Dünyanın ən qəribə xəstəliklərindən biri - SU ALLERGİYASI

1020 dəfə oxunub
Dünyanın ən qəribə xəstəliklərindən biri - SU ALLERGİYASI

Hamımızın bildiyi xəstəliklərdən başqa, elə xəstəliklər var ki, onların adını belə eşitməmişik. Nadir olduqları qədər, qəribədirlər də. Onlardan bəlkə də ən qəribəsi su allergiyası, yəni “Aquagenic urticaria”dır.

Qızarıqlıq, səpkilər, qızartı, narahatlıq…

Nəzərə alsaq ki, bədənimizin 70%-i sudur və sağlam olmaq üçün gündə ən az 2 litr su içməliyik, su allergiyası olmaq dəhşətli səslənir. Nadirən də olsa, bu xəstəlikdən əziyyət çəkənlər var. Bütün allergiya növləri kimi, su allergiyası da özünü klassik simptomlarla göstərir. Hər dəfə su ilə təmas edən dəridə qızarıqlıq,yüngül, kiçik səpkilər, bəzən qaşıntı və narahatlıq. Təkcə su yox, tər, göz yaşı, tüpürcək və hətta meyvə şirəsi ilə təmasda da bu əlamətlər müşahidə oluna bilər. Bu əlamətləri özündə müşahidə edənlər su allergiyasından şübhələnə bilərlər.

Diaqnoz necə qoyulur?

Həkimlər su allergiyası diaqnozunu qoymaq üçün fərqli metoddan istifadə edirlər. Əvvəlcə bədənin üst hissəsini 30 dəqiqə 35 dərəcə suya məruz qoyurlar. Sonra qol və bilək nahiyələrinə buz parçası və isti suda islanmış yaylıq qoyaraq fərqi müşahidə edirlər. Çünki bəzən problem su allergiyası yox, istiyə, yaxud soyuğa qarşı reaksiya ola bilər.

Müalicəsi…

İlk dəfə 1964-cu ildə Valter B. Şalley tərəfindən raport edilən xəstəlik haqqında çox az araşdırılma aparılıb. Bu günə qədər dəqiq səbəbi, sudakı hansı maddənin allergiyaya səbəb olduğu tapılmayıb. İl ərzində cəmi bir neçə su allergiyası halı qeydə alınır. Bu da araşdırmaları çətinləşdirir. Təbii olaraq, heç bir müalicəsi də yoxdur. Klassik antiallergiya dərmanları və kremlərlə simptomları müalicə olunur. Mümkün qədər az su ilə təmas tövsiyə olunur.

Bəs çiməndə necə?

Su allergiyasından əziyyət çəkənlər barəsində ən çox verilən sual necə vanna qəbul etdikləridir. Macarıstanlı fotoqraf Valentina Bons (25 yaş) 17 yaşından bəri su allergiyasından əziyyət çəkir. Onun dediyinə görə, ən böyük problem isti yay aylarında öz tərinə allergik reaksiya verməkdir. Bu zaman qaşıntılı və ağrılı qızartılardan əziyyət çəkir. Necə duş qəbul etdiyini isə belə açıqlayır: “Yay aylarında soyuq su ilə duş qəbul edirəm. Qışda isə vəziyyət çətinləşir. Ya nəm dəsmallarla bədənimi silirəm, ya da maksimum 3 dəqiqəlik ilıq duş qəbul edirəm. Hər dəfə saçlarımı ayrıca yuyuram. Köpük vannası qəbul etməyi çox sevdiyimə baxmayaraq, ildə cəmi iki dəfə edə bilirəm – Yeni il və ad günümdə...”

Nə etməli?

Su allergiyasından əziyyət çəkənlərə yağışlı günlərdə çölə çıxmamaq, isti havalarda yüngül geyinmək tövsiyə olunur. Su ilə təması minumuma endirmək və təmasdan əvvəl dəriyə qoruyucu krem çəkmək vacibdir.

Cəmilə Məmmədli

 



Redaktorun seçimi