Bu il üçün olan zəhərlənmə statistikası - AÇIQLANDI

Hit: 630
Bu il üçün olan zəhərlənmə statistikası - AÇIQLANDI

2016-ci ilin əvvəlindən bu günə qədər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 454 xəstə daxil olub. Onların 332-si qəbul olunub. Həmin xəstələrin 15 faizi ağır, 70 faizi orta ağır, qalanları isə yüngül dərəcədə olub. Ölüm hadisəsi qeydə alınmayıb.

Faktor.az-ın məlumatına görə, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.

O qeyd edib ki, keçən il Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 402 xəstə qəbul olub. Onlardan 70 faizi orta ağır dərəcəsində, 10 faizi ağır dərəcəsində, qalanları isə yüngül dərəcədə olub. 1 ölüm hadisəsi baş verib. 

“Gündəlik müraciətlər davam edir və dəm qazı ilə zəhərlənənlərin sayında keçən illə müqayisədə azalma müşahidə olunur. Dəm qazından zəhərlənənlər əsasən cavan və orta yaşlı, təxminən 20-40 yaş arası insanlardır. Zəhərlənmə ən çox qapalı mühitdə, hamam otağında baş verir. Çox vaxtı gənc qız və oğlanlar təcili yardımın hadisə yerinə tez çatmasına baxmayaraq, həyatlarını itirirlər. Bu baxımdan heç bir tədbir görə bilmirik. Ümumiyyətlə, ölüm hallarının əksəriyyəti təcili yardım və hadisə yerində baş verir”. 

Baş toksikoloq vətəndaşlara diqqətli olmağa çağırıb:  

“Vətəndaşlar ayıq olsunlar, hamam otaqlarında nəfəslik açıq olmalıdır, ventilyasiya işləməlidir. Hadisə baş verərkən mütləq ilkin yardım edilməli və xəstə qapalı mühitdən tez bir zamanda çıxarılmalıdır. Huşu üstündədirsə, xəstə təmiz havaya çıxardılmalı, sonra üst-başını örtüb, isti içki vermək lazımdır və mütləq həkim çağırılmalıdır". 



A.Maqsudov qeyd edib ki, rayonlardan zəhərlənmə ilə əlaqədar hər həftə 10-12 müraciət daxil olur:

“Dəm qazı ilə zəhərlənmələr zamanı əsas fəsadlar sinir mərkəzləri ilə bağlı olur. Zəhərlənmə zamanı sinir mərkəzlərinin funksiyasını itirməsi halları baş verir və onların bərpası uzun müddət tələb edir. Xəstə nə qədər tez mütəxəssisin nəzarətinə çatdırılsa, o qədər tez nəticə olar”.

Azər Maqsudovun sözlərinə görə, bu il sirkə turşusu zəhərlənməsi ilə bağlı 8 nəfər dünyasını dəyişib.

“Həyatını itirən xəstələr xəstəxanaya çox ağır vəziyyətdə gətirilib və bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yay mövsümündə zəhərli göbələkdən zəhərlənmə ilə bağlı 26 xəstə müraciət edib və onlar arasında heç bir ölüm hadisəsi olmayıb. İlan sancması ilə bağlı isə bu il 114 xəstə müraciət edib”.

Baş toksikoloq onu da bildirib ki, intihar məqsədilə sirkə turşusu və dərman preparatları ilə zəhərlənmə ümumi toksikoloji müraciətlərin 3%-ni təşkil edir. Bu rəqəm bütün illər ərzində 3-4% olur. 

Sirkə turşusundan zəhərlənmə ən çox ailə-məişət münaqişəsi zəminində baş verir.

İl ərzində 68 uşaq zəhərlənmə ilə müraciət edib ki, onlardan 42 nəfəri dərman, qalanları isə dəm qazından zəhərlənmələrdir.

Alim Nemətoğlu //Faktor.az









Redaktorun seçimi