Əczaçılıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

Hit: 193
Əczaçılıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib
Aprelin 24-də Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib. Konfransı giriş sözü ilə fakültə üzrə TEC-in rəhbəri, dosent Nərgiz Məmmədova açıb. 
 
O, konfrans iştirakçılarını salamlayaraq bildirib ki, fakültə TEC-in üzvləri ilboyu gördükləri işin hesabatını verəcəklər: “Tədbirimizə geniş şəkildə hazırlaşmışıq. Bu gün həm professor-müəllim heyətimiz, həm də tələbələr üçün əsl bayramdır. Konfransa təqdim edilmiş 43 elmi iş üzrə 20 qalibin seçilməsi nəzərdə tutulub. Təşkilatımız hər il qaliblərin qaliblərini seçir. Bu dəfə də belə olacaq. İldən-ilə iştirakçılarımızın sayı artır. Bu da universitet rəhbərliyinin tələbələrə elmi araşdırmalar, tədqiqat işləri aparmaq üçün yaratdığı əlverişli şəraitdən, diqqət və qayğısından irəli gəlir”. 
 
Dövlət Himni səsləndirildikdən və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətliyə söz verilib. F.Mədətli qeyd edib ki, universitetimizin inkişaf strategiyasının əsas prioritetlərindən biri olan Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindəki nailiyyətləri həm də fakültənin nailiyyətləri hesab etmək olar: “Bu istiqamətdə fakültəmizdə hər il müxtəlif işlər görülür və bu prosesə maraqlı insanlar cəlb olunur. Fakültənin professor-müəllim heyəti, TEC-in kafedralar üzrə dərnək rəhbərləri və TEC-in fakültə üzrə sədrinin ətrafında komanda şəklində toplanan tələbələrimiz bugünkü konfransı sanki bayram kimi gözləyiblər. Tələbələrimiz tədris ili başlayandan elmi rəhbərlərlə birgə işləyib, mövzuları seçib, kafedralarda müzakirə edib və s. təcrübi işlər görüblər. Nəhayət, qiymətləndirmə günü gəlib çatıb. 
 
Bilirsiniz ki, TEC yarandığı ilk gündən istedadların beşiyi olub. Təşkilat tələbələrin elmi fəaliyyətlərində, o cümlədən tədqiqat işləri aparmaq istiqamətində elmibacarıqlarını sınamaq üçün ilk platformadı. Bu istiqamətdə tələbələrə uğurlar diləyirəm”.
 
Fakültə TEC-in fəaliyyətini əks etdirən videoçarxnümayiş etdiriləndən sonra məruzələr dinlənilib. Sonda qaliblər seçilərək, diplomla mükafatlandırılıb.








Redaktorun seçimi