“Miokard infarktı barədə nə bilirik, vaxtında onun qarşısını necə almaq olar”

Hit: 712
“Miokard infarktı barədə nə bilirik, vaxtında onun qarşısını necə almaq olar”

Mərkəzi Gömrük Hospitalının kardioloqu Dr.Tamilla Əliyeva “Həkim məsləhəti” rubrikasında “Miokard infarktı barədə nə bilirik, vaxtında onun qarşısını necə almaq olar” sualını cavablandırıb.

İnfarkt ürəyi qidalandıran qan damarlarından birində qan təminatının tamamilə dayanması deməkdir. Nəticədə ürəyin o sahəsində əzələlər ölür.  İnfarkt üçün arteriyanın 15-30 dəqiqə qan vurmaması kifayət edir. 
 
Bu çox ciddi, həyati təhlükəsi olan xəstəlikdir. Belə ki, hüceyrələrin ölümü zamanı elə şiddətli ağrılar olur ki, pasiyentdə psixi pozğunluq da yaranır.
Miokard infarktın əsas simptomu döş qəfəsində yaranan sancılardır. Bu ağrı sol tərəfə, sol qola və alt çənəyə də vurur. Eyni zamanda bu hal ürək bulanması, qusma, ölüm qorxusu hissi ilə də müşayiət olunur. Stenokardiya zamanı pasiyentlərin qəbul etdiyi nitroqlesirin də ağrını azaltmır.
Döş qəfəsində ağrılarla yanaşı nəfəs daralması, ayaqların şişməsi, zəiflik də simptomlar sırasındadır. Bu simptomlardan birini belə müşahidə etdikdə dərhal həkimə müraciət etmək lazımdır.
 
Onu da qeyd edək ki, infarktın heç də bütün növləri ürək ağrısı ilə müşayiət olunmur. Bəzən bu, simptomsuz üzə çıxır. İnfarktın başlıca səbəbi ürəyin damarlarında qan laxtalarının meydana gəlməsidir ki, bu da ürəyin əzələ hüceyrələrində oksigen çatışmazlığı yaradır. Ürəyin işemik xəstəliyinin kəskin mərhələsi olan infarkt çox vaxt insanların ölümünə səbəb olur. Son illər bu problem bütün dünya səhiyyəsinin əsas problemlərindən biri olaraq qalır.
Miokard infarktının əsas səbəbi aterosklerozdur. Xolesterin damarların divarlarına yığılır və trombozun əmələ gəlməsini sanki təhrik edir. Koronar damar xolesterin lövhəsinin yırtılması və ya zədələnməsi səbəbindən tıxanır. Bu xəstəliyin səbəbləri arasında həm bədənin genetik xüsusiyyətləri, həm də yanaşı xəstəliklər və pis vərdişlərlə əlaqəli əldə edilmiş pozğunluqlar var. Yanaşı xəstəliklərə piylənmə, şəkərli diabet, təzyiqin pozulması, periferik damarların xəstəlikləri, pis vərdişlərə siqaret çəkmə, alkoqollu içkilərin qəbulu və narkomaniya aiddir. Yanaşı xəstəlikləri müalicə etməklə, pis vərdişlərdən əl çəkməklə, miokard infarktının qarşısını almaq mümkündür. Daha az rast gəlinən risk amilləri anemiya, qrip, dəm qazından zəhərlənmə, sepsis, sistemli vaskulit də müalicə edilə bilər. Ailədə ürəyin işemik xəstəliyinə tutulan bir nəfər varsa belə, ailənin digər üzvlərinin də həkimə müraciət etmələri, müayinədən keçmələri məsləhətdir.
İnsanlar ürək-damar xəstəlikləri haqqında müəyyən biliklərə malik olduqları halda həm özlərinin, həm də ətraflarında olan doğmalarının, tanışlarının sağlamlıqlarının qayğısına qala bilərlər.
 
Mərkəzi Gömrük Hospitalının İnvaziv kardiologiya və Kardiologiya şöbələrində diaqnostika və müalicə məqsədli poliklinik xidmətlər, koronar intensiv terapiya və ürək kateterizasiyası, koronar angioqrafiya laboratoriyası, mütəxəssis həkim, tibb bacısı və texniklər fəaliyyət göstərir. Burada ürək-damar xəstəliklərinin effektiv diaqnostikası, müayinə və müalicəsi təcrübəli həkimlər tərəfindən həyata keçirilir. Vaxtında aşkarlanan ürək-damar xəstəliyini erkən müalicə etdikdə, infarktın qarşısını almaq mümkündür.
 







Redaktorun seçimi