Kardioloqdan SOS: “Ürək xəstəlikləri gəncləşir - MÜSAHİBƏ

Hit: 1361
Kardioloqdan SOS:  “Ürək xəstəlikləri gəncləşir - MÜSAHİBƏ

Bütün dünyada olduğu kimi, Azərbaycanda da 2018-ci ildə ölümlərin bir nömrəli səbəbi ürək-damar xəstəlikləri olub.

Faktor.az  xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rəşad Mahmudov məlumat verib.

R.Mahmudovun sözlərinə görə, çox zaman dializ olunan xəstələr belə sonda ürək-damar çatışmazlığından dünyasını dəyişir: "Ürək-damar xəstəlikləri ilə mübarizə səhiyyə ilə bağlı nəticələrin yaxşılaşmasına töhfə verir”.

Bəs ürək xəstəliklərinin əsas səbəbləri nədir ? Hansı müayinə, müayinə üsulları var?  Ürək sağlamlığını necə qorumaq olar?

Bu və ya digər sualları Faktor.az-a kardioloq-aritmoloq  Günay Rəhimova  cavablayıb.

 Onun sözlərinə görə, ürək da xəstələrin sayının günü-gündən artır:

 “Daha çox  35-45 yaş aralığında şəxslərdə qəfil infarktlar çoxalıb.  Əksər  vaxt pasientin heç bir şeydən xəbəri olmur, əvvəlcə heç bir əlamət hiss etmir, check-up müayinələrdən də keçmişəm deyir, ancaq qəflətən ürək tutması baş verir. Bəzən də, sinəmdə göynəmə var deyir, anidən dünyasını dəyişir. Bu bizim üçün infarktın göstəricisi olur”.

Kardioloq deyir ki. ürək müəyyən  siqnallar verir, sadəcə biz buna diqqət etmirik: “Sinədə az da olsa göynəmə, pis nəfəs alma, gecə yatanda anidən boğulmalar,  ailədə irsi faktorlar  ürək xəstəliklərinin göstəricis ola bilər”.

“İrsi faktor mühüm rol oynayır”

Kardioloq  irsiyyət faktorunu xüsusi vurğulayır: “ Əgər irsi faktorlar varsa, pasient heç bir şikayəti olmadığı halda belə gəlib mütləq yoxlanmalıdır. Ailəvi hiperxolesterinemiya (qanda xolesterin səviyyəsinin həddindən artıq yüksəlməsi) var.  Bu zaman xəstənin heç bir şikayəti olmur, ancaq xolestrin yoxlandıqda normadan 5-10 dəfə artıq çıxır.  Çox zaman xəstə qidasına, həyat tərzinə diqqət edir, ancaq sorğu- sual etdikdə deyir ki,  bizim nəsildə əmim, dayım 40 yaşına çatmayıb. Yaxınlarından kimsə ya yatıb qalxmır, ya sükan arxasında dünyasını dəyişmiş olur. Bu zaman xolestrin yüksək olur, damarlar tutulur, trombdan söhbət getmir.

“Energetik içkilər ürəyə zərərdir”

Kordioloq bildirir ki, energetik içki səbəbindən infarktlar a da rast gəlinir: “ Elə bu yaxınlarda bir  xəstədə bu hala rast gəlinib. Özü bildirib ki, həmin gün 5-ə qədər energetik içki içib. Xoşbəxtlikdən həkimə tez çatdırılıb, damarlar açılıb, xəstə həyata qaytarılıb”.

“Ən informativ metod angioqrafiyadır”

Günay Rəhimova  müayinə üsullarından da danışır:

“Exokordioqramma və tredmil testlər ən gözəl müayinə metodlarıdır. Tredmil döşəmədə qaça-qaça kardioqramanın çəkilməsidir.  Exoda daha çox pozulmuş ürək funksiyası üzə çıxır-infarkt ,stend, damar tıxanıqlığı. Tredmil testlərlə isə 70-75 faiz nəticə əldə etmək olur. Ən informativ metod isə angioqrafiyadır. Ancaq, hər xəstəni də  angioqrafiya etmək olmaz.  Bunun üçün ciddi göstəricilər olmalıdır ki,  başında irsiyyət durur.

“Ürək xəstəliklərinin yaşı gəncləşib”

Kardioloq ürək xəstəlikləri yaşının gəncləşdiyinə də diqqət çəkir:

“21 yaşında infarkt olan  insan var. Baxırsan xəstə  idman, düzgün həyat tərzi sürür, qidalanması normaldır, siqarət çəkmir, pis vərdişləri yoxdur. Araşdırırdıqda məlum olur ki, nəsildə bu hal olub”.

Müalicə üsulları

Günay Rəhimova müalicə üsulları barədə məlumat verir:

“İlkin müayinələr zamanı problem üzə çıxırsa , üzə angioqrafiya edilir.   Bu zaman üç nəticə çıxa bilər. Damar az daraldıqda dərman müalicəsi təyin olunur. Damar çox tutulduqda  isə stend də taxıla bilər, açıq ürək əməliyyatı da ola bilər. Ancaq, xəstələr  hər iki halda həyatını dərmanla davam etdirməli olurlar”.

“Duz qida rasionundan çıxarılmalıdır”

Həkim bildirir ki, dərmanla yanaşı, qidaya da diqqət edilməlidir: “Yağsız qidalar istifadə olunmalıdır, təzyiq varsa duz ümumiyyətlə qida rasionundan çıxarılmalıdır.  Əgər xəstə təzyiqə görə 3-4 dərman içirsə, duz kəsildikdə bu say birə düşür.  Duz kristalları suyu toplayır, bədəndə şişkinlik artır, bu da  yüksək təzyiq yaradır.  Artıq çəki varsa, çəki  də normaya salınmalı, düzgün həyat tərzi aşılanmalıdır”.

Ürək sağlamlığını necə qoruyaq?

Kardioloq ürəyin sağlamlığını qorumaq üçün  bəzi məsləhətlər verir:

“İdmanla məşğul olmaq, çəkinin nəzarətdə saxlanması vacibdir. Siqaretdən, energetik içkilərdən, spirtli içkilərdən, narkotik maddələrdən uzaq durulmalıdır. Spirtli içkilərdən yalnız qırmızı şərab,çaxır qədərində içilə bilər ( 50-80mq) . Çünki bu içkilər damarları açır, spazmı müəyyən qədər götürür. Ancaq, vurğulayıram ki, qədərini aşmaq olmaz. Qırmızı ət yerinə balıq, digər dəniz  məhsullarına  üstünlük vermək lazımdır. Zeytun yağı, az şəkərli meyvələr, tərəvəzləri də yaddan çıxmaq olmaz”.

Şəfanə

 









Redaktorun seçimi