“Bu, ölkə başçısının bütün tibb işçilərinə, səhiyyəyə olan qayğısı və diqqəti idi”

Hit: 1153
“Bu, ölkə başçısının bütün tibb işçilərinə, səhiyyəyə olan qayğısı və diqqəti idi”
2020-ci il ölkəmizin sosial həyatında baş verən ən mühüm hadisələrdən biri olan və dünyanı bürüyən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinin genişlənməsi vətəndaş cəmiyyətləri tərəfindən təqdir edilir. Bu istiqamətdə atılan və diqqət çəkən addımlardan biri isə virusla mübarizədə həyatlarını riskə ataraq qəhrəmanlıq göstərən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oldu. Bu ölkə başçısının bütün tibb işçilərinə, səhiyyəyə olan qayğısı və diqqəti idi. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsaitin ayrılması isə, ölkə Prezidentinin hər bir vətəndaşı düşünməsi, milli təhlükəsizliyimizin öndə olmasını göstərməsinin təzahürüdür. Ayrılan vəsait, verilən sərəncam təkcə sahibkarlara, tibb işçilərinə olan qayğı deyil, bu ümumilikdə bütün vətəndaşlarımıza, iqtisadiyyata, cəmiyyətin sosial durumuna göstərilən həssas münasibət idi.
 
Ölkə gündəmi məlum virusla mübarizə olsa da ictimai-siyasi proseslər də öz axarı ilə davam edir. Bu günlərdə Prezident Administrasiyasından bütün siyasi partiyalara dialoq təklifin gəlməsi də təqdir edilməlidir. Cənab Prezident bunu çox mühüm addım kimi qiymətləndirib. Bu hadisə doğurdan da siyasi partiyalarla hakimiyyət arasında dialoqun mövcudluğunun çox mühüm bir hissəsidir. Azərbaycanda çoxpartiyalılıq sisteminin mövcud olması ölkəmizdə demokratik hüquqi dövlətin mövcudluğundan xəbər verir. Siyasi partiyaların gücləndirilməsi, siyasi partiyalarla ünsiyyətin genişləndirilməsi, ölkəmizdəki ictimai-siyasi məsələlərin müzakirə edilməsi, bir sıra məsələlərdə birgə mövqedən çıxış edilməsi, demokratik hüquqi dövləti əsas xarakterizə edən amillərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin də siyasətinin məhz əsas istiqamətlərindən biri də bu gün Azərbaycanda siyasi partiyalar arasında birgə siyasi münasibətlərin olması, bu münasibətlərin inkişaf etdirilməsi, dövlətçilik naminə, dövlətimizin dayanıqlı inkişafı naminə bu münasibələrin həmişə normal səviyyədə olmasıdır. Bu gün cənab Prezidentin qeyd etdiyi kimi aparılan bu dialoqda partiyaların əksəriyyəti böyük məmnuniyyətlə iştirak edib. Bunu özlərinin çox mühüm bir vəzifəsi kimi qəbul ediblər. Amma təəssüflər olsun ki, bəzi siyasi partiyalar, xüsusilə də radikal düşərgədə olan partiyalar bu görüşdən bu və ya digər bəhanələrlə, qondarma səbəblərlə boyun qaçırıblar. Vətəndaş cəmiyyəti olaraq hesab edirik ki, radikal düşərgədə olan bu partiyalar yalnız sosial şəbəkələrdə hansısa siyasi fəaliyyətlə məşğul deyil, burada hay-küy salmaqla məşğuldurlar. QHT-lər ölkə gündəmini, ictimai-siyası prosesləri daima izləyir, aparılan islahatları, seşki proseslərini də yaxından müşahidə edirlər. Bir müddət öncə yekunlaşan növbədənkənar parlament seçkilərində 1300-dən çox namizədin deputat mandatı uğrunda mübarizəyə qoşulmasını isə demokratiyanın təzahürü kimi qiymətləndiririk. Ümumilikdə isə son mühüm siyasi hadisə olan seçkilərin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirməsi kimi dəyərələndiririk.
 
Çünki ölkəmizə bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı və bu demokratiyanın inkişafında önəmli addımdır. Parlamentin rəhbərliyində müxalifət nümayəndəsinin yer alması da cəmiyyətimiz tərəfindən müsbət qarşılanıb. Belə ki, müstəqillik dövründə Milli Məclisin vitse - spikerlərindən heç biri müxalifət partiyasının nümayəndəsi olmayıb. Bu hadisəni demokratiya yolunda atılmış uğurlu bir addım kimi qiymətləndiririk.
Onu da xüsusi olaraq qeyd etmək istərdik ki, altıncı çağırış Milli Məclisin ilk iclasında, müstəqillik tariximizdən bəri ilk dəfə olaraq parlamentə xanım spiker seçildi. Bir daha şahidi olduq ki, gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin başlıca məqsədlərindəndir. Hesab edirik ki, bu hadisə Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını artırmaqla yanaşı cəmiyyətimizin inkişafı və dövlət quruculuğu prosesində qadınların rolunu daha da gücləndirəcək.
 
Yaşar Hümbətov
"Qəbələ Əlillərə Dəstək" Xeyriyyə İB








Redaktorun seçimi