Sağlam qidalanma üçün gündəlik menyuda NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK?

Hit: 477
Sağlam qidalanma üçün gündəlik menyuda NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK?

Qədim ingilis atalar sözündə deyilir ki, səhər yeməyini tək ye, günortanı dostlarınla böl, axşam yeməyini isə düşmənlərinə ver. Amma dövr dəyişdikcə insanların həyat tərzi də dəyişməyə başladı. Əksəriyyətimiz günün böyük hissəsini işə həsr edir, düzgün qidalanmağa fikir vermirik. Yorğun halda evə getdikdən sonra isə bu sual qarşısında çıxılmaz vəziyyətdə qalırıq: "Görəsən axşama nə bişirək?" Əslində, bu problemdən yalnız işləyən insanlar əziyyət çəkmir. Bəzən hətta evdar qadınlar da bu sualı özlərinə verirlər? Bəs görəsən, sualın ideal cavabı nədir? Ümumiyyətlə, gündəlik menyu necə tərtib edilməlidir ki, həm dadlı olsun, həm sağlam.

Faktor.az gencaile.az-a istinadən bildirir ki, mövzu ilə bağı dietoloq Tutu Zeynalova fikirlərini bildirib.

Müsahibimiz bildirdi ki, ailənin günlük menyusunu  əvvəlcədən tərtib etmək lazımdır: "Əslində, hər gün səhər, günorta, axşam yeməyinin vaxtında yeyilməsi mütləqdir. Bunların içərisində səhər yeməyi özünəməxsus yer tutur. Adətən, çalışan insanlar işə tələsdikləri üçün səhər yeməyindən imtina edirlər. Valideynlər özləri işə ac getməklə yanaşı, uşaqlarını da bağçaya, məktəbə ac göndərirlər. Bu, qətiyyən yolverilməz haldır. Səhər yeməyində protein, karbohidrat və yağ qəbul edilməlidir. Yaxşı olardı ki, səhər menyusunda  yumurta, kəsmik, qaymaq və digər süd məhsullarına üstünlük verilsin. Sıyıq, kərə yağı, zeytun da bu səhər yeməyi üçün faydalı ərzaqlardır. Günorta yeməyində isə proteinə üstünlük verilməlidir. Bu öyünün menyusu tərtib edilərkən ət, toyuq, balıq məhsullarına üstünlük verilməsi məqsədəuyğundur. Həftədə iki dəfə balıq əti əsas yeməklərin tərkibində olmalıdır. Ətin yanında isə müxtəlif qarnir və şorbalardan istifadə etmək olar. Əslində, yemək seçimi zamanı alternativlərin sayı çoxdur. Sadəcə olaraq, bu haqda əvvəlcədən fikirləşmək lazımdır. Günorta və axşam yeməklərində xüsusilə bol tərəvəzli salatlardan istifadə edilə bilər. Xanımlar menyu tərtib etməkdə çətinlik çəkirlərsə , "boşqab" modelindən istifadə edə bilərlər. Belə ki,  günorta və axşam yeməyində boşqabın yarısı tərəvəz, qalan yarısında isə ət və  digər məhsullar ola bilər".

Dietoloq deyir ki, hər şey düzgün planlaşdırmadan asılıdır: "O ki qaldı axşama nə bişirməyə, əslində, bu, hər kəsin öz yaradıcılığından asılıdır. Əslində, axşama müxtəlif çeşiddə  yemək hazırlamaq mümkündür. Şorba, yaxud salatlar seçimlər arasında ola bilər. Önəmli olan, düzgün qidalanma planının tərtib edilməsidir. Axşam yeməyindən sonra qatıq və ya ayran qəbul edilə bilər. Bu məqamda meyvənin əhəmiyyətini də qeyd etmək lazımdır. Gün ərzində ən azı 3 porsiya meyvə yeyilməlidir. Meyvə və tərəvəz birlikdə  gündəlik menyumuzun 5-7 porsiyasını təşkil etməlidir. Bəzən qadınlar qaş qaralanda fikirləşirlər ki, axşama nə bişirim? Bunu axşam saat 6-da fikirləşmək lazım deyil. Yaxşı olar ki, gündəlik menyunu tərtib edərkən bu məsələni diqqətdə saxlasınlar. Bəziləri deyir ki, mən işləyirəm və buna görə də yemək bişirməyə vaxt tapa bilmirəm. Əslində, hər şey düzgün planlaşdırmadan asılıdır. Axşam yeməyini əvvəlcədən hazırlayıb soyuducuya qoymaq mümkündür. Ən pis halda, evdə olan tərəvəzlərdən və digər məhsullardan istifadə etməklə doyumlu axşam yeməyi hazırlamaq mümkündür. Məsələn, müxtəlif növ tərəvəzlərdən hazırlanan salata tuna balığı əlavə etməklə, dadlı axşam yeməyini təqdim edə bilərsiniz. Qısa müddətdə hazır olan  qarnirlər də seçimlər arasındadır. Həddən artıq məşğul insanlar axşam yeməyini çox vaxt evdə yeyə bilmir. Bu halda çalışmaq lazımdır ki, sağlam qidaya üstünlük verilsin. Məsələn, axşam yeməyinə pizza əvəzinə daha sağlam seçimlər etmək olar. Qeyd edim ki, axşam yeməyi hazırlanarkən evdəki uşaqlara və onların yaş qruplarına da diqqət yetirmək lazımdır. Çünki uşağın qida mədəniyyəti ailədən formalaşır. Gün ərzində fastfud qəbul edən uşağa sağlam qidadan danışmaq mənasızdır. Valideynlər qida mədəniyyətini uşaqlarda erkən yaşlarda formalaşdırmalıdırlar. Nə qədər işiniz olsa da, axşam yeməyini ailənizlə birgə sağlam qidalarla qəbul etsəniz daha yaxşı olar. Çünki özümüz bu ənənəni formalaşdırmasaq, uşaqlardan bunu tələb etməyə haqqımız yoxdur".









Redaktorun seçimi