Cənub bölgəsində “Görülən işlər və qarşıda duran məsələlərə dair” regional toplantı

Hit: 344
Cənub bölgəsində “Görülən işlər və qarşıda duran məsələlərə dair” regional toplantı
Regionlarda yerləşən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tibbi və qeyri-tibbi personalın təlimlərə cəlb olunması, uzman həkimlərin bölgələrə cəlb olunması və vətəndaşların keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması istiqamətində işlər davam etdirilir. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırıqlarına uyğun olaraq cənub bölgəsində yerləşən tibb müəssisələrinin mövcud vəziyyətini təhlil etmək, güclü-zəif tərəfləri və çatışmazlıqları müzakirə etmək məqsədilə regional toplantı keçirilib.
 
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçirilən "Görülən işlər və qarşıda duran məsələlərə dair” regional toplantını giriş sözü ilə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov açıb. Müəssisə rəhbərlərinə müşavirənin əsas məqsədləri barədə məlumat verən A.Nəsirov TƏBİB-in prioritetlərindən danışıb və bildirib ki, xəstəxanaların  strukturunda baş verən uğurlu dəyişiklik və yenilik, həmçinin həkim potensialının gücləndirilməsi, stasionar və ambulator xidmətlərdə göstəricilərin müsbət istiqamətdə dəyişdirilməsi hələ də əsas tələb olaraq qalır. 
 
Hesabat çıxışı üçün ilk söz Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyevə verilib. Müəssisə rəhbəri icbari tibbi sığortaya keçiddən sonra xəstəxananın strukturunda baş verən dəyişikliklərdən danışıb, çatışmazlıqlar haqqında geniş məlumat verib.
 
Daha sonra direktor A.Kəlbiyev yeni yaradılan Regional Perinatal Mərkəzin fəaliyyətinə toxunaraq əldə etdiyi uğurlardan söz açıb.  O, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının fəaliyyətinin effektivliyinə də toxunaraq Ailə Sağlamlıq Mərkəzlərinin nəzdində stansiyaların yaradıldığını və əhalinin tibbi xidmətlərə əlçatanlılığının təmin olunduğunu söyləyib.
 
Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Əliyev xəstəxanada yaradılan yeni şöbələrdən, yenilənən infrastrukturdan danışaraq, xəstə qəbulunda ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunması barədə toplantı iştirakçılarına məlumat verib. Kadr potensialına toxunan direktor mövcud çatışmazlıqlar haqqında da çıxış edib.
 
Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev görülən işlər, qarşıda duran məsələlər haqqında çıxış edərək doğum, cərrahiyyə xidmətləri haqqında məlumat verib və aparılan yeniliklər əsasında laborator müayinələrdə 30% artım olduğunu diqqətə çatdırıb.
 
Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Oqtay Əmənullayev isə  2023-cü ilin ilk ayı ilə müqayisədə 2024-cü ilin ilk rübündə xəstə müraciətlərinin sayının iki dəfə artmasını müşahidə etdiklərini diqqətə çatdırıb. O.Əmənullayev, həmçinin xəstəxanada aparılan cari təmir işlərindən, icbari tibbi sığortaya keçiddən sonra baş verən  dəyişikliklərdən, kadr çatışmazlığının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb, yeni həkimlərin rayon mərkəzi xəstəxanalarına cəlb olunması mexanizmlərindən  bəhs edib.
 
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədov hesabat çıxışında yaradılan yeni şöbələr, infrastruktur, tibbi və qeyr-tibbi heyət haqqında danışıb. Cari ilin 3 ayı ərzində aparılan əməliyyatlar və xəstə qəbulu haqqında toplantı iştirakçılarını məlumatlandırıb.
 
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov çıxışında ölkə rəhbərinin səhiyyə sisteminə diqqətindən danışaraq toplantı iştirakçılarını müəssisədəki yenilik və çatışmazılıqlar haqqında məlumatlandırıb. O, xəstəxanada bir müddət əvvəl yeni yaradılan laboratoriya bölməsinin bölgə əhalisinin sağlamlıqla bağlı çətinliklərinə kifayət qədər müsbət təsir etdiyini bildirib.  
 
Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru Şirin Səmədova ilin ilk üç ayı üzrə  hesabatla çıxış edərək, kadr çatışmazlığının aradan qaldırılması, maliyyə dayanıqlığı, vətəndaş məmnunluğunun təmin edilməsi və s. istiqamətlərdə atılan addımlardan, yeniliklərdən söz açıb, həmçinin yaxın zamanlarda regional travmatoloji mərkəzin yaradılmasını planlaşdırdıqlarını vurğulayıb.
 
Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov isə çıxışında həssas və imtiyazlı əhali qrupunda yer alan əhalinin müayinə və müalicəsinin daha əlçatan olması istiqamətindən həyata keçirilən yeniliklərə toxunub,  bir müddət əvvəl müəssisənin yeni tibbi avadanlıqlarla təmin olunduğunu diqqətə çatdırıb.
 
Lerik Rayon Mərkəzi Xəstəxanasının direktoru Maqsud Ağayev  86 700 nəfərlik rayon əhalisinə xidmət edən xəstəxananın fəaliyyətindən bəhs edib.
 
Hesabatlar dinlənildikdən sonra TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov müşavirə zamanı səsləndirilən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsini tələb edib, bölgə xəstəxanalarında olan çatışmazlıqların minimuma endirilməsinin vacibliyini vurğulayıb. 
 
İcraçı direktorun müavini TƏBİB-in regionlarda çalışan həkimlərin davamlı tibbi təhsil prosesinə dəstək olmaq, onları yeni tibbi tədqiqatlar, müasir yanaşmalarla tanış etməklə əhaliyə səmərəli və keyfiyyətli tibbi xidmət göstərilməsinə çalışdıqlarını bildirib. O, region xəstəxanalarının maddi-texniki təminatının gücləndirilməsi, xaricdə təhsil almış uzman həkimlərin bölgələrə cəlb olunması istiqamətində də işlərin görüldüyünü vurğulayıb, bundan sonra da bununla bağlı görüləcək işlərin davam etdiriləcəyini söyləyib.








Redaktorun seçimi