Diareya, növləri və onun müalicəsi

50 dəfə oxunub
Diareya, növləri və onun müalicəsi

Açar sözlər: xroniki diareya, növləri, diareyanın müalicə üsulları.

İshal və ya diareya (yunanca "diarrhea" - "axıram" sözündəndir) - nəcisin miqdarında suyun və defekasiya aktının (gündə üç dəfədən çox) artmasıdır. Ürəkbulanma, qusma və qarın nahiyəsində ağrı ilə müşahidə olunur.

Diareyanın səbəbləri.

İnfeksiya (bakteriya, virus, qurd invaziyaları), antibiotiklərin qəbulu, nevroloji səbəblər (stress və s.), nazik və yoğun bağırsağın xəstəlikləri, qaraciyər, öd kiisəsi, mədəaltı vəzi xəstəlikləri, müxtəlif endokrin səbəblər.

Diareyanın əlamətləri.

Diareyanın ümumi əlamətlərinə aiddirlər: sulu nəcis, tez-tez nəcis ifrazı istəyi, susuzluq, halsızlıq, ürəkbulanma, qusma, bədən hərarətinin yüksəlməsi, qarın ağrısı ve meteorizm.

Diareyananın növləri.

Diareya kəskin və xroniki formada özünü biruzə verir. Bir həftədən az davam edən diareya kəskin diareya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır.

 

Xroniki diareya - enteral (nazik bağırsaq mənşəli ) və kolitik (yoğun bağırsaq mənşəli) olur.

Nazik bağırsaq mənşəli ishal zamanı insanda gün ərzində defekasiya sayı az olur (gündə 2-3 dəfə), lakin xaric olan nəcis kütləsinin miqdarı çox olur. Bəzən nəcisdə qida qalıqları aşkar olunur. Steatoreya (nəcisdə yağların miqdarının artması) müşahidə edilir. Bu hala əsasən mədəaltı vəzin fermentativ pozğunluğu və ümumi öd axarının daşı zamanı rast gəlinir. Yoğun bağırsaq mənşəli ishal zamanı isə gün ərzində defekasiya sayı çox olur (gündə 4-10 dəfə), lakin xaric olan nəcisin miqdarı az olur. Həmçinin nəcisdə bol selik, bəzən qan müşahidə edilir.

İshalın digər çox rast gəldiyimiz bir növü "hiperkinetik" ishaldır. Bu cür ishala əsasən "qıcıqlanmış bağırsaq sindromu" olan insanlarda rast gəlinir. Əsas səbəbi psixonevroloji pozğunluqdur.

Nə zaman həkimə getməliyik?

Bədən hərarəti yüksələrsə, orta dərəcədə və ya şiddətli qarın ağrısı, qanlı ishal olması, 48 saat keçməsinə baxmayaraq heç bir yaxşılaşma əlaməti göstərməyən ishal varlığı, orta və ya ciddi dehidratasiya əlamətlərinin olması (hipotenziya, sidik ifrazında azalma, şüur pozğunluğu kimi), ağızdan maye və qida qəbulunu əngəlləyəcək qədər intensiv qusma olması vəziyyətlərində həkimə (pediatr, infeksionist, qastroenteroloq) müraciət edilməlidir. Profilaktik məqsədilə çoxlu miqdarda maye qəbulu, probiotik və simbiotiklərin istifadəsi, pəhriz tövsiyə olunur.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.



Redaktorun seçimi