“Oynaqlarda ağrılar və xırçıltı hiss etdikdə nə etmək lazımdır” - AÇIQLAMA

Hit: 1429
“Oynaqlarda ağrılar və xırçıltı hiss etdikdə nə etmək lazımdır” - AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu Dr.Müseyib Əhmədov “Həkim məsləhəti” rubrikasında “Oynaqlarda ağrılar və xırçıltı hiss etdikdə nə etmək lazımdır” sualını cavablandırıb.

Xırçıldayan sümüklər, sızıldayan oynaqlar sizi narahat edirsə, dizlərinizdəki ağrı işləməyə, həyatdan zövq almağa imkan vermirsə, nə etməli, bu narahatlıqları necə aradan qaldırmalı? Sümük pozğunluqları yavaş-yavaş inkişaf edir və ilk simptomlar yalnız əhəmiyyətli patoloji dəyişikliklərlə ortaya çıxa bilər, buna görə də hər kəs uşaqlıqdan başlayaraq mütəmadi olaraq ortoped həkim tərəfindən müayinə edilməlidir. Əgər hərəkət zamanı ağrı ilə birgə şişkinlik də müşahidə edirsinizsə, oynaqlarda xırçıltı varsa,  bel ağrısı,  əllərin eyni vaxtda uyuşması, duruşun pozulması və yorğunluq,  hava dəyişdikdə öncədən ağrılar varsa, mütləq həkim-ortopedə müraciət etmək lazımdır.
Oynaq ağrıları qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Əsasən 50 yaşdan yuxarı xəstələrdə qeyd edilir. Xəstəlik vaxtında aşkar edilib müalicə olunmadıqda qığırdağın nazikləşməsi sümük başlarının bir birinə sürtülməsi ilə nəticələnir. Qığırdağın bu zədələnməsi ilə bağlı oynaqda kəskin ağrılar əmələ gəlir. Bu, osteoartrit xəstəliyidir, oynaqların aşınması deməkdir. Yaşlı insanlar buna kirəcləşmə də deyirlər. Bu zaman oynaqların qığırdaq toxumasının quruluşu pozulur, o aşınır və zədələnir. Daha çox diz, qalça, bilək və onurğa sütununda müşahidə edilir. 
 
Ağrıları azaltmaq üçün artıq çəkidən azad olmaq,  məsləhətdir.  Bir sıra vərdişləri dəyişmək də fayda verir. Məsələn, dizləri bükərək oturmaq vərdişini tərgitmək, xüsusən yaşlı insanların pilləkən əvəzinə liftlərdən istifadə etməsi, mümkün qədər yoxuşlu yollar əvəzinə düz yollarla getməsi məsləhətdir. Oturaq həyat tərzi keçirən insanlar daha çox açıq havada gəzməli, mümkünsə, yüngül addımlarla müxtəlif məsafələrə yürüşlər etməlidir.
 
Belə xəstələrə məsləhətim budur ki, dizlərində ağrılar get-gedə artırsa, hərəkət məhdudluğu varsa, dizdə şişkinlik müşahidə edilirsə, deformasiya hiss edəndə, pilləkən enərkən və qalxarkən, gecə yuxudan oyandıran diz ağrıları müşahidə edirlərsə,  mütləq həkimə müayinəyə getsinlər. Çünki, xəstəliyin vaxtında aşkar edilməsi və müalicəsi sizi normal fiziki aktiv həyata qaytarar və cərrahi müdaxilədən qoruyar.
 








Redaktorun seçimi