Dikdaban və yastıdaban ayaqqabı: - Nəyi bilməliyik?

277 dəfə oxunub
Dikdaban və yastıdaban ayaqqabı: - Nəyi bilməliyik?

Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,

Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.

 

Rubrikamızın bugünkü buraxılışınıda biz ayaqqabı haqqında danışacağıq. Ayaqqabıların qamət ve ümumi sağlamlığa təsiri haqqında danışanda çox vaxt ilk oncə dikdaban ayaqqabılar yadımıza düşür.
 

 

•    Dikdaban ayaqqabılar

 

 

Uzun zamandır xanımlar estetik səbəblərə görə dikdaban ayaqqabılar geyinirlər. Bu cür ayaqqabı xanımı daha hündürboy ve cazibədar göstərir. Gözəl və cazibədar olmaq hər bir xanımın  arzusu olsa da, eyni zamanda bu cür dikdaban ayaqqabı onu geyinən xanımın həm qamətinə, həm də ümumi sağlamlığına mənfi təsir göstərə bilər.

 


 

Dikdaban ayaqqabı bədənin ağırlıq mərkəzini qabağa çəkir. Onurğa və oynaqlar bunu kompensasiya etmək məcbüriyyətində qalır, onurğa və baş orta oxundan əyilir, çanaq və onurğanın döş hissəsi arxaya gedir, nəticədə bel, kürək və digər nahiyələrin əzələləri yüklənir və gərginləşir. Yeriş zamanı normal addımların uzunluğu ve tezliyi dəyişir – bu, normal bədən balansının pozulmasından xəbər edir. Balansın pozulması həm travmatik yıxılma riski yaradır,  həm də qamət dəyişikliklərinə yol açır. Ayaq biləyin hərəkəti dik dabanlı ayaqqabıda məhdudlaşır, eyni zamanda yeriş üçün bu oynağın hərəkəti çox vacıbdir. Ayağın  axill vətəri və baldır əzələlər qısalır ve bərkiyir. Pəncənin barmaq hissəsinə əlavə yük düşür və bu bir çox problemlərin yaranmasına, ya da kəskinləşməsinə yol açır. Bunların arasında böyük barmağın hallux valgus deformasiyası (el arasında «podaqra» deyilən, amma bu metabolik xəstəliklə əlaqəsi olmayan bir vəziyyətdir), nevroma və s. kimi xəstəlikləri qeyd etmək olar. Dizlər də əlavə gərginliyə düşür, oynağın iç strukturları daha tez zədələnməyə meyilli olur.
Beləliklə, bunlari nəzərə alaraq dikdaban ayaqqabı aşağıdakı vəziyyətlərdə sağlamlığınıza daha çox  mənfi təsir göstərir: bel ağrısı və oturaq sinirin sıxılması, skolioz və digər onurğa deformasiyaları, aşagı ətrafların oynaq və vətər xəstəlikləri (artroz ve tendinit) və s. Bu problemlərdən əziyyət çəkirsinizsə, dikdaban ayaqqabıdan çalışın, uzaq durun.


•    Yastıdaban ayaqqabılar

 


Yastıdaban ayaqqabılar son vaxtlar daha çox populyar olub. Dikdabandan yastıdabana keçilməsi daha sağlam bir alternativ kimi görünsə də, bu növ ayaqqabının  da müəyyən  mənfi  cəhətləri ilə rastlaşa bilərsiniz. Onların sırasında ən tez rast gəlinən ayaq pəncəsinin zədələnməsi və  plantar fasseitdir. Plantar fassiya dabanı ayaq barmaqları ilə  birləşdirən bağdır. Ayaq pəncəsinin altı normada yastı deyil, onun müəyyən forması var. Yastıdaban ayaqqabıda pəncəmiz bu formaya uyğun dəstək almayanda, bu bağ zədələnə bilər  və güclü ağrılar yaranar.
Yastıdaban ayaqqabının  anatomik formasını saxlayan içlik varsa, o yaxşı seçim ola bilər. İçlik də kifayət qədər yumşaq olmalıdır, tam sərt içlik ağrı və narahatçılıq verə bilər.


•    “Ortaq məxrəc” və məsləhətlər 

 


Balaca daban (2-4 sm) düz qamətə müəyyən dəstək verə bilir. Belin təbii S formasının  saxlanmasına kömək edir ve bel əzələlərinin gərginliyini azaldır. Eyni zamanda balaca daban ayaq əzəzlələrini müəyyən tonusda saxlayır. Ayaqlarda  venoz  sirkulyasiyası zəif  olan insanlarda bu müəyyən pozitiv effekt verə bilər - ayaqlardan maye çəkilməsinə yardımçı ola bilər.
Beləliklə, dress koda görə əgər siz dikdaban geyinməlisinizsə,  aşağıdakı məsləhətlərə fikir verin:
•    Ayaqqabı seçəndə dar burnu olanları seçməyin, yumru ve kvadrat formasına üstünlük verin (dar burunluda  daha çox sıxılma və zədələnmə olur)
•    Dabanlı ayaqabınızı qısa müddət  geyinin;
•    Dəri içlik olan ayaqqabılara üstünlük verin;
•    Təzə ayaqqabı seçəndə günortadan sonra alın - bu vaxtlarda ayağınızın ölçüsü maksimaldır;
•    3-4 santimetr dabana üstünlük verin.
Bu sadə tövsiyələr sizə düzgün ayaqqabı seçimi üçün kömək edə bilər. Siz bel, kürək ağrılarından və digər problemlərdən əziyyət çəkirsizsə,  əsas müalicəsi ilə əlavə ayaqqabı seçiminə də diqqətlə yanaşın.

 



Redaktorun seçimi