Aralıq dənizi pəhrizindən imtina piylənməyə gətirib çıxara bilər
FAO-nun məlumatına görə, Avropada son 40 ildə qəbul edilən gündəlik kilokalorinin miqdarı adambaşına 2960-dan 3340-a qalxıb. Yunanıstan, İtaliya, Portuqaliya, Kipr və Malta kimi ölkələrdə gündəlik rasionun enerji dəyəri 30 faiz artıb. İspaniya və Portuqaliya əhalisinin yarısından çoxu artıq çəkidən əziyyət çəkir, Yunanıstanın da sakinlərinin əksəriyyəti bu problemlə qarşılaşıblar.
Faydalı pəhrizlərin çoxu Aralıq dənizi pəhrizi kimi yerli qida məhsullarına əsaslanır. Lakin qloballaşma əsrində bu ənənə keçmişdə qalır. Axı qida məhsullarını şəxsi torpaq sahəsində yetişdirməkdənsə, xaricdən idxal etmək çox vaxt daha ucuz başa gəlir. FAO rəhbəri bildirib ki, bu, "piylənmənin qloballaşmasına" çevrilir və emal edilmiş məhsullardan həddən artıq istifadə ilə birbaşa bağlıdır.
Mütəxəssislər Aralıq dənizi ölkələrinin ənənəvi pəhrizdən imtinasına təsir edən amillər arasında, həmçinin əhalinin gəlirlərini, ərzaqların çeşidlərinin artımını, supermarketlər şəbəkəsinin genişlənməsini və yemək hazırlamaq üçün vaxt çatışmazlığını göstərirlər.