Üz dərisində sızanaqlar

Hit: 314
Üz dərisində sızanaqlar
Üzü tez-tez yumadıqda və kifayət qədər maye qəbul etmədikdə dəridə müəyyən problemlər ortaya çıxa bilər. Bununla yanaşı yeniyetməlik dövründə yaranan sızanaqların, yağlı dəridəki qara nöqtələrin aradan qaldırılması üçün dəriyə xüsusi qulluq etməyə ehtiyac duyulur. Həmin problemlərdən əziyyət çəkənlər hansı üsula əl ata bilərlər?
 
Bu barədə məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Ən yaxşısı təbii yollarla üzə qulluq olunmasıdır. Bunu ev şəraitində bal, yumurtanın ağı, xama və sair məhsullardan maskalar hazırlayıb üzə çəkməklə etmək olar”.
 
Dəridə yaranan xoşagəlməz hallardan ən çox rast gəlinəni sızanaqlardır. Həmin problemin həllində isə mütəxəssislər kosmetik müalicədən daha çox dərin analiz və düzgün müayinə olunmağı məsləhət görürlər, çünki bu hal daxili orqanların nasazlığından da xəbər verə bilər.
 
Həkim-dermatoloq daha sonra deyib: “Üz dərisində səpgilərin əmələ gəlməsi əsasən dərinin yağlı olması və onun nəfəs almaması ilə əlaqədardır. Sızanaqlar mədə-bağırsaq sisteminin xəstəlikləri nəticəsində də yarana bilər”.
 
Bütün bunlardan başqa mütəxəssislər gün ərzində üzü tez-tez yumağı və sağlam qidalanmağı məsləhət görürlər. Bir müddət sonra yaranan fərqi hiss etmək mümkündür. (AZƏRTAC)








Redaktorun seçimi