Maqnit qasırğası kimlərə daha çox təsir edir? - Həkimlərdən XƏBƏRDARLIQ

Hit: 306
Maqnit qasırğası kimlərə daha çox təsir edir? - Həkimlərdən XƏBƏRDARLIQ

Geomaqnit qasırğalarının orqanizmə bir çox mənfi təsirləri ola bilər. Bu, daha çox ürək, qan-damar və sinir sisteminə mənfi təsir edir. Atmosfer təzyiqində baş verən dəyişikliklər artıq çəkili, ürək-damar problemlərindən əziyyət çəkənlər, infarkt keçirmiş şəxslər üçün daha çox narahatlıq yaradır.

Faktor.az  e-tibb.az-a istinadən bildirir ki, bunu kardioloq Oqtay Musayev deyib. Onun sözlərinə görə, qeyd olunan xəstəliklərdən əziyyət çəkən, eləcə də yaşlı insanlar elektromaqnit dalğalarında olan dəyişiklikləri daha çox hiss edirlər.

Həkim bildirib ki, maqnit qasırğasının təsirləri əsasən bir neçə gün büruzə verir. Daha çox meteohəssas insanlarda təzyiqin birdən-birə dəyişməsi qeydə alınır. Bu müddətdə tamamilə sağlam insanlarda belə, qan təzyiqinin yüksəlməsi halları olur.

O, geomaqnit qasırğası gözlənilən günlərdə Günəş şüalarının birbaşa təsiri altında, açıq havada olmamağı, saat 10-dan 17-18-ə qədər bayıra çıxmamağı, sərin yerdə vaxt keçirməyi, gün ərzində 2 litrədək maye qəbul etməyi tövsiyə edib. Həkim vurğulayıb ki, təzyiq yüksəlməsi, ürək tutmaları, başqa hər hansı narahatlıq yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır.

Nevroloq Nailə Ələkbərova da qeyd edib ki, geomaqnit qasırğası nevroloji xəstəliklər içərisində əsasən insult riskini artırır. Aparılan tədqiqatlar göstərir ki, Günəşin solar aktivliyi artdıqca müxtəlif yaş qruplarında da insult riski artmış olur. Aşağı dərəcədə geomaqnit qasırğası 7-12 faizə qədər, güclü qasırğa isə 41 faizə qədər insult riskini artıra bilər.

Mütəxəssis əsasən, təzyiq, şəkər xəstələrini, infarkt, insult keçən şəxsləri diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, insult keçirən xəstələrin bu günlərdə qan təzyiqi, şəkər kimi əlavə problemlərini nəzarətdə saxlamaları məsləhətdir. Bundan başqa, qollarda, ayaqlarda gücsüzlük, görmə pozulması, baş ağrısı, kimi şikayətləri olanlar vaxt itirmədən həkimə müraciət etməlidirlər.

 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, 5-7 avqustda Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır.

Bildirilib ki, proqnoz dövründə (5 - 7 avqust) Günəş küləyi parametrlərinin nisbətən güclənəcək: "STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə küləyin sürəti 575 - 600 km/san-yə qədər artacaq. Proqnoz dövründə ilk iki gün (5, 6 avqust) müsbət qütblülüyə malik CH HSS effektinin təsiri ilə G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Sonuncu proqnoz günü isə (7 avqust) geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək. Ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir". 









Redaktorun seçimi