlikdən ölməyəcəklərini söyləmək olmaz. Bunu, sadəcə, yuxarıda qeyd etdiyim kimi, virusa yoluxarkən xəstəliyi nəzərə çarpmadan və ya yüngül simptomlarla keçirmənin səbəblərindən biri kimi qəbul etmək lazımdır.
 
- Bu hal Azərbaycanda da keçərli sayıla bilərmi? Yəni, bizdə də xəstələrin bir qismi məhz bu səbəbdən yüngül keçiriblər deyə bilərikmi?
 
- Eyni səbəb, təbii ki, Azərbaycanda da ola bilər. Belə ki, daha öncədən soyuqdəymə və qrip simptomları ilə keçən digər bildiyimiz 4 növ Koronaviruslara yoluxmalar sonradan həmin insanların COVID-19 virusuna yoluxması zamanı onların müəyyən qisminin bunu ağır formada keçirməməsinə səbəb ola bilər.
 
Nəzərinizə çatdırım ki, artıq dünyada Pandemiyanın ölkələrə təsirini düzgün qiymətləndirmək üçün bu virusa yoluxub simptomları gizli və ya yüngül keçirənlərin sayı ilə bərabər, bu xəstələrin simptomları niyə belə gizli və ya yüngül keçirmə səbəbləri də araşdırılır. Yuxarıda bəhs etdiyimiz tədqiqatın nəticəsi həmin tutarlı səbəblərdən biri ola bilər.







Redaktorun seçimi